Baş Prokurorluqda cari ilin birinci yarısında görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə dair geniş kollegiya iclası
Digər xəbərlər

Baş Prokurorluqda cari ilin birinci yarısında görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə dair geniş kollegiya iclası

İyulun 25-də Azərbaycan Respublikasının Baş Prokurorluğunda Mərkəzi aparatın, Respublika Hərbi, Naxçıvan Muxtar Respublikası və Bakı şəhər prokurorluqlarının rəhbər heyətinin, rayon (şəhər) və ərazi hərbi prokurorlarının iştirakı ilə videokonfrans rejimində 2023-cü ilin birinci yarımilində prokurorluq orqanları tərəfindən cinayətkarlığa qarşı mübarizə, ədalət mühakiməsinin həyata keçirilməsində iştirak, qanunların icra və tətbiq olunmasına nəzarət, cinayət mühakimə və cinayət təqibindən kənar icraatlarda insan hüquq və azadlıqlarının müdafiəsi və qanunla müəyyən edilmiş digər sahələrdə görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş Geniş Kollegiya iclası keçirilib.

Tədbirdən öncə Baş Prokurorluğun Kollegiya üzvləri müstəqil və müzəffər dövlətimizin qurucusu, Ümummilli lider Heydər Əliyevin büstü önünə əklil və gül dəstələri qoyaraq, unudulmaz xatirəsini ehtiramla yad ediblər.

Həmçinin, iştirakçılar tərəfindən Kollegiya iclasının başlanğıcında Ümummilli lideri Heydər Əliyevin, "I Qarabağ" və "44 günlük Vətən" müharibəsində şəhid olmuş əsgər və zabitlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib, müharibədə yaralanan hərbçilərimizə şəfa dilənib.

Giriş nitqi ilə çıxış edən Baş prokuror Kamran Əliyev Azərbaycan xalqının və dövlətinin taleyində müstəsna xidmətləri ilə əbədilik qazanan, bu il anadan olmasının 100 illiyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyəti, dövlət və məhkəmə-hüquq sisteminin quruculuğu və inkişafındakı rolu, hüquqi dövlət və vətəndaş cəmiyyətinin bərqərar edilməsi istiqamətində həyata keçirdiyi islahatlardan bəhs edərək hər bir azərbaycanlının Heydər Əliyev ruhunu fəxr və hörmətlə andığını bildirib.

Çıxış zamanı Ümummilli lider Heydər Əliyev irsinin layiqli davamçısı və siyasi kursunun varisi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə güclü dövlət, sosialyönümlü iqtisadiyyat və yüksək rifah cəmiyyəti konsepsiyasının inamla reallaşdırılması nəticəsində Azərbaycanın regional siyasi və iqtisadi gücə çevrildiyi qeyd edilib.

Vurğulanıb ki, beynəlxalq müstəvidə hökm sürən birtərəfli, məqsədyönlü təzyiqləri siyasi iradə və bacarığı ilə dəf edərək topraqlarımızı 30 illik istiladan azad etməklə, dünya hərb tarixinə ölkəmizin adını qızıl hərflərlə həkk etdirmiş Müzəffər Ali Baş Komandanın rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yaxından iştirakı ilə əbədi azadlığına qovuşmuş əzəli torpaqlarımızda analoqu olmayan quruculuq işləri uğurla davam etdirilir.

Dünya siyasətində Azərbaycanın ədalətli və sadiq siyasi, habelə iqtisadi tərəfdaş olaraq tanınmaqla etibar qazandığını qeyd edən Baş prokuror vurğulayıb ki, BMT-dən sonra ən çox say tərkibinə malik siyasi təşkilat olan Qoşulmama Hərəkatının 2019-cu ildən etibarən keçirilmiş 4 iclasına və müstəsna hal olaraq bu il keçirilən iclasına Azərbaycan Prezidentinin sədrlik etməsi cənab Prezidentimizin apardığı uğurlu xarici siyasətin təzahürüdür.

Baş prokuror Kamran Əliyev prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlərə və statistik göstəricilərə istinad etməklə hesabat dövründə Respublikada kriminogen durumun nəzarətdə saxlanıldığını, daxili işlər və digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ölkəmizdə ictimai-siyasi sabitliyin qorunduğunu, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi sahəsində zəruri tədbirlərin görüldüyünü qeyd edib.

Bildirilib ki, cari ilin birinci yarımilində ölkə ərazisində 19533 cinayət qeydə alınmaqla onların 88,3 faizinin açılması təmin edilmiş, ümumilikdə ölkə üzrə cəmi 9946 cinayət işinin istintaqı tamamlanmışdır ki, bunlardan 674-ü prokurorluq orqanlarında istintaq edilmişdir.

Bu müddət ərzində prokurorluq orqanları tərəfindən 452, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 8184 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilmişdir ki, ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə 151 milyon 424 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 40,2 faizinin, yəni 60 milyon 860 min manat hissəsinin ödənilməsinə nail olunmuşdur.

Prokurorluq orqanlarında ibtidai istintaqı aparılaraq yekunlaşmış cinayət işləri üzrə ümumilikdə 43 milyon 136 min manat məbləğində maddi ziyan vurulduğu müəyyən edilərək istintaq tədbirləri ilə onun 40,4 faizinin, yəni 17 milyon 407 min manat hissəsinin ödənilməsinə nail olunmuşdur.

Xüsusi qeyd edilib ki, prokurorluqda aparılan müasir məzmunlu islahat tədbirlərinin davamı kimi qurumun maddi-texniki bazasının möhkəmləndirilməsi, elmi-texniki nailiyyətlərdən istifadə etməklə fəaliyyətdə səmərəliliyinin artırılması işində müstəsna önəmə malik cənab Prezidentin 7 may 2021-ci il tarixli Fərmanında öz əksini tapmış "Elektron prokurorluq" informasiya sistemi artıq prokurorluq orqanlarının tam istifadəsinə verilmişdir və hazırda sistemin təkmilləşdirilməsi və digər informasiya sistemlərinə inteqrasiya istiqamətində işlər intensivliklə davam etdirilir.

Hesabat dövründə dövlət başçısının siyasi fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiyaya, rüşvətxorluğa qarşı barışmaz mübarizənin ötən dövrlərdə olduğu kimi davam etdirilərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ölkə vətəndaşlarını ciddi narahat edən korrupsiya cinayətlərinin və hüquqpozmalarının daha geniş yayıldığı idarəçilik və xidmət sahələri aşkar edilməklə təqsirli şəxslərin məhkəmə məsuliyyətinə verildiyi bildirilib.

Qeyd olunub ki, cari ilin birinci yarımilində korrupsiya hüquqpozmasına yol vermiş 218 şəxs barəsində 144 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilmiş, 3 milyon 996 min manat məbləğində ziyanın ödənilməsi təmin edilib, 3 milyon 578 min manat məbləğində əmlak üzərinə həbs qoyulub.

Bundan əlavə, hesabat dövründə aparılmış araşdırmalar nəticəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və gələcəkdə bir daha təkrar törədilməməsi, həmçinin cinayətin törədilməsinə şərait yaradan halların aradan qaldırılması məqsədilə aidiyyəti müəssisə və təşkilatların rəhbərlərinə 118 təqdimat verilib.

2023-ci ilin birinci yarımili ərzində Baş İdarədə fəaliyyət göstərən 161 saylı "Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciətlərin 20-si üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmış, digərləri üzrə prokuror təsir tədbiri aktlarından istifadə edilməklə aidiyyəti qurumlarla əlaqəli şəkildə qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib.

Kollegiya iclasında daxili işlər, dövlət təhlükəsizliyi orqanları və penitensiar xidmət ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş 4 qəsdən adam öldürmə cinayətlərinin açılması təmin edilməklə hesabat dövründə onlardan 1-i üzrə təqsirli şəxslərin məhkəmə məsuliyyətinə verildiyi xüsusi vurğulanıb.

2023-cü ilin birinci yarımilində Respublika Hərbi Prokurorluğu tərəfindən Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ordu quruculuğu sahəsində tapşırıqlarının icrası ilə əlaqədar Müdafiə Nazirliyi, Sərhəd Qoşunları və digər qurumlarla birlikdə zəruri tədbirlərin görüldüyü qeyd edilib.

Kollegiya iclasında Naxçıvan Muxtar Respublikası Prokurorluğunda cinayətkarlığa və hüquq pozuntularına qarşı mübarizə sahəsində digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə uğurlu göstəricilər əldə olunduğu, istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətinə nəzarətin gücləndirildiyi, vətəndaşların müraciətlərinə baxılmasının diqqətdə saxlanıldığı bildirilib.

2023-cü ilin birinci yarımili ərzində cinayət təqibindən kənar icraatlarla əlaqədar inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyətinə malik qurumlarla işgüzar əlaqələrin qurulması təmin olunmaqla 733 inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul edilib.

Hesabat dövründə kadr işinin düzgün təşkili və onun müasir standartlar səviyyəsində daha da təkmilləşdirilməsi istiqamətində bir sıra tədbirlərin yerinə yetirildiyi, eləcə də prokurorluq orqanlarının vakant vəzifələrinin obyektiv meyarlarla və şəffaf prosedurlar əsasında gənc hüquqşünaslarla komplektləşdirilməsinin davam etdirildiyi diqqətə çatdırılıb.

Hesabat dövründə prokurorluq orqanlarının beynəlxalq nüfuzunun artırılması istiqamətində xarici ölkələrin müvafiq orqanları və beynəlxalq təşkilatlarla əlaqələr genişlənib, Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin həyata keçirdiyi tədbirlərlə ağır və xüsusilə ağır cinayətlərdə ittiham olunan 12 nəfər təqsirləndirilən şəxsin ölkə xaricindən ekstradisiyası təmin edilib.

Hesabat dövründə Elm-Tədris Mərkəzi tərəfindən prokurorluq işçilərinin və digər hüquq mühafizə orqanlarının əməkdaşlarının peşə hazırlığının artırılması üçün təlimlərin keçirildiyi, bir sıra tədris-metodiki vəsaitlərin hazırlandığı, habelə ölkəmizin hüquq ictimaiyyəti, aparıcı elm və təhsil müəssisələri, hüquq mühafizə orqanları akademiyaları ilə əməkdaşlıq əlaqələrinin daha da inkişafına töhfə verən Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilməklə geniş müzakirələr və faydalı fikir mübadiləsinin aparıldığı bildirilib.

Xüsusilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş və itkin düşmüş şəxslərin ailə üzvlərinin, yaxın qohumlarının, o cümlədən sağlamlığını itirmiş vətəndaşlarımızın müraciətlərinə təxirəsalınmadan baxılmaqla, onların dərhal qəbul edilmələrinin təmin edilməsi, bu kateqoriyadan olan şəxslərə diqqət göstərilməsinin vacibliyi vurğulanıb.

Baş Prokurorluğun əlaqədar struktur qurumları və müvafiq tabe prokurorlar tərəfindən daxili işlər orqanları ilə əlaqəli şəkildə cari ilin birinci yarımilinin nəticələrinə görə artımı müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində zəruri tədbirlərin görülməsi, eyni zamanda, cəzanın labüdlüyü prinsipinin təmin edilməsi məqsədilə bağlı qalmış cinayətlərin açılması və təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyi diqqətə çatdırılıb.

Daha sonra Sumqayıt şəhər, Laçın, Qazax rayon və Qubadlı hərbi prokurorları hesabat dövründə görülmüş işlərlə bağlı, Baş Prokurorluğun Kadrlar idarəsinin rəisi isə "Prokurorluq orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq icrası həvalə olunmuş vəzifələrə təyinatlara razılıq verilməsi barədə məruzələrlə çıxış etmişlər.

Kollegiya iclasına yekun vuran Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən uğurlu dövlətçilik siyasətini hərtərəfli dəstəkləyən prokurorluq orqanlarının bundan sonra da digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi üçün zəruri tədbirlərin görülməsini təmin edəcəyinə əminliyini ifadə edib.

R.MƏHƏRLƏMOVA,

“Respublika”.