BÖLGƏLƏRDƏ  ELEKTRİK TƏSƏRRÜFATI YENİDƏN QURULUR
Region

BÖLGƏLƏRDƏ  ELEKTRİK TƏSƏRRÜFATI YENİDƏN QURULUR

Ölkəmizdə enerji infrastrukturunun müasir yanaşmaların tətbiqi yolu ilə yenidən qurulmasının diqqət mərkəzində saxlanılması Azərbaycan dövlətinin qarşıya qoyduğu strateji hədəflərlə bağlıdır. Bu baxımdan, praqmatik dövlət başçısı cənab  İlham Əliyevin göstəriş və tapşırıqlarına uyğun olaraq regionlarda elektrik enerjisinin təchizatının daha da yaxşılaşdırılması, istehlakçıların dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması istiqamətində geniş tədbirlər həyata keçirilir. 

Yevlax rayonunun Yuxarı Qarxun kəndində də istehlakçıların fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması istiqamətində tədbirlər davam etdirilir. Kəndin 350 nəfər sakininin yaşadığı yeni yaşayış massivində “Yevlax Elektrik Şəbəkəsi”  tərəfindən müasir tələblərə cavab verən 0,4 kv-luq  elektrik şəbəkəsinin qurulmasına başlanılıb və artıq 45 ədəd SİP kabelin dayaqları basdırılıb. Ümumilikdə isə kənddə 117 ədəd 0,4 kv-luq, 6 ədəd isə 10 kv-luq dayaqların basdırılması nəzərdə tutulub.

Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev Yuxarı Qarxun kəndində olub, işlərin gedişi ilə yerində tanış olaraq kənd sakinləri ilə görüşüb, aparılan işlərin gedişatı ilə bağlı əlavə tapşırıqlar verib.

Kənd sakinləri köhnə və qəzalı vəziyyətdə olan elektrik dirəklərinin zaman-zaman elektrik enerjisinin kəsilməsinə səbəb olduğunu bildiriblər. Elektrik şəbəkəsinin yenidən qurulması nəticəsində artıq bu problemlər aradan qalxacaqdır. Sakinlər onlara yaradılan bu şəraitə görə ölkə Prezidenti cənab  İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

Zabit XƏLİLOV,              

“Respublika”.