Danışıqlar prosesində Vaşinqton formatı yenidən gündəmə gələ bilər
Siyasət

Danışıqlar prosesində Vaşinqton formatı yenidən gündəmə gələ bilər

Beynəlxalq hüququn norma və prinsipləri Azərbaycanın xarici siyasətində həmişə prioritet olub. Dövlətimiz hər zaman beynəlxalq öhdəliklərinə uyğun hərəkət edib, eyni zamanda Azərbaycan öz milli maraqlarına zidd olan bütün mənfi hərəkətlərə qarşı qətiyyətli mövqe nümayiş etdirib. 30 il Ermənistanın işğalından əziyyət çəkməsinə baxmayaraq, qarşı tərəfə barışıq əlini ilk uzadan da Azərbaycan olub.

İkinci Qarabağ müharibəsində qalib gələn ölkəmiz müharibənin başa çatmasından sonra regionda iki dövlət arasında münasibətlərin yaradılması üçün Ermənistana 5 baza prinsipindən ibarət sülh paketi təqdim edib. Həmin sənəddə dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması, bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək, nəqliyyat və kommunikasiyaların açılışı kimi məsələlər qeyd olunub.

Lakin Ermənistanın və sülh prosesinə "töhfə" vermək istəyən Qərb formatının danışıqlar əsasında reallıqları təhrif etməyə çalışması hələ də yekun razılaşmanın əldə olunmamasına rəvac verib.

Bu günə kimi Moskva, Brüssel və Vaşinqton Azərbaycan və Ermənistan dövlətləri arasında moderatorluq təşəbbüsü ilə çıxış edib. Keçirilən görüşlər həm liderlər səviyyəsində, həm də XİN rəhbərlərinin iştirakı ilə baş tutub. Sülh sazişi üzrə danışıqlara başlanılmasının təşəbbüskarı olan Azərbaycan təklif etdiyi baza prinsipləri əsasında Ermənistanla dövlətlərarası münasibətlərin normallaşdırılması haqqında sazişin hazırlanması və imzalanması üçün bütün formatlara, eləcə də Vaşinqton görüşlərinə xüsusi önəm verirdi. Bu məqsədlə də bir neçə dəfə ABŞ-da Ceyhun Bayramov və ermənistanlı həmkarı Arorat Mirzoyan sülh danışıqlarını müzakirə ediblər. Hətta Vaşinqtondakı danışıqlardan sonra Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlikləri "Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzrə danışıqlarda əlavə tərəqqiyə nail olunub" kimi açıqlama da vermişdilər. Amma Azərbaycanın Qarabağı nəzarətə götürməsilə ABŞ-ın qərəzli mövqe sərgiləməsi, onun vasitəçiliyinin sual altına alınması ilə nəticələndi. Üstəlik, ötən ay ABŞ dövlət katibinin köməkçisi Ceyms O'Brayn Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin Avropa üzrə alt komitəsinin dinləmələrində verdiyi əsassız açıqlamalarla Azərbaycan və ABŞ arasında ikitərəfli və çoxtərəfli formatlarda münasibətlərə də zərbə vurmuş oldu. Belə olan təqdirdə Azərbaycan XİN bəyanat yayaraq 20 noyabr 2023-cü ildə Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri səviyyəsində görüşün keçirilməsini qeyri-mümkün hesab etmişdir. Bundan sonra Azərbaycanın geri addım atmadığını görən ABŞ münasibətlərin normallaşdırılması məqsədilə dövlət katibi Blinken Prezident İlham Əliyevə zəng edib, köməkçisi Ceyms O'Braynın Azərbaycana səfərinə icazə verilməsini xahiş etmişdi. Dövlətimizin başçısı həmin təkliflə bir şərtlə razılaşmışdı ki, bu səfərdən sonra Azərbaycanın yüksək səviyyəli rəsmilərinin ABŞ-a səfərlərinə qoyulan əsassız qadağa aradan qaldırılsın. Beləliklə, ABŞ-Azərbaycan münasibətlərinin düzəlməsi Vaşinqton formatının bir daha gündəmə gəlməsinə zəmin yarada bilər.

Artıq Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında növbəti görüşün 2024-cü ilin yanvarında Vaşinqtonda keçiriləcəyi barədə xəbərlər yayılır. Məsələ ilə bağlı Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmun Marukyan ölkəsinin İctimai Televiziyasında nazirlər səviyyəsində görüşün baş tutacağı mesajını verib. Bununla belə, İrəvan rəsmisi ABŞ-da keçirilməsi nəzərdə tutulan görüşdə Ermənistanın sülh müqaviləsi imzalamağa hazır olmadığını da qeyd edib. O bildirib ki, "səhv təəssürat yaranıb ki, danışıqlar ABŞ-da, Brüsseldə və ya Moskvada gedirsə, deməli, onlar qarantdır. Bu, belə deyil. Zəmanət mexanizmi sənədləşdirilməli, tərəflər arasında mübahisə yaranarsa, orada bütün şərtlər əksini tapmalıdır".

Nəzərə alaq ki, Ermənistan tərəfindən bu cür qeyri-konstruktiv açıqlamaların gəlməsi heç də təəccüblü deyil. Çünki Ermənistan 2020-ci il 10 noyabr bəyanatının müddəalarına əməl etmədiyi kimi, beynəlxalq hüquqla ayaqlaşan 5 baza prinsiplərindən ibarət sülh paketinə öz maraqları çərçivəsində yanaşır. Belə olan təqdirdə isə hər hansısa bir razılaşmanın olacağı çətin görünür.

ABŞ tərəfinin mövqeyinə gəlincə deyə bilərik ki, Vaşinqton hər zaman olduğu kimi, regionda öz təsirini saxlamaq üçün indidən xoş niyyətli açıqlamalar verir. Dövlət Departamentinin sözçüsü Metyu Miller son açıqlamasında Birləşmiş Ştatların Ermənistan və Azərbaycan arasında hərbi əsirlərin mübadiləsindən sonra sülhün mümkün olacağına inandığını bildirib və ölkəsinin Bakı və İrəvanla mövcud istiqamətdəki işi davam etdirəcəyini bəyan edib. Gələn il keçirilməsi planlaşdırılan görüşdən hər hansısa müsbət dəyişiklik gözləmək ümidilə...

Musa BAĞIRLI,

"Respublika".