Böyük Qayıdış: yeni yollar inşa edilir
Region

Böyük Qayıdış: yeni yollar inşa edilir

İkinci Qarabağ müharibəsini qələbə ilə başa çatdıran, bölgədə yeni reallıqlar yaradan Azərbaycan bütün ölkələr üçün nümunəyə çevrildi, yeni bir tarixi gerçəklik yaratdı. Tarixi Qələbədən dərhal sonra işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və sonrakı mərhələlərdə dayanıqlı inkişafına nail olunması üçün önəmli strateji istiqamətlərdən biri bölgənin minalardan, partlamamış hərbi sursatlardan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsinə başlanıldı. Otuz ilə yaxın işğalda saxladığı əraziləri başdan-başa minalarla çirkləndirən Ermənistan üçtərəfli Bəyanatdan sonra bəzi əraziləri boşaltmaq üçün möhlət aldığı müddət ərzində də torpaqlarımıza ölüm sursatları basdırmaqla öz çirkin niyyətindən əl çəkmədi. Xain düşmənin basdırdığı minalar yüzlərlə dinc sakinin və hərbçinin ölümünə səbəb olur, onlarla insan isə ömürlük şikəst qalır. Ona görə də əhalinin, infrastruktur və istehsal obyektlərinin, kənd təsərrüfatı təyinatlı ərazilərin, həmçinin strateji əhəmiyyətli tikililərin və binaların təhlükəsizliyinin təmin edilməsi üçün ardıcıl olaraq minalardan təmizlənmə işləri davam etdirilir.

Döyüş sursatlarından və minalardan təmizlənən ərazilərdə 2020-ci ilin noyabr ayından etibarən hava limanlarının, avtomobil və dəmir yollarının tikintisinə başlanılıb, qısa zaman ərzində bölgədəki müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturu yaradılır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra olunan nəhəng yol infrastrukturu layihələri ölkəmizin gücünü, iradəsini, torpaqların əsl sahibi olduğunu göstərir. Qarabağın və Şərqi Zəngəzurun bərpasını, inkişafını keçmiş məcburi köçkünlərin doğma yurd yerlərinə qayıdışını nəzərdə tutan "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" uğurla icra olunur.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdışa dair Dövlət Proqramında nəzərdə tutulmuş Tədbirlər Planında 2022-2026-cı illər ərzində 20 avtomobil yol layihəsinin və Laçın rayonunda Beynəlxalq Hava Limanının tikintisi ilə bağlı qazma, partlatma və torpaq işlərinin yerinə yetirilməsi nəzərdə tutulub. Bu istiqamətdə ardıcıl və davamlı işlər həyata keçirilir. Artıq bu layihələrdən beşinin tikintisi başa çatdırılıb. 2020-ci ildə Tərtər-Suqovuşan-Çaylı və Talış qəsəbəsinə gedən 28,5 km uzunluğunda avtomobil yolu çəkilərək istifadəyə verilib. Qalib Ali Baş Komandan İlham Əliyevin tövsiyəsi ilə İkinci Qarabağ müharibəsində əsirlikdə qalan Şuşanın azad edilməsi üçün qəhrəman ordumuzun bölmələrinin irəlilədiyi cığırların izi ilə Zəfər yolunun tikintisinə başlanıldı və 2021-ci ildə 101 km uzunluğunda olan müasir yol istifadəyə verilib. Danılmaz faktdır ki, yolçəkənlər çətin şəraitdə əsl fədakarlıq nümayiş etdirərək Zəfər yolunu qısa müddət ərzində başa çatdırıblar. Bundan başqa, 2022-ci ildə uzunluğu 22 km olan Laçın şəhərinə daxil olmadan yeni alternativ avtomobil yolunun tikintisi uğurla icra olunub. Artıq həmin yolun üzərində Laçın sərhəd-nəzarət-buraxılış məntəqəsi qurulub və Azərbaycanın erməni vətəndaşlarının başqa ölkələrə maneəsiz gediş-gəlişi təmin olunur. Cari ilin əvvəlində Talış-Tapqaraqoyunlu-Qaşaltı sanatoriyasını birləşdirən 22 km uzunluğunda yeni avtomobil yolunun tikintisi aparılıb. Qeyd edək ki, bu yol 2020-ci ildə istifadəyə verilmiş Tərtərçay-Suqovuşan-Talış avtomobil yolunun davamıdır. Yeni yol vasitəsilə Naftalan şəhərindən alternativ gediş-gəliş təmin olunub və bölgənin inkişafı, eyni zamanda turizm baxımından böyük əhəmiyyət kəsb edir.

Ümumiyyətlə, avtomobil yollarının tikintisi mühüm infrastruktur layihələrindən biridir. Gediş-gəliş rahat olandan sonra digər infrastruktur layihələrin icrası daha da sürətlə aparılır. Bu il may ayında dövlətimizin başçısı İlham Əliyevin Füzuli rayonuna səfəri zamanı Füzuli-Hadrut avtomobil yolunun açılış mərasimi keçirilib. Həmin avtomobil yolunun uzunluğu 12 km-dir. Yol birinci texniki dərəcəyə uyğun olaraq inşa edilib. Qeyd edək ki, bu istiqamətdə istifadəyə verilən avtomobil yollarının ümumi uzunluğu 210 kilometrdir və bura həm də Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolu da daxildir. Hadrut qəsəbəsi istiqamətində avtomobil yolunun 8,2 km olan hissəsi də tikilib. Avtomobil Nəqliyyatı Agentliyindən verilən məlumata görə, Qarabağ və Şərqi Zəngəzurda davam etdirilən yol infrastrukturu ilə bağlı 16 layihədən 11-nin icrası bu il başa çatdırılacaq. Hazırda yeni layihələrin icrası üçün mobilizasiya işləri həyata keçirilir. Bura işğaldan azad edilən Ağdam şəhərinin daxili və Hindarx-Ağcabədi avtomobil yollarının tikintisi daxildir. Cari ildə 70,4 kilometr uzunluğunda Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisinin başa çatdırılması nəzərdə tutulur. Bundan başqa, Şükürbəyli-Cəbrayıl-Hadrut və Kəlbəcər-Laçın rayonları ərazisində müxtəlif təyinatlı avtomobil yollarının tikintisi də aparılır. Ən mühüm avtomobil yol layihələrindən biri də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisidir, Zəfər yoluna paralel olaraq inşa olunan yol 4 və 6 hərəkət zolaqlı olacaq. Birinci texniki dərəcəyə uyğun olaraq inşa olunan yolun uzunluğu 81,6 km-dir. Çətin relyefli ərazilərdən keçən həmin yolun tikintisində çox böyük mühəndis qurğularının inşası aparılır və yolda işlərin 50 faizi yerinə yetirilib. Həmin avtomobil yolunun 2024-cü ildə istifadəyə verilməsi nəzərdə tutulur. Uzunluğu 123.6 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu (Zəngəzur dəhlizi) ən iri infrastruktur layihələrdən hesab olunur. Həmin yol boyunca 15 avtomobil körpüsü, 5 yolötürücü, 54 yeraltı keçidin inşası nəzərdə tutulub. Hazırda yolda 14 körpü, 3 yolötürücü, 38 yeraltı keçidin tikintisi aparılır. Sel suların ötürülməsini təmin etmək məqsədilə layihə üzrə 306 dairəvi boru və 120 düzbucaqlı su keçidlərinin inşası başa çatdırılıb. Kommunikasiya xətləri üçün nəzərdə tutulan 60 ehtiyat keçidindən 15 keçidin inşası bitib, 6 keçidin tikintisi isə davam edir. Hazırda avtomobil yolunun ilk 110 kilometrlik hissəsində torpaq işləri aparılır. Belə ki, yolun genişləndirilərək profilə salınması və birinci texniki dərəcəyə uyğun yeni torpaq yatağının inşası işləri, paralel olaraq asfalt örtüyünün tikintisi həyata keçirilir. Yolun tikintisinin gələn il başa çatdırılması nəzərdə tutulub. Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi magistral avtomobil yolunun bir hissəsi olmaqla, Zəngilanı Azərbaycanın digər rayonları və Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək baxımından çox böyük əhəmiyyətə malikdir.

Qarabağ və Şərqi Zəngəzurda tikintisi aparılan və başa çatdırılan yol nəqliyyat qovşaqlarının ümumi uzunluğu iki min kilometrdir. Göründüyü kimi, kifayət qədər böyük layihələr icra olunur. Yolçəkənlərin, körpüsalanların zəhməti sayəsində yeni, müasir və rahat yollar bizi gələcəyə, daha xoş günlərə aparır. Keçmiş məcburi köçkünlərin Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışı yeni inşa edilən rahat yollardan başlayıb. Yeni çəkilən yollar, tunellər, körpülər işğaldan azad edilmiş 9 şəhərə, 300-dən çox kəndə yeni həyat gətirəcək, firavanlıq, inkişaf, tərəqqi, əmin-amanlıq o yerlərin sakinlərinin taleyinə xoşbəxtlik bəxş edəcək.

Salman ALIOĞLU,

"Respublika".