Qürurverici quruculuq və yüksəliş
İqtisadiyyat

Qürurverici quruculuq və yüksəliş

Biz dünyaya sübut etmişik ki, böyük xalqıq, öz taleyimizi özümüz həll edirik

Tarixi Zəfərimizin qazanılmasında qətiyyətli, prinsipial, milli maraqlara hesablanmış müstəqil, ardıcıl siyasət və güclü Azərbaycan amili əsas yer tutur. Prezident, müzəffər lider İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycanı güclü edən həm də ordu quruculuğu sahəsindəki mühüm işlər, hərbi sənayenin qurulması, iqtisadi inkişaf, maliyyə sabitliyi, enerji, ərzaq təhlükəsizliyi kimi məsələlərin həlli, ən əsası isə ölkəmizin sabitlik və təhlükəsizlik adasına çevrilməsidir. Azərbaycanın gücünə güc qatan mühüm məqamlardan biri də xalq-iqtidar birliyi, cəmiyyətin həmrəyliyi, vahid ideya ətrafında birləşməsidir. Növbədənkənar prezident seçkilərinin nəticələri də xalqın öz liderinə sonsuz inamını və yüksək dəstəyini göstərdi.

Azərbaycan Prezidenti İlham Əliyev martın 14-də keçirilən andiçmə mərasimində deyib: "2003-cü ildə verdiyim bütün vədlər yerinə yetirildi. Əldə edilmiş bütün nailiyyətlərin mənbəyi Azərbaycan xalqıdır, onun mənə göstərdiyi inam və onun vahid amal ətrafında birləşmə bacarığıdır. Biz doğrudan da bütün dünyaya sübut etmişik ki, böyük xalqıq, biz öz taleyimizi özümüz həll edirik, ölkə qarşısında duran problemləri özümüz heç kimin köməyi olmadan həll edirik və əsaslı şəkildə həll edirik". Dövlət başçısı qeyd edib ki, Azərbaycan hərbi sənayenin inkişafının birinci mərhələsini artıq uğurla başa vurub. Bunun ikinci mərhələsi daha genişmiqyaslı olacaq. Cari ildə bu məqsədlər üçün həm özəl, həm dövlət müəssisələri tərəfindən ən azı bir milyard manat sərmayə qoyulacaq. Azərbaycan Ordusu daha güclüdür və ötən ilin sentyabrında cəmi bir neçə saat davam edən antiterror tədbirləri bunun bariz nümunəsidir. Yeni reallıqlarla əlaqədar sərhədlərimizin təhlükəsizliyinin gücləndirilməsi, infrastrukturun yaradılması məsələləri prioritetdir ki, bu da Azərbaycanı xarici risklərdən qoruyur.

Prezident İlham Əliyevin postmüharibə dövrü üçün müəyyənləşdirdiyi layihələr uğurla reallaşır. Bu mərhələ çox mühüm çağırışlarla səciyyələndirilir. Belə ki, Azərbaycan illərdir topladığı gücü, qüdrəti, həyata keçirdiyi müstəqil siyasəti, qətiyyətli mövqeyi sayəsində reallıqları dəyişdi və qalib ölkə artıq şərtləri diktə edir. Təsadüfi deyil ki, respublikamız Cənubi Qafqaz və Xəzər dənizi hövzəsində iqtisadi və siyasi sabitliyin dayağı kimi qəbul olunur. Xüsusilə, 44 günlük İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar fonunda strateji tərəfdaşları ilə birgə yürütdüyü siyasət ölkəmizin geosiyasi aktor kimi çəkisini daha da artırır. Son 20 ildə yaranan potensial Azərbaycana Cənubi Qafqazın və ətraf regionun iqtisadiyyatını dəyişdirməyə qadir böyük layihələrin təşəbbüskarı olmaq imkanı verib. Ölkəmiz regional iqtisadiyyatın lokomotivi olaraq dünyada enerji təhlükəsizliyi ilə bağlı etibarlı tərəfdaşlardan birinə çevrilib, bölgədə iqtisadi rolu daha da yüksəlib, böyük uğurlar qazanıb. Həyata keçirilən dövlət proqramları dayanıqlı inkişafa təkan verir. Məhz Prezident İlham Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində bu gün Azərbaycan qlobal proseslərin mənfi təsirindən minimum itkilərlə çıxan azsaylı ölkələrdən biri olmaqla investorların maraq dairəsindədir.

İnnovativ və yüksək texnologiyalara əsaslanan sənaye müəssisələrini təşkil etmək, sahibkarlığı dəstəkləmək və istehsal sahəsində məşğulluğu artırmaq məqsədilə ölkədə yüzlərlə iri sənaye mərkəzləri, parklar və məhəllələr yaradılır. Həmçinin dövlət başçısının şəxsi müdaxiləsi nəticəsində 14 illik fasilədən sonra blokadada olan Naxçıvan Muxtar Respublikasına 2005-ci ildə təbii qazın nəqli təmin edilmişdir. Ölkənin hərtərəfli inkişafı üçün böyük əhəmiyyət daşıyan yol infrastrukturunun inkişaf etdirilməsi daim diqqət mərkəzində olmuş, magistral yolların, şəhərlərarası və kəndlərarası daxili yolların tikintisi, təmiri və yenidən qurulması işləri geniş vüsət almışdır. 2003-cü ildən başlayaraq Azərbaycanda 20 min kilometrə yaxın avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilmiş və ya əsaslı təmir edilmişdir. Çoxlu sayda körpülər və yol ötürücüləri salınmışdır. Ölkəmizdə 8 beynəlxalq hava limanı tikilmiş və yenidən qurulmuşdur. Laçın hava limanı istismara verildikdən sonra beynəlxalq hava limanlarının sayı 9-a çatacaq.

Prezident İlham Əliyev dövlət qurumlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara yüksək səviyyəli xidmətlərin göstərilməsi istiqamətində bir çox inqilabi islahatların müəllifidir. Bu qəbildən 2012-ci ildən sırf Azərbaycan brendi olan, gündən-günə bütün ölkə üzrə öz xidmət dairəsini genişləndirən "ASAN xidmət" əhalinin rahatlığının təmin edilməsi sahəsində dövlət siyasətini müvəffəqiyyətlə gerçəkləşdirir. Prezident İlham Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST mərkəzlərində 154 dövlət sosial xidmətləri bir pəncərədən, şəffaf, operativ, vətəndaş rahatlığı və sadə prosedurlar əsasında vətəndaşlara təqdim olunur. İndiyədək DOST mərkəzlərində bir milyondan çox vətəndaşa xidmət göstərilib və onun şəbəkəsi ilbəil genişlənir. İndiyədək Bakı şəhərini və Abşeron rayonunu əhatə edən 5 belə mərkəz açılıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun işğaldan azad etdiyi ərazilərdə də DOST konsepsiyasının tətbiqinə başlanılıb. Artıq Zəngilanın Ağalı kəndində ilk "Smart DOST" məntəqəsi istifadəyə verilib. Paralel olaraq, Bakı şəhərində sonuncu mərkəzin, həmçinin Şuşa, Sumqayıt, Gəncə, Bərdə, Quba və digər regionlarda mərkəzlərin yekun layihələndirmə-tikinti işləri aparılır. Azərbaycan brendi olan hər iki xidmət nümunəvi model kimi təqdir olunur.

Prezident İlham Əliyev dövlətimizin başçısı kimi fəaliyyəti dövründə xalqa verdiyi bütün vədləri yerinə yetirib, prezidentlik dövrünün zirvəsində isə təbii ki, işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası ilə nəticələnmiş Vətən müharibəsi dayanır. Qarabağda və Şərqi Zəngəzurda başlanılan quruculuq işləri intensiv şəkildə həyata keçirilir və işğaldan azad olunmuş torpaqlarımızda yenidənqurma prosesi sürətlə davam edir.

Qələbədən sonrakı üç il müddətində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarındakı bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 7 milyard ABŞ dolları məbləğində vəsait sərf olunub. Böyük Qayıdışa dair I Dövlət Proqramı uğurla icra edilir. Həyata keçirilən məqsədyönlü və genişmiqyaslı layihələr Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının sürətlə dirçəlməsinə, əhalinin dayanıqlı məskunlaşmasına və davamlı iqtisadi aktivliyin təmin olunmasına xidmət edir. Genişmiqyaslı bərpa-quruculuq işləri ilə yanaşı, yeni geosiyasi reallıqlar Azərbaycana regional nəqliyyat-logistika qovşağı kimi güclü mövqe qazandırır. Bu gün qalib Azərbaycan xalqı tarixinin ən şərəfli və qürurverici dövrünü yaşayır.

Mustafa KAMAL,

"Respublika".