Baş tacımızsan, ŞUŞAM
Siyasət

Baş tacımızsan, ŞUŞAM

Sənə sarılmağa, yaralarını sarmağa gəlirik...

"Bütün bu infrastruktur layihələri imkan verir ki, biz bu il daha böyük sayda keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytaraq və onların bu il qaytarılacaqları şəhərlər arasında beş şəhər - Şuşa şəhəri, Cəbrayıl şəhəri, Kəlbəcər şəhəri, Xankəndi şəhəri, Xocalı şəhəri olacaq...".

Gözəl müjdədir, deyilmi? Ürəklərimizə 30 il əvvəl batan tikanları çəkib çıxaran, qanayan yerinə məlhəm olan bu müjdəni də dövlət başçısı, Qalib sərkərdəmiz verib yenə də. Yerli televiziya kanallarına müsahibəsində bizi düşündürən, narahat edən məqamlara aydınlıq gətirən, sabaha ümidlərimizi artıran Prezident İlham Əliyev bəyan etdi ki, Şuşa bu il yenidən "doğulacaq", çünki doğmalarına qovuşacaq.

30 il o yerlərin həsrətilə yaşayan, başıqarlı dağlarının, barlı-bərəkətli bağlarının, şır-şır axan bulaqlarının, yazqabağı qar altından baş qaldıran boynubükük bənövşənin, köksünün altı sarı Xarıbülbülünün, Cıdır düzünün, Topxananın, Üçmıxın... daha nələrin-nələrin xiffətindən ürəyi qubar bağlayan şuşalıların doğum günü olacaq həm də o gün. Şuşam nazlı gəlin kimi bəzənib, düzənib ona sevdalıların görüşünə çıxacaq: "Harda qaldınız, gözlərimin kökü saraldı, bu qədər də insafsızlıq olar, ayaq izləriniz, isti nəfəsiniz üçün darıxmışam, axı", - deyib məzəmmət edəcək bəlkə də. Yox, azadlığına qovuşandan sonra doğma insanlarının görüşünə əvvəlkindən daha gözəl görkəmdə çıxmaq, öyünmək, öyündürmək üçün ötən üç ildə qurub yaradılan gözəllikdən söz açacaq Şuşam. Qarabağı, Zəngəzuru cənnətə çevirən, onun reallaşdırılması üçün var qüvvəsilə çalışan dövlət başçısının ona daha özəl yanaşdığını da qürurla söyləyəcək. Bənzərsiz liderimizin yenə də həmin müsahibədə dediyi: "Mənim heç bir şübhəm yoxdur, çünki şəhərlərin bütün Baş planları təsdiqləndi. Şəhərlərin bütün Baş planları dünyanın, daha doğrusu Avropanın ən qabaqcıl şirkətləri tərəfindən hazırlanmışdır, o cümlədən Şuşa şəhəri. Şuşa elə bir şəhərə çevriləcək ki, bunun dünyada bənzəri olmayacaq, memarlıq və təbiət bir vəhdət təşkil edəcək", - sözlərini də dünyaya bir daha mesaj kimi çatdıracaq: "Qarabağ Azərbaycandır. Şuşasız isə Azərbaycan yoxdur!", - deyəcək.

İndi bu sətirləri yazarkən xəyal yenə də məni ötənlərə apardı. 2020-ci il noyabrın 8-nə, yox, daha doğrusu bir neçə gün əvvələ. Qanlı-qadalı müharibənin son günlərinə. Cəbhə xəbərlərini, Ali Baş Komandanın müjdələrini səbirsizliklə gözlədiyimiz məqamlarda, noyabrın 4-də Müdafiə Mazirliyi məlumat yaydı ki, döyüşlər cəbhənin cənub və cənub qərbində, Ağdam, Xocavənd, Zəngilan və Qubadlı istiqamətində davam edir. Düşmənin gözləmədiyi halda Azərbaycanın xüsusi təyinatlıları Şuşa-Laçın yolunu bağlayıb. Dövlət başçısı Cəbrayıl rayonunun 7, Zəngilan rayonunun 2, Qubadlı rayonunun 3 kəndinin işğaldan azad olunması xəbərini verdi. Noyabrın 5-də isə Azərbaycanın xüsusi təyinatlıları keçilməz hesab edilən dağları aşaraq Şuşaya daxil oldu, şəhərin mərkəzini tutdu.

Qalaya çevrilmiş Şuşanı 3 min erməni əsgəri müdafiə edirdi. Lakin onlar bizim xüsusi təyinatlıların sıldırım qayalarla şəhərə daxil ola biləcəklərini heç cür gözləmirdilər. Şəhərə ilk daxil olan snayperlər əsas yol kəsişmələrini nəzarətə götürdülər. Onların müdafiəsi altında xüsusi təyinatlılar şəhərə daxil oldu. Cəmi 400 nəfər xüsusi təyinatlı avtomat, bıçaq və qumbaralarla silahlanmışdı. Onların qarşısında isə tanklar, artilleriya, minaatanlar, pulemyotlar dayanmışdı. Döyüşlərin şiddətindən düşmən qaçmağa məcbur oldu. Fransanın "Le monde" qəzetinin müxbiri xəstəxanaya onlarla yaralının daşınması barədə yazırdı: "Şuşanı müdafiə edənlər pərən-pərən düşmüş vəziyyətdədirlər... 6 noyabr cümə günündən etibarən döyüş Azərbaycan qüvvələrinin xeyrinə dönməyə başlayıb".

Noyabrın 8-də Azərbaycan Prezidenti Qarabağ xanlığının paytaxtı, Qarabağın inzibati mərkəzi olan Şuşanın işğaldan azad olunması xəbərini çatdırdı. Ali Baş Komandan Şuşanın azad olunmasında qəhrəmanlıq göstərmiş rəşadətli ordumuzun bütün şəxsi heyətini təbrik etdi. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət etdilər. Dövlət başçısı elə oradan Azərbaycan xalqına müraciət etdi: "İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq!".

Şuşa azadlığına qovuşdu. Bununla həm də tarixi qələbəmizin son nöqtəsi vuruldu. Noyabrın 10-da düşmən məğlubiyyət aktını imzaladı. O tarixi günü düz 30 il gözləmişdik. Hər dəfə beynəlxalq təşkilatlar münaqişənin sonlandırılması istiqamətində hansısa qərar qəbul edəndə, vasitəçilər ümidverici bir fikir səsləndirəndə sevinir, işğala son qoyulacağına inanırdıq. Dövlət başçısı bütün beynəlxalq səviyyəli tədbirlərdə, ən mötəbər kürsülərdən münaqişənin danışıq yolu ilə həll edilməsinə çalışdı, lakin qarı düşmən bütün təklifləri rədd etdi, müharibə yolu qaçılmaz oldu.

Müharibə başa çatdıqdan dərhal sonra işğaldan azad edilmiş torpaqlarda bərpa işlərinə başlanıldı. Diləyi, istəyi bir olan xalqımız bu işlərə də can-dildən qoşuldu, düşmənin dağıtdıqlarını yenidən qurdu, tikdi, yollarına işıq tutdu, bulaqlarının tutulmuş gözlərini açdı, Cıdır düzünü sahmana saldı, Topxanaya da həyat gətirdi... Şuşamın mədəni həyatını da onun özünə qaytardı. Vaqif Poeziya Günləri ədəbiyyatsevərləri, Şuşa sevdalılarını bir yerə topladı, Xarıbülbül Beynəlxalq Musiqi Festivalında ürəkləri riqqətə gətirən "Qarabağ şikəstəsi" bir çox xalqların musiqi nömrələrinə qarışıb, dumanla, çənlə dünyaya yayıldı.

Ötən il iyunun 1-də Uşaqların Beynəlxalq Müdafiə Günündə "Heydər Əliyev - türk dünyası birliyinin böyük carçısı" adlı beynəlxalq uşaq rəqs festivalı da maraqla qarşılandı, onun iştirakçılarının yaddaşına xoş məqamlarıyla yazıldı. Türkdilli dövlətlərin gənc nəsli də Şuşanın füsunkar gözəlliyini gözlərinə çəkib özləri ilə apardılar.

Biz səni çox sevirik Şuşam, ulu öndərin təbirincə desək, sənin hər bir azərbaycanlının qəlbində öz yerin var. Mədəniyyət paytaxtımız, "Türk dünyasının mədəniyyət paytaxtı", "İslam dünyasının mədəniyyət paytaxtı"san, Şuşam! Baş tacımızsan, Şuşam! İşğaldan azad olunmuş torpaqlara üz tutan köç karvanlarının yolu indi sənədir. Muştuluğumu istərəm, gəlirik Şuşam. Sənə sarılmağa, yaralarını sarmağa!..

Zümrüd QURBANQIZI,

"Respublika".