TƏRTƏRDƏ BARAMAÇILIĞA QAYĞI
Region

TƏRTƏRDƏ BARAMAÇILIĞA QAYĞI

Azərbaycan üçün ənənəvi və gəlirli sahə olan baramaçılıq müəyyən səbəblər üzündən bir zamanlar tamamilə yaddan çıxmışdı. Halbuki əvvəllər aqrar sahənin bu sektorunda uğurlu nəticələr əldə olunmuş, ipəkçilik inkişaf etdirilmişdir.

Ölkəmizdə ipəkçiliyin sürətli inkişafı ötən əsrdə 70-ci illərin əvvəllərinə təsadüf edir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və birbaşa qayğısı ilə ipəkçiliyin inkişaf etdirilməsi üçün maddi-texniki baza yaradılmış, nəticədə barama istehsalında dinamik artım müşahidə olunmuşdur.

Azərbaycan ikinci dəfə müstəqillik qazandıqdan sonra ilk illərdə baramaçılıq və ipəkçilik iflic vəziyyətdə idi. Sonrakı dönəmdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının gücləndirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi üçün bir sıra irimiqyaslı layihələrin icrasına start verildi. Əhalinin maddi rifah halının yaxşılaşdırılması, bölgələrdə məşğulluğun təmin olunması respublikamızda aparılan siyasətin əsasını təşkil edir. Əksər sahələrdə olduğu kimi, baramaçılığın da əvvəlki şöhrətinin bərpası üçün dövlət tərəfindən göstərilən dəstək öz bəhrəsini verir.

Prezident İlham Əliyevin «Azərbaycan Respublikasında ipəkçiliyin inkişafına dövlət dəstəyi haqqında» 2016-cı il 15 sentyabr tarixli və «İpəkçiliyin və fındıqçılığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında» 2016-cı il 16 noyabr tarixli sərəncamlarından irəli gələn vəzifələr respublikanın hər yerində uğurla icra olunur.

İqtisadiyyatının əsasını kənd təsərrüfatının təşkil etdiyi Qarabağ iqtisadi rayonuna daxil olan, son illərdə aqrar sahədə yüksək nailiyyətlərin əldə olunduğu Tərtər rayonunda baramaçılığın vəziyyəti ilə maraqlandıq. Əldə etdiyimiz məlumata görə, Qax ipəkçilik, damazlıq stansiyası tərəfindən kümçülərə 330 qutu ipəkqurdu 28 inzibati ərazi dairəsində 104 kümçüyə paylanmışdır, 10165 kiloqram yaş barama tədarük olunaraq təhvil verilmişdir.

Cari ildə Bərdə barama qurutma idarəsindən 375 qutu ipəkqurdu götürülərək rayonun 30 inzibati dairəsi üzrə 106 kümçüyə paylanmışdır. İpəkqurdu paylanmamışdan öncə kümxanalara baxış keçirilmiş, dezinfeksiya olunmuş və lazımi şərait yaradılmışdır.

Qeyd etmək lazımdır ki, rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov mütəmadi olaraq kümçülərlə görüşür, ipəkqurdunun saxlanma şəraiti ilə maraqlanır, öz tövsiyə və tapşırıqlarını verir. Rəqəmlərə nəzər saldıqda görünən odur ki, rayonda baramaçılığa meyil edən insanların sayında artım müşahidə olunur.

Rayonun Seyidimli kəndində barama saxlanılan yerə baş çəkdik. Kümçü Tamaşa Cəlalova bu işə həddindən artıq həvəslə yanaşdığını bildirdi. Qeyd etdi ki, dövlətimizin göstərdiyi qayğıdan bəhrələnərək hər il aqrotexniki qaydalara uyğun qulluq edərək ipəkqurdu yetişdirərək yüksək məhsuldarlığa nail oluruq. O, qeyd etdi ki, qısa zaman kəsiyində əldə olunan gəlir bizi qane edir. Ailə büdcəmizə kifayət qədər gəlir daxil olur. Bu baxımdan bu il 6 qutu ipəkqurdu götürərək bəsləyirik.

Vurğuladı ki, ötən il 312 kiloqram yaş barama təhvil vermişdir. Cari ildə bu rəqəmin bir qədər artacağı heç bir şübhə doğurmur. Kənddə ipəkqurdu bəsləmək üçün yem bazası yaradılmış, müxtəlif ərazilərdə 2 mindən yuxarı tut ağacına yüksək aqrotexniki qulluq göstərilir.

Qeyd etmək lazımdır ki, baramaçılıqda yem bazasının artırılması üçün Tərtərdə 300 min ədəddən çox tut ağacı əkilmişdir.

Vəli VƏLİYEV,

«Respublika».