BMT-ATƏT-Aİ triosu -ikili standartın təmsilçiləri
Siyasət

BMT-ATƏT-Aİ triosu -ikili standartın təmsilçiləri

10 noyabr 2020-ci il üçtərəfli Bəyanat ilə Ermənistanı rəsmən kapitulyasiyaya uğratdı. Bu tarixi zəfər beynəlxalq qurumlar tərəfindən müxtəlif cür şərh olundu. Bəzi təşkilatlar bunun ölkəmizin suveren haqqı olduğunu bildirərək dəstək verdi, bəziləri isə əksinə, işğalçı Ermənistana və separatçı rejimə havadarlıq edərək öz çirkin əməllərini bəlli etdi. Müharibədən əvvəl və sonra beynəlxalq təşkilatların Azərbaycan-Ermənistan münaqişəsinə münasibətinə nəzər yetirsək, sülhə dəstək vermək üçün bəyanatlar verən bəzi dırnaqarası qurumların əslində, sülhü yubandırmaq üçün əllərindən gələni etdiklərini gördük.

BMT. Ermənistan-Azərbaycan münaqişəsi başladıqdan sonra bir müddət bu problem BMT-nin, ümumilikdə beynəlxalq qurumların diqqətini cəlb etmədi. Səbəb ondan ibarət idi ki, münaqişənin başladığı ilkin mərhələdə dünya birliyi onun aradan qaldırılmasında maraqlı deyildi. Çünki bu problemin həll olunması Sovet İttifaqının daxilində gedən dağıdıcı proseslərə, SSRİ-nin süqutuna mane ola bilərdi. Münaqişənin meydana çıxması isə bilavasitə Kremlin ssenarisi əsasında baş tutmuşdu. İttifaq rəhbərliyi "parçala, hökmranlıq et" prinsipinə əsaslanaraq regional münaqişələr yaratmaqla diqqəti ölkənin əsas problemlərindən yayındırmaq, beləliklə, müttəfiq respublikalarda müşahidə edilən milli azadlıq hərəkatının genişlənməsini əngəlləməyə çalışırdı.

Lakin bu plan SSRİ üçün bumeranq rolunu oynadı və etnik münaqişələr imperiyanın dağılmasının qarşısını ala bilmədi, hətta prosesi daha da sürətləndirdi. Hiyləgər ermənilər isə xaricdəki lobbiləri vasitəsilə özlərini işğalçı deyil, yazıq dövlət kimi tanıtmağa başladı. Bu məkrli siyasət ABŞ-da öz təsirini xüsusilə göstərirdi. 1991-ci ildə müstəqilliyini elan edən Azərbaycan Respublikası bu barədə bütün beynəlxalq təşkilatlara, o cümlədən BMT-yə və dünya dövlətlərinə müraciət etdi. Bir il sonra, 1992-ci ilin martında Azərbaycan BMT-yə üzv qəbul edildi. Elə həmin ilin martında Nyu-Yorkda Azərbaycanın BMT yanında daimi nümayəndəliyi açıldı. Bundan sonra Azərbaycan BMT-yə müraciət edərək Ermənistanın təcavüzkar siyasətinə münasibət bildirməyi və bu ölkənin işğalçılıq əməllərinin qarşısını almağı xahiş etdi. BMT-nin nümayəndə heyəti bu müraciətə əsaslanaraq regiona səfər etdi və bu barədə BMT Baş katibinə müvafiq məlumatlar verdi. Haylar da bu dövrdə öz yalançı tarixini dünyaya sırımağa başladı. BMT isə Ermənistanın bu təcavüzü qarşısında öz rahatlığını pozmayıb sadəcə "narahatlığını bildirirdi".

1993-cü ildə Kəlbəcərin işğalından sonra Azərbaycan BMT-yə bir daha müraciət etmiş, BMT isə öz ənənəsinə sadiq qalaraq narahatlığını bildirmiş, "yerli erməni sakinlərinin müdaxiləsi" kimi qələmə vermişdir. Bu, erməni lobbisinin xarici dövlətlərdə apardığı qaralama kampaniyasının təzahürü idi.

Bu dövrdə BMT Azərbaycana təcavüzü pisləyən 822, 853, 874, 884 saylı 4 qətnamə qəbul etdi. O zaman Azərbaycanın uğuru kimi qiymətləndirilən bu qətnamələr isə münaqişənin həllinə stimul vermədi, çünki qətnamələrdə birbaşa Ermənistanın adı çəkilməmiş, "yerli erməni sakinləri" kimi qeyd olunmuşdu, Ermənistanın bilavasitə adıçəkilən yerlərdə isə Azərbaycana sərf edən nəticə alınmamışdı. İkinci səbəb isə bu qətnamələrin sadəcə sözdə qalması idi. BMT bu qətnamələrin icrası üçün gözə görünən heç bir addım atmamışdı. Üçüncü səbəb isə o idi ki, erməni lobbisinin oyunları ilə hökumət bu qətnamələrdən yayına bilmişdi. Daha sonra BMT Təhlükəsizlik Şurası 1992-1995-ci illərdə sülhlə bağlı bir sıra bəyanatlar versə də, bunlar da bəyanatlardan o tərəfə keçməyib.

ATƏT. Ölkəmizin Qarabağ münaqişəsi dövründə ən sıx əməkdaşlıq etdiyi təşkilatlardan biri olan ATƏT-in bu münaqişədə BMT-dən bir az "cəld" davrandığı müşahidə olunub. Amma nə fayda? Azərbaycan 1992-ci il yanvarın 20-də ATƏT-ə üzv qəbul edilib. Sözügedən münaqişə ətrafında yaradılan "ən mühüm" qrup isə 1992-ci ilin martında yaradılan Minsk qrupudur. Minsk qrupunun əsas vəzifəsi Ermənistan-Azərbaycan konfliktini nizama salmaq və problemi dinc vasitələrlə həll etmək üçün müvafiq sənəd hazırlamaq, xüsusi Minsk konfransı çağırmaqla bu konflikti "guya ki" birdəfəlik aradan qaldırmaq idi. Qrupun tərkibinə 11 dövlət - Türkiyə, Almaniya, ABŞ, Fransa, Rusiya, İtaliya, İsveç, Çexiya, Belarus, Azərbaycan və Ermənistan daxildir. Onun həmsədrlik funksiyası 1994-cü ildən iki dövlətin - Rusiya və Finlandiyanın, 1997-ci ildən isə Rusiya, ABŞ və Fransanın nümayəndəsi tərəfindən həyata keçirilib. Lakin konflikt dövründə açıq-aydın göründü ki, Minsk qrupu sadəcə "yol ölçürdü". Saysız görüşlər münaqişənin həllində nəticə hasil etmirdi.

1994-cü il Budapeşt, 1996-cı ildə Lissabon və 1999-cu ildə İstanbulda keçirilən sammitlərdə də yekun nəticə alınmayıb. Ulu öndərin rəhbərliyi dövründə baş tutan bu sammitlərdə Azərbaycan-Ermənistan münaqişəsi geniş müzakirə olunmuş və dahi şəxsiyyət Heydər Əliyev öz siyasi hazırlığını bir daha nümayiş etdirmişdir. Bu sammitlərdən xüsusilə Portuqaliyanın Lissabon şəhərində keçirilən sammiti xüsusi vurğulamaq lazımdır. Bu, Azərbaycanın ATƏT-də siyasi qələbələrinin başlanğıcı olaraq hesab olunur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də mütəmadi olaraq ATƏT-in sammitlərində çıxış etmiş, Ermənistanın işğalçı siyasətindən geniş prizmada bəhs etmişdir. Lakin müharibə dövründə BMT kimi ATƏT-də yalnız rəsmi sənəd və bir sıra görüşlərlə kifayətlənmiş, konstruktiv addımlar atmaqdan çəkinmişdir. Müharibədən sonrakı dövrdə isə 2021-ci ildə ATƏT-in Azərbaycan və Ermənistanın qarşılıqlı razılığı olmadan sərhədə missiya göndərmək cəhdlərinin Azərbaycan tərəfi yolverilməz olduğunu bildirmişdir.

Aİ. Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın tarixi kökləri 1993-cü ilə dayanır. Həmin ilin fevral ayında bu beynəlxalq təşkilatla ölkəmiz arasında ilk əlaqələr qurulub. 1993-cü il aprel ayının 7-də Avropa İttifaqı Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı bəyanatla çıxış etmişdir. Həmin bəyanatda təşkilata üzv ölkələr münaqişənin dərinləşməsindən "narahatlıq keçirdiklərini" bildirmişdilər. Lakin bu bəyanatda Ermənistanın respublikamızın ərazilərini işğal etməsi faktına dair heç bir konkret münasibət ifadə olunmur və münaqişənin əsl səbəbləri barədə fikir bildirilmirdi. Avropa İttifaqı məsələyə daha çox neytral mövqedən yanaşmağa və təcavüzkarın kim olduğunu etiraf etməməyə çalışırdı. Münaqişəyə dair ötən əsrin 90-cı illərində verilən bəyanatlarda BMT-nin məlum 4 qətnaməsi dəstəklənmiş və təəssüf ki, Birləşmiş Millətlər Təşkilatı ilə "eyni xətt üzrə" hərəkət etmişdir. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1993-cü ilin iyunundan xalqın yekdil iradəsi əsasında Azərbaycana yenidən rəhbərliyə qayıtdıqdan sonra dünya və regional beynəlxalq strukturları ilə əməkdaşlığın genişləndirilməsi sahəsində daha səmərəli işlər görülmüşdür.

44 günlük Vətən müharibəsindən sonra Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması, sülh müqaviləsinin imzalanmasında Avropa İttifaqının xüsusi fəallığı hiss olunur. 2021-ci il 14 dekabr tarixində Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan ilə birgə görüşü keçirildi. Görüşün nəticəsi olaraq Avropa İttifaqı rəhbərinin səsləndirdiyi bəyanatda açıq şəkildə Rusiyada imzalanmış 2020-ci ilin 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr (Soçi) görüşləri və bəyanatları sadalandı, həmin sənədlərdən irəli gələn öhdəliklərin yerinə yetirilməsinin vacibliyi vurğulandı. 2022-ci 6 aprel tarixində Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə növbəti görüşü baş tutdu. İkinci üçtərəfli görüşdən sonra yayılan bəyanatda qeyd olundu ki, liderlər 2021-ci ilin dekabrında Brüsseldə keçirdikləri son görüşdən sonra baş verənləri qiymətləndirdilər. Həmçinin liderlər 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəalarına tam əməl olunmasının zəruriliyini təkrarladılar. Tərəflər 2022-ci il martın 30-da Aİ-nin vasitəçiliyi ilə Brüsseldə Ermənistan və Azərbaycanın yüksək səviyyəli nümayəndələrinin görüşünü alqışladı və liderlər səviyyəsində əldə olunmuş razılaşmaların təminatı üçün bu əlaqənin davam etdirilməsinin zəruriliyi barədə razılığa gəldilər.

Ümumiyyətlə, Avropa İttifaqının son dövrdə Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı fəallığı daha çox hiss olunur. Regionda qərbə meyilli siyasət yaratmaq istəyi bu İttifaqı bölgədə daha da aktiv olmağa sövq edir. Lakin yekun olaraq götürsək, görərik ki, hər üç qurum münaqişənin həll olunmasında qətiyyətli addımlar atmayıb. Buna müvafiq olaraq, Azərbaycan öz Ordusunun gücünə, "dəmir yumruğun" hesabına bu sənədlərin boş kağız parçası olduğunu sübut etdi. Prezident İlham Əliyevin işğal altında olan torpaqları azad etməsi, orada böyük quruculuq və qayıdış işlərinə başlanması dövlət başçısının uğurlu siyasətinin nəticəsidir.

Tacir SADIQOV,

"Respublika".