“Banan respublikası
Siyasət

“Banan respublikası" regionu Qərbin plasdarmına çevirmək istəyir

Qərbin marioneti olmağa cəhd edən haylar yenə də, necə deyərlər, suyu bulandırmağa çalışırlar. Aprelin 5-də Brüsseldə Nikol Paşinyanın Antoni Blinken və Ursula Fon der Lyayenlə görüşünün iqtisadi sahədə əməkdaşlığın gücləndirilməsi ilə bağlı olacağı bildirilsə də, daha sonra gizli təfərrüatlar ortaya çıxmış, müştərək konfransın əslində Ermənistanı plasdarma çevirmək üçün baş tutduğu məlum olmuşdur. Rusiyadan uzaqlaşaraq üzünü Qərbə çevirən Ermənistan indi də İranla hərbi sahədə əməkdaşlığı möhkəmləndirmək istəyir.

Bu istiqamətdə Ermənistan parlamentinin üzvü Anna Qriqoryanın açıqlaması diqqət çəkir: "Ermənistan və İran arasında hərbi müqavilə imzalanmalıdır. Bu, İrəvanın təhlükəsizlik probleminin həlli üçün olduqca vacibdir". Bu bəyanat özlüyündə müəyyən suallar doğurur. İlk növbədə, belə anlaşılır ki, Ermənistanın hələ də təhlükəsizliklə bağlı problemi mövcuddur və Ermənistan boş vədlərə inanaraq ölkəsinin münaqişə mərkəzinə çevrilməsinə göz yumur. Üstəgəl, görünən odur ki, Ermənistan regionda sülh istiqamətində irəliləyiş etməyə çalışsa da, digər tərəfdən özünə hərbi tərəfdaş axtarır. Rəsmi Tehranın regional sərhədlərin qorunması məsələsi ilə bağlı qırmızı xətt bəyanatı hər kəsə məlumdur. Belə olan halda İrəvan da ümid edir ki, bu məsələdə İran xüsusi aktivlik nümayiş etdirə bilər.

İndiki halda bu açıqlama müxalifətin sülh prosesinə kölgə salması cəhdidir. Bu fikirlər daxili auditoriyanı manipulyasiya etmək kimi də dəyərləndirilir. Çünki İrəvanda müxalifətin böyük qismi Qərbdən aldıqları təlimatlarla fəaliyyət göstərir və hər vəchlə çalışırlar ki, rəsmi İrəvan, Bakı və Ankara arasında münasibətlər normallaşmasın. Bu təşəbbüs parlamentdə hər zaman ekstremist təkliflərlə çıxış edən müxalifət Hayastan partiyasından gəlib. Ona görə də bu məlumat ictimai şüuru çaşdırmaq xarakteri daşıyır. Nəzərə alsaq ki, 5 aprel tarixində Ermənistanın baş naziri artıq Qərbdəki dairələrlə müəyyən razılaşmalar əldə edib, hansı ki, bunlar hamısı "demokratik düşərgə nümayəndələri"dir. Bundan sonra Ermənistanın hazırkı hakim partiyanın gedib İranla hərbi pakt imzalaması absurd səslənir.

Müxalif partiyanın nümayəndəsi Anna Qriqoryan açıqlamasında İranın Ermənistanın ərazi bütövlüyünü qoruyub saxlamaqla bağlı bir neçə dəfə bəyanatlar verməsi məsələsinə də diqqət çəkib. O, hesab edir ki, iki ölkə arasında münasibətlər hələ də çox yüksək inkişaf potensialına malikdir. Üstəgəl, ermənistanlı deputat ölkəsində hər an yeni müharibə şəraitinin yarana biləcəyini istisna etmir. Bu baxımdan rəsmi İrəvan ən yaxın region qonşusu Tehranla hərbi əməkdaşlığının zəruri olduğu qənaətindədir. Həmçinin müşahidələr onu deməyə əsas verir ki, son aylarda İran və Ermənistan əlaqələri ən yüksək səviyyədədir. Rəsmi Tehran və İrəvan hazırda iqtisadi sahədə bir sıra layihələrdə tərəfdaşdır. O cümlədən, İran Ermənistana təbii qaz, neft məhsulları, avtomobil yanacağı ixrac edir. Üstəgəl, Tehranın pərdə arxasında Qərbdən gizli silahların İrəvana ötürülməsində rol oynaması da heç kəsə sirr deyil. Həmçinin Zəngəzur dəhlizi ilə bağlı məsələlərə də İran isti münasibət göstərmir. Bütün bu amillər fonunda İranın Ermənistanla hərbi əlaqələri möhkəmləndirməklə bağlı məsələlərə hansı mövqedə yanaşacağı müəyyən suallar meydana çıxarır.

İranda erməni lobbisi və Ermənistanda isə İran lobbisi fəal şəkildə çalışır. Rəsmi Tehran bu gün hər zamankından daha çox yalqızdır və təzyiq altındadır. Əlavə olaraq, İranın Ermənistanla bu müqaviləni imzalaması açıq şəkildə Türkiyə və Azərbaycana düşmənçilik mesajı verməkdir. İran Ermənistan üçün bunu gözə ala bilməz. Qeyd etmək yerinə düşər ki, bundan öncə mətbuatda Tehran və İrəvan arasında təhlükəsizlik sazişi çərçivəsində İranın Ermənistanda hərbi baza yaradacağı ilə bağlı informasiyalar da yayılıb. Daha sonra İran rəsmiləri bu məlumatı təkzib etsələr də zaman-zaman bu istiqamətdə məlumatlar gündəmi zəbt edir. Bütün bu amillər göstərir ki, iki ölkə arasında açıq müstəvidə hərbi əməkdaşlıq olmasa da pərdə arxasında hansısa razılaşmaların mövcudluğu ehtimalı yüksəkdir.

Ermənistan özünün "banan respublikası" mövqeyindən əl çəkmək istəmir, regionun sabitliyi üçün militarizasiya siyasətinə birdəfəlik möhür vurur. Azərbaycan regionda yeni reallıqlar yaratmaqla bərabər, həm də Ermənistanla indi sülh imzalamaq niyyətindədir. Ötən ayın ikinci yarısından etibarən baş verən proseslər rəsmi İrəvanın ölkəmizin təhriki ilə nələrisə düzəltməyə çalışdığını göstərir. Lakin qeyri-müstəqil siyasəti və ölkədə antipasifist qüvvələrin üstünlük təşkil etməsi yenə də bəzi maneələrə yol açır. Görünən odur ki, Ermənistan Azərbaycanla hər nə qədər sülh müqaviləsi imzalamağa çalışsa da, silahlanma siyasətindən də əl çəkə bilmir. Bu isə öz növbəsində sülh sazişinin imzalanmasına və münasibətlərin normallaşmasına mənfi təsir göstərir.

Tacir SADIQOV,

"Respublika".