Qarabag fatehi inam, etimad, sevgi...
Siyasət

Qarabag fatehi inam, etimad, sevgi...

Dövlət başçısı ilə xalq birliyinin gücü bir daha təsdiqləndi

Fevralın 7-də ölkəmizdə növbədənkənar prezident seçkiləri uğurla başa çatdı. Xalqımız 92,12 faiz səs çoxluğu ilə İlham Əliyevi Prezident seçdi. Bu münasibətlə ölkə başçısına gələn təbrik məktublarının ardı-arası kəsilmir. Onların hər birində cənab İlham Əliyevin ünvanına xoş sözlər deyilir. Məsələn, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin təbrik məktubunda oxuyuruq: "...Səsvermənin nəticələri sizin yüksək siyasi nüfuzunuzu, Azərbaycanın sürətli sosial-iqtisadi inkişafı və onun mövqelərinin dünya arenasında möhkəmləndirilməsi üzrə həyata keçirdiyiniz kursa ümumxalq dəstəyini tam təsdiq edir...".

Çox dəqiq qiymətləndirmədir. Xalq öz liderinə inanır, güvənir, onun həyata keçirdiyi kursu dəstəkləyir. Növbədənkənar prezident seçkilərinin nəticələri də bunu təsdiqləyir. Bu həm də İlham Əliyevin artıq bir fenomen kimi qətiyyətlə özünütəsdiqindən xəbər verir.

İlham Əliyev fenomeni mahiyyət etibarilə həm Azərbaycanın dövlətçilik ənənələrinin tələblərini, həm də yeni şəraitin çağırışlarını təmin etmək parametrlərinə malik olması ilə seçilir. Yüksək praqmatizmə söykənən siyasətçi imici İlham Əliyev fenomeninin ən başlıca xüsusiyyətlərindən biridir. Məhz bu səbəbdən onun təşəbbüsü ilə həyata keçirilən istənilən proqram və ya islahat, ilk növbədə, öz praqmatizmi ilə fərqlənir. Son illərin nəhəng iqtisadi və sosial uğurlarının ən mühüm səbəblərindən biri məhz bu amildir.

Siyasətin şəffaflığı və səmimiyyəti İlham Əliyev fenomeninin digər mühüm cəhətlərindən biri kimi dəyərləndirilir. Dövlət başçısının xalq qarşısında böyük nüfuz və hörmət qazanmasında onun həm özünə, həm də yürütdüyü siyasətə xas açıq səmimiyyəti müstəsna rol oynayır.

Müasirlik ruhu. Bu keyfiyyət dövlət başçısının ölkəyə rəhbərliyi dövründəki fəaliyyətində özünü aydın şəkildə göstərir. Eyni zamanda Prezidentin liderlik keyfiyyətləri arasında diqqəti daha çox cəlb edir. Dövlət başçısının düşüncə tərzinə xas olan bu cəhət artıq bütünlüklə cəmiyyətin özündə də formalaşmaqdadır. Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin səmimiyyət dolu məktubunda da Azərbaycan liderinin bu keyfiyyəti xüsusi qeyd edilir. Məktubda deyilir: "Bu gün sizin - öz xalqının həqiqi müdrik liderinin, vətənpərvər və fədakar, görkəmli siyasi xadiminin rəhbərliyi ilə Azərbaycan dövləti şanlı zirvələri fəth edir və onun beynəlxalq arenada nüfuzu, etibarı getdikcə artmaqdadır. Heç şübhəsiz, sizin bu yüksək vəzifədə fəaliyyətiniz dövlətçiliyin əsaslarının hərtərəfli möhkəmlənməsinə və cəmiyyətin müasirləşməsinə, əhalinin həyat səviyyəsinin daha da yüksəlməsinə, ölkənin sosial-iqtisadi inkişafının təmin olunmasına xidmət edəcəkdir".

Azərbaycan Prezidentinin 2003-cü ildə hakimiyyət kürsüsünə gəldiyi gündən 20 ildən çox vaxt keçir. İndi geriyə boylanıb ötən illərdə görülən işləri nəzərdən keçirsək, dövlət başçısının qarşıya qoyduğu bütün vəzifələrin uğurla yerinə yetirildiyinin şahidi olarıq. Hətta o dövrdə prezidentin opponentləri bu vəzifələrin icrasını qeyri-mümkün hesab edir, ona şübhə və tərəddüdlə baxırdılar. Bütün bunlara rəğmən, dövlət başçısının 2003-cü ildə prezident seçkiləri ərəfəsində verdiyi vədləri həyatda öz təsdiqini tapdı. Azərbaycanın hərtərəfli inkişafı, müstəqilliyinin möhkəmləndirilməsi, suverenliyinin tam təmin edilməsi üçün səylərini əsirgəmədi. Heydər Əliyev siyasətinə sadiq qalaraq bu yoldan dönmədi, dövlətin müstəqil olmasını müəyyən edən real suverenliyi qoruyub saxladı, müstəqil siyasət aparmaq, ölkə daxilində və onun ətrafındakı nizamın formalaşmasına təsir göstərmək qabiliyyətini bütün dünyaya nümayiş etdirdi.

Dövlət başçısının rəhbərliyi dövründə sosial müdafiəyə xüsusi ehtiyac olan vətəndaşların, o cümlədən keçmiş məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması dövlət siyasətinin mühüm istiqaməti oldu. Bu sahədə ardıcıl olaraq məqsədyönlü tədbirlər həyata keçirildi. Vətəndaş rifahının təminatı prinsipi Prezidentin sosial siyasətinin mərkəzində dayanır və bu amil ölkəmizdə dayanıqlı iqtisadi dividendlərin, ilk növbədə, əhalinin güzəranının yüksəldilməsinə yönəldilməsi, sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində mühüm addımların atılmasında real ifadəsini tapır.

Dövlətlərarası Avrasiya Şurasının prezidenti Tatyana Anodinanın dövlət başçısına ünvanladığı məktubda Prezidentin parlaq qələbəsinin əsas səbəblərindən bəhs edilir. Məktubda deyilir ki, bu qələbə cəmiyyətin sıx birliyinin və Azərbaycan xalqı arasında sizin çox yüksək nüfuzunuzun parlaq sübutudur. Bu nəticə sizin liderliyinizə Azərbaycan xalqının hüdudsuz etimadının sübutudur, əsası dahi Heydər Əliyev tərəfindən qoyulmuş və sizin davam etdirdiyiniz siyasi kursda, eləcə də regional və beynəlxalq müstəvidə əldə etdiyiniz heyrətamiz uğurlara verilən qiymətdir.

Bəli, dövlət başçısının uğurları sözün əsl mənasında heyrətamizdir. 20 il ərzində addım-addım məqsədinə doğru irəliləyən Prezident İlham Əliyev xəyalları gerçəyə, arzuları reallığa çevirdi. Ali Baş Komandan kimi möhkəmləndirdiyi ordu öz tarixi missiyasını uğurla reallaşdıraraq 30 illik işğala son qoydu. Vətən müharibəsində Azərbaycan hərbçisinin nümayiş etdirdiyi cəsarət, rəşadət dillərdə dastan oldu. Yeni əsrin müharibəsini aparmış Azərbaycan Ordusunun bu gücündən, qüdrətindən hələ də danışılmaqdadır. Bu ordu Qarabağda möhkəmlənmiş separatizmin də kökünü kəsdi. 2023-cü ilin sentyabrında 23 saatlıq antiterror tədbirləri ilə Vətən müharibəsindən sonra da işğalda qalan rayonlarımız azadlığa qovuşdu.

İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Bayrağı altında böyük quruculuq işləri görülür, düşmənin dağıtdığı kəndlər, şəhərlər yenidən qurulur. "Böyük Qayıdış" reallaşır. Bunu bütün dünya görür. Bölgəyə səfər edən əcnəbilər ermənilərin vandallığı fonunda Azərbaycanın qurub yaratdıqlarına heyranlıqlarını gizlətmirlər.

Ölkəmizdə uğurla keçirilən növbədənkənar prezident seçkiləri iqtidar-xalq birliyinin nümayişi idi. Azərbaycan xalqı beşinci dəfə öz taleyini Qarabağ Fatehi İlham Əliyevə etibar etdi, 20 illik fəaliyyəti dövründə onun arzularını gerçəyə, reallığa çevirən öz liderini dərin inam, güvən və səmimi sevgilə dəstəklədi. Elə bu dəstəklə də dövlət başçısı ilə xalq birliyinin gücü bir daha təsdiqləndi.

Zümrüd QURBANQIZI,

"Respublika".