Beynəlxalq qurumların haqq işimizə dəstəyi sülhə inamı daha da artırır
Gündəm

Beynəlxalq qurumların haqq işimizə dəstəyi sülhə inamı daha da artırır

Avropa İttifaqı açıqladığı bəyanatla Azərbaycanın həyata keçirdiyi lokal xarakterli antiterror tədbirlərini dəstəklədiyini bəyan etmiş oldu. İstənilən halda pozulmuş ədalətin Azərbaycan tərəfindən bərpa edilməsi legitim hüququmuzdur. Üstəlik, Azərbaycan bütün aspektlərdə beynəlxalq hüquq prinsiplərini ön planda tutaraq addımlar atır. 

Azərbaycan keçirdiyi lokal antiterror tədbirlərini öz ərazisindəki qeyri-qanuni silahlılara qarşı yönəltmişdir. O cümlədən antiterror tədbirləri zamanı mülki əhalinin təhlükəsizliyi qorunmuşdur. Heç bir beynəlxalq səviyyəli əməliyyatlar zamanı bu cür həssaslıq müşahidə etmək mümkün deyildi ki, Azərbaycan çətin relyefdə buna nail olmuşdur. Belə ki, legitim hərbi hədəf kimi müəyyən edilmiş nöqtələrdə sonradan mülki insanların olduğu ehtimal olunduqda zərərsizləşdirmə əməliyyatlarının təxirə salınması deyilənləri bir daha  təsdiq edir.

Azərbaycan Qarabağın mülki əhalisinin - öz vətəndaşlarının  hüquq və təhlükəsizliklərini təmin edir. Digər tərəfdən, Azərbaycanı tərk etmək istəyən şəxslər üçün də dəhliz yaradılıb. Antiterror tədbirləri başa çatandan sonra dövlətimiz  Qarabağdakı erməni əsilli sakinlərə humanitar yardımlar göndərir, sosial infrastruktur bərpa olunur və mümkün bütün vasitələrdən istifadə edilməklə birgə yaşamaq üçün şərait formalaşdırır. Avropa İttifaqı Qarabağda baş verən prosesləri yaxından izləyir və Azərbaycanın öz sakinlərinə olan dəstəyini yüksək qiymətləndirir.

Avropa İttifaqının Azərbaycanın haqq işini dəstəkləməsi bir daha göstərdi ki, heç bir qüvvə bizim iradəmizə təsir edə bilməz. Məsələ ilə bağlı Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Xəyal Bəşirov bildirdi ki, Avropa İttifaqının mövqeyi tam yerinə düşdü:

"Azərbaycan həm İkinci Qarabağ müharibəsi dönəmində, həm də sonrakı mərhələdə Ermənistanın təxribat xarakterli addımlarına cavab olaraq antiterror tədbirləri həyata keçirərkən, özünün konstitusion dövlət quruluşunu həmin ərazilərdə də bərpa edərkən daim beynəlxalq prinsipləri nəzərə alıb. Biz çatdırmağa çalışırdıq ki, Azərbaycan əraziləri çərçivəsində cinayətkar ünsürlərin təmizlənməsi və Azərbaycanın konstitusion quruluşunun tam bərqərar edilməsi mütləqdir. Nəticədə biz suverenliyimizi tam bərpa edə bildik. Əslində bu, BMT-nin üzvü olan hər bir dövlətin suveren hüququdur ki, öz ərazisində beynəlxalq hüquqla, beynəlxalq müqavilələrlə, beynəlxalq aləmdə qəbul edilmiş qayda və qanunlarla özünün ərazilərində suverenliyini təmin etsin, dövlətçilik üçün təhdid yaradacaq hər hansı bir problemin həllini həyata keçirsin. Eyni addımları Azərbaycan da atdı. Əslində İkinci Qarabağ müharibəsindən sonra beynəlxalq ictimaiyyətin diqqətinə dəfələrlə çatdırdıq ki, Azərbaycan heç bir halda güc yolunu seçmək istəmir. Yəni üç ilə yaxın bir müddət ərzində dövlətimiz əlindən gələn hər şeyi etdi ki, antiterror tədbirlərinin həyata keçirilməsinə ehtiyac qalmasın. Amma Ermənistan, ona havadarlıq edən qüvvələr, cinayətkar qruplaşmalar Azərbaycanı güc tətbiq etmək və antiterror tədbirləri həyata keçirməyə məcbur etdi. Onlar düşünürdülər ki, Azərbaycan antiterror tədbirləri həyata keçirəcək və onlar xəstəxanalardan, səhiyyə, təhsil və digər mülki obyektlərdən hərbi məqsədlərlə istifadə edəcəklər. Azərbaycan da həmin obyektləri vurmaq məcburiyyətində qalacaq və bununla da ölkəmizə qarşı beynəlxalq ictimaiyyətə yalan məlumatlar ötürməyə nail olacaqlar. Amma Azərbaycan bir daha bütün beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı ki, beynəlxalq hüquqa hörmətlə yanaşır, Ermənistandan fərqli olaraq mülki insanlar, obyektləri hədəfə almır. Biz antiterror tədbirlərinin həyata keçirilməsi zamanı dünyanın gözü qarşısında görüntüləri yaydıq ki, biz yalnız və yalnız hərbi hədəfləri nişan alırıq. Səhiyyə, təhsil, tibb və digər inzibati orqanların binalarının hədəfə alınması bizim siyasətə, o cümlədən də atdığımız addımlara və apardığımız mübarizəyə aid deyil.

Təbii ki, Avropa İttifaqının bu bəyanatı bir daha sübut etdi ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin korlanmasında maraqlı olan qüvvələr olsa da, həmin o qüvvələrə biz rəvac vermirik. Mümkün qədər çalışırıq ki, həmin o qüvvələrin istəkləri puça çıxsın, arzuları ürəklərində qalsın. Çünki Azərbaycan Avropa İttifaqı ilə münasibətlərini bir gün ərzində qurmayıb.

Bütün bu proseslərin fonunda erməni iftirası, təxribatı, hiyləgərliyi və məkri çox cılız görünür və düşünürəm ki, Avropa İttifaqına üzv olan bəzi dövlətlər münasibətlərində müəyyən yanlışlıqlara yol versələr də, qısa müddət ərzində həmin o yanlışlıqları aradan qaldırdılar. Hesab edirəm ki, bu addımlarla biz bir sıra qüvvələrin yenə də planlarını pozmuş olduq. Avropa İttifaqının bu bəyanatı digər təşkilatlar, dövlətlər üçün də nümunə olmalıdır. Və onlar da nəhayət ki, Azərbaycana münasibətdə ədalətli mövqedən, real və səmimi prizmadan yanaşma tərzini ortaya qoyacaqlar. Nəticədə bu proses Azərbaycanın qarşıya qoyduğu legitim hədəflərinə çatması üçün müsbət rol oynayacaq".

 

Nurlan ABDALOV,

"Respublika".