BƏRDƏ-AĞDAM-XANKƏNDİ YOLUNUN AÇILMASI QÜRURVERİCİDİR
Digər xəbərlər

BƏRDƏ-AĞDAM-XANKƏNDİ YOLUNUN AÇILMASI QÜRURVERİCİDİR

Son zamanlar mənfur ermənilərin Azərbaycana qarşı qərəzli mövqeyi sülhsevər ölkələr tərəfindən hiddətlə qarşılanır. Dəfələrlə Azərbaycan Prezidenti İlham Əliyev mötəbər kürsülərdən bölgədə əmin-amanlıq şəraitində yaşamağın vacibliyini vurğulamışdır. Erməni millətindən olan Azərbaycan vətəndaşlarına ölkəmizdə hər cür şərait yaradılacağı bildirilir, digər etnik qrupların nümayəndələri kimi, onların da Azərbaycan dövlətinin qanunlarına tabe olmaqla rahat yaşayışlarının təminatı verilir. Lakin bəzi ermənipərəst ölkələrin diktəsi və yalan vədləri ilə ermənilər müxtəlif təxribatlar törədir, dünya ictmaiyyətini yalan informasiyalarla aldadırlar. Guya ermənilərin gediş-gəlişində əngəllər yaradılır.

İddia edirlər ki, Xankəndidə yaşayan ermənilərin ərzaq yardımına böyük ehtiyacı var. Multikulturalizmi və tolerantlığını bütün dünyaya nümayiş etdirən Azərbaycanda millətindən asılı olmayaraq hər kəsə yüksək qayğı, diqqət və hörmətlə yanaşılır. Görünür, bəzi ermənipərəst qüvvələr bunu tam başa düşmür.

Məlumdur ki, üç gün Rusiya Qırmızı Xaç Cəmiyyəti tərəfindən Xankəndiyə gətirilən humanitar yardım avtomobili Bərdə şəhərində dayanmışdı. Ən nəhayət, 12 sentyabr tarixində avtomobilin Bərdə şəhərindən Xankəndi istiqamətində yola düşməsinə nail olundu.

Mövzu ilə bağlı Bərdə şəhər sakini "Azərbaycan Bayrağı" ordenli, şəhid Sərhəd Zöhrabbəyovun oğlu Zöhrab Zöhrabbəyov bizimlə həmsöhbət oldu. O bildirdi ki, 30 illik bir dövrü əhatə edən Qarabağ müharibəsi zamanı erməni təcavüzü nəticəsində demək olar ki, hər bir azərbaycanlı ailəsi bu müharibənin acısını yaşamışdır: "Qeyd etmək istəyirəm ki, atam "Azərbaycan Bayrağı" ordenli baş leytenant Sərhəd Zöhrabbəyov Birinci Qarabağ müharibəsi zamanı şəhid olmuşdur. Bir şəhid oğlu, müharibənin acısını yaşayan bir insan kimi demək istəyirəm ki, ermənilərin təcavüzkarlığı nəticəsində on minlərlə azərbaycanlı məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, yaşayış məntəqələri dağıdılmış, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir. Qalib Azərbaycan postmüharibə mərhələsində Böyük Qayıdış proqramına uyğun olaraq Qarabağda və Şərqi Zəngəzurda işğal illərində erməni vandalları tərəfindən dağıdılan bütün infrastrukturu yenidən qurur. Yeni magistral yollar çəkilir, yerli əhəmiyyətli yollarda bərpa işləri aparılır. Ağdam-Xankəndi yolunda operativ qaydada təmir işlərinə başlanılması isə həm də Azərbaycanın Qarabağda yaşayan etnik ermənilərin reinteqrasiyasını sürətləndirmək istəyi və humanitar yanaşması ilə bağlıdır. Məğlub Ermənistan Laçın-Xankəndi yolunu manipulyasiya predmetinə çevirib. Postmüharibə mərhələsində dövlətimiz erməni əhalisinin Laçın-Xankəndi yolu vasitəsilə sərbəst gedib-gəlməsinə hər cür şərait, təhlükəsizlik mühiti təmin etmişdi. Lakin Ermənistan bundan sui-istifadə edərək bu marşrutdan respublikamızın ərazisinə silah-sursat, minalar daşınmasını həyata keçirdi. Bu marşrutla tez-tez xarici ölkələrdən Xankəndiyə Azərbaycanın razılığı olmadan çağırılmamış qonaqlar təşrif gətirir və onlar burada separatizmə rəvac verən çağırışlar edirdilər. Təbii ki, Azərbaycan suverenliyimizə zidd olan bu cür davranışlara dözə bilməzdi. Ermənistanın üçtərəfli Bəyanatın müddəalarına uyğun olmayan belə fəaliyyətinin qarşısı alınmalı idi. Beləliklə, Azərbaycan suveren hüququndan istifadə etməklə cari ilin aprel ayında Həkəri çayı üzərində sərhəd-keçid məntəqəsi qurdu. Sərhəd-keçid məntəqəsinin fəaliyyəti tamamilə şəffaf şəkildə tənzimləndi. Bütün zəruri avadanlıqla təchiz olunan məntəqədən Beynəlxalq Qırmızı Xaç Komitəsinin, Rusiya sülhməramlı kontingentinin və ermənilərin sərbəst keçidi təmin olunurdu. Lakin Ermənistan yenə də manipulyasiyalara, pozuculuq əməllərinə əl atdı. Əvvəlcə sərhəd-keçid məntəqəsi atəşə tutuldu. Təxribat zamanı Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralandı. Bir qədər sonra isə sərhəd-keçid məntəqəsindən Qırmızı Xaç Komitəsinin avtomobillərində qaçaqmalçılıq yüklərinin daşınmasına cəhdlər göstərildi. Azərbaycan tərəfi isə iyunun ortalarında və iyulun əvvəlində törədilən təxribatlara baxmayaraq, yenə də erməni sakinlərin məntəqədən humanitar məqsədlər üçün keçidinə şərait yaratdı. Eyni zamanda, erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadənin mümkün olduğu diqqətə çatdırıldı.

Xankəndiyə yüklərin daşınması üçün Ağdam-Xankəndi yolunu təklif etməsi ölkəmizin öz suverenliyini, milli maraqlarını qətiyyətlə qorumasını və humanist yanaşmasını əks etdirir. Qarabağda yaşayan erməni sakinlər Azərbaycan vətəndaşlarıdırlar. Onların hüquqlarının qorunmasına Konstitusiya ilə hər cür təminatlar verilir. Ağdam-Xankəndi marşrutundan istifadə olunması reinteqrasiya prosesini sürətləndirəcək. Ağdam-Xankəndi yolu müasir standartlara uyğun qurulmaqla yanaşı, bölgədə Xankəndiyə ən qısa məsafə hesab olunur. Laçın-Xankəndi yolunun uzunluğu 60 kilometrdir və bu yol Şərqi Zəngəzurla Qarabağı birləşdirir. Ağdam-Xankəndi yolu isə Qarabağ iqtisadi rayonunda daxili şəbəkədir və bu baxımdan da vacib nəqliyyat xəttidir. Bu yoldan istifadə bütövlükdə Qarabağ iqtisadi rayonunun inkişafına da müsbət təsir göstərəcək.

Qürurverici haldır ki, Rusiya QXC-nin humanitar yardım dolu avtomobilinin Bərdə şəhərindən Ağdama, oradan isə Xankəndiyə yola düşməsinin şahidi olduq. Uzun sürən fasilədən sonra Ağdam-Xankəndi yolunda avtomobilin hərəkətini Azərbaycanın növbəti uğurlu qələbəsi kimi qiymətləndirirəm".

Bərdənin digər sakini ziyalı Samir Nəcəfov ermənilərin Azərbaycana qarşı bitib-tükənməyən kin-küdurətini, insanlıqdan uzaq əməllərini qətiyyətlə pisləyərək vurğuladı ki, Vətən müharibəsi zamanı ermənilər Gəncə və Bərdə şəhərlərinə raket ataraq günahsız, mülki şəxsləri qətlə yetirdilər. Bu, bir daha onların çirkin simasını bütün dünyaya göstərdi.

2023-cü il sentyabrın 11-də Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı birləşmələri ordumuzun Xocavənd rayonu istiqamətində döyüş növbətçiliyi aparan hərbi qulluqçularımıza qarşı sui-qəsd məqsədilə itin üzərinə uzaqdan idarə olunan partlayıcı maddə yerləşdirərək hərbi qulluqçularımıza tərəf hərəkət etməyə məcbur etmişlər. Bu, bir daha ermənilərin nə qədər alçaq, insani hisslərdən uzaq olmağını təsdiq edir.

Ermənilər blokada şəraitində yaşadıqlarını, ac qaldıqlarını, ərzaq çatışmazlığı ilə üz-üzə qaldıqlarını və s. haqqında sərsəm bəyanatlar verirlər. Lakin əsl həqiqət göz qabağındadır. Rusiya QXC-nin humanitar yardımla dolu avtomobili üç gün Bərdə şəhərində qaldıqdan sonra nəhayət Xankəndiyə yola salındı.

Məlumdur ki, Bərdə-Ağdam yolundan istifadə etməklə onların Xankəndiyə gediş-gəlişi təklif olunsa da, ermənilər qətiyyətlə bu təklifdən imtina edirlər. Mənfurların məqsədi yoxlanılmadan hər zaman Azərbaycan sərhədinə daxil olmaqdır. Lakin onların özbaşına hərəkətlərinə Azərbaycan Respublikası heç zaman imkan verməyəcək.

Ermənilər Ağdam-Xankəndi yolunun açılmaması üçün nə qədər cəhd etsələr də, artıq Rusiya QXC-yə məxsus avtomobilin səsi bu yoldan gəlir. Bu yolla avtomobilin doğma Xankəndimizə irəliləməsi hər bir azərbaycanlının sevincinə səbəb oldu. Qürurla deyə bilərik ki, yolumuz Xankəndiyədir.

Vəli VƏLİYEV,

"Respublika".