Bar-bərəkət fəsli
Region

Bar-bərəkət fəsli

Yurdumuzda ilin hər fəsli gözəldir, qızılı payız isə özgə bir aləmdir. Bu fəsildə təbiətin ilahi rəng yağışı insanı ovsunlayır, yarpaqların xışıltısı keçmiş xatirələri oyadır, özünü budaqlardan asan gülöyşə narın al-qırmızı dənələrindən şərbət süzülür, payız çiçəklərinin ətri aləmə yayılır. Payız həm də bar, bərəkət fəslidir, əkinçi əllərinin hərarəti, torpağın bərəkəti Ağdama yeni bir ab-hava gətirib. Sübh tezdən qaş qaralana kimi kəndlilər təsərrüfat qayğıları ilə məşğul olur, münbit  torpaqlarda bir tərəfdə məhsul yığılır, o biri tərəfdə isə şum edilir, arata qoyulmuş sahələrdə taxıl səpini aparılır, tarlalarda pambıq yığımı davam edir. Eyni zamanda, fermerlər gələn təsərrüfat ilinə də ciddi hazırlıq görürlər. Çəkilən zəhmətin bəhrəsini görən əkinçilərin qayğıları doğrudan da bitib-tükənmir. Onlar deyirlər ki, ilin hər vədəsində torpağa qayğı göstərilməsə, əlimiz boşda qalar. Söz yox ki, çəkilən zəhmət də öz bəhrəsini verir, alın təri ilə qazanılan nemətlər süfrələri bəzəyir.

Qarabağ iqtisadi rayonuna daxil olan Ağdamda yerli iqtisadiyyatın əsasını təşkil edən  kənd təsərrüfatında mövsümi işlər davam etdirilir. Rayon Statistika İdarəsindən verilən məlumatda bildirilir ki, cari ilin 10 ayında torpaq mülkiyyətçiləri 3416,4 hektar tərəvəz, bostan məhsulları, kökümeyvəlilər və köküyumrular sahəsinin 3381 hektarında, yəni 99 faiz sahəsində yığım apararaq 96 min 490,3 ton məhsul toplayıblar. Hər hektarın məhsuldarlığı ümumilikdə 285,4 sentner təşkil edib. Bununla yanaşı, rayonda 1089 ton meyvə, 3 min tona yaxın üzüm istehsal olunub. Rayonun fermerləri cari ilin payızlıq əkinləri üçün 21 min 119 hektar sahədə şum qaldırıb, 7876 hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər əkiblər. Payızlıq əkinlərin 1062 hektarı yaşıl yem, 4715 hektarı dən üçün buğda, 2099 hektarı isə dən üçün arpadır. Hazırda rayonda pambıq yığımı və taxıl səpini davam edir.

Çıraqlı kəndində də həyat öz axarı ilə davam edir. Qeyd edək ki, Çıraqlı kəndi keçmiş təmas xəttinin yüz əlli- iki yüz metrliyində yerləşir. Kənd sakini Səyavuş Şükürov deyir ki, düşmənin uzun illər boyu törətdiyi  təxribatlar bizi heç zaman qorxutmayıb, ruhdan salmayıb. Çünki Ali Baş Komandana, ordumuza arxalanırdıq, qələbəyə inamımız var idi. İki il bundan əvvəl evimizdə yaşasaq da, darvazamızı aça bilmirdik. Düşmən o dəqiqə bizi atəşə tuturdu. Darvazamız 27 il  bağlı qalmışdı. Vətən müharibəsində düşmən mərmiləri altında yaşasaq da heç kəs öz evini tərk etmədi, qəhrəman ordumuz işğalçıları məhv etdi, torpaqlarımızdan qovdu. Bu gün sevincimizin, qürur hissimizin həddi-hüdudu yoxdur. Bizə bu sevinci, rahat həyatı bəxş etdiyi üçün Prezidentimizə, ordumuza minnətdarıq.

Çıraqlıda indi hər kəs gündəlik qayğıları, təsərrüfat işləri ilə məşğuldur. Bağda işləyən Fəxri Məmmədov deyir ki, əvvəllər istər həyətdə, istərsə də əkin sahəsində işləmək çox çətin, təhlükəli idi. Ermənilər bizi atəşə tuturdular, imkan vermirdilər ki, əkin-səpinlə məşğul olaq. İndi isə bütün çətinliklər arxada qalıb. Həyətlərdə elə bir ağac yoxdur ki, qəlpə və ya güllə izi olmasın. Divarlar, darvazalar düşmən gülləsindən deşik-deşikdir. Uzun illər biz bu vəziyyətdə - düşmənin gülləsi altında, çətin şəraitdə yaşamışıq. Lakin öz evimizi, kəndimizi tərk etmədik. Çox şükür ki, şanlı ordumuz işğal altında olan torpaqlarımızı Ali Baş Komandanın rəhbərliyi ilə azad edib. Biz də evimizdə rahat yaşayırıq. Artıq bütün çətinliklər arxada qalıb.

Qeyd edək ki, kənd əhalisinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilikdir. Sakinlər mal-qara saxlayır, sahələrdə taxıl, yonca, pambıq, soğan və digər bitkilər becərirlər. Kəndlilər deyirlər ki, artıq heç bir təhlükə olmadığı üçün sahələrdə rahat işləyə, əkinlərə vaxtında qulluq edə bilirlər. Həmçinin, əvvəllər işləyə bilmədiyimiz  sahələrdə də əkin-səpin aparmışıq. Adamlar inamla, böyük ümidlərlə danışırlar, necə deyərlər, torpaqdan iki əlli yapışıblar, öz dədə-babalarının ənənələrini yaşatdıqları üçün qürurlu görünürlər.

Salman ALIOĞLU,

“Respublika”.