Çağdaş dünya: Güclü Azərbaycanın böyük potensialı
İqtisadiyyat

Çağdaş dünya: Güclü Azərbaycanın böyük potensialı

Ölkəmizin müasir nəqliyyat-logistika infrastrukturu bütün ölkələrlə əməkdaşlıq üçün açıqdır

"Bu gün biz sənaye kooperasiyası ilə bağlı məsələləri ətraflı müzakirə etdik və əminəm ki, haqqında danışdığımız məsələlər, hökumət üzvlərinə verilən tapşırıqlar ən qısa zamanda icra olunacaq. Nəqliyyat sektoru da diqqət mərkəzimizdə olub. Biz Orta Dəhlizi və onun bir hissəsi olan Trans-Xəzər Nəqliyyat Dəhlizini Tacikistandan yükgöndərənlər üçün daha cəlbedici etmək məqsədilə logistika əlaqələrinə dair məsələləri ətraflı nəzərdən keçirdik. Mən həmkarıma məlumat verdim ki, Azərbaycan öz ərazisində bütün iri nəqliyyat və logistika layihələrini praktiki olaraq başa çatdırıb və bu gün müxtəlif istiqamətlərdə - Şərqdən Qərbə və əks istiqamətdə, Şimaldan Cənuba və əks istiqamətdə böyük həcmdə yükləri qəbul etməyə hazırdır". Bu fikirləri mayın 23-də Azərbaycan Prezidenti İlham Əliyev Tacikistan Prezidenti Emoməli Rəhmonla mətbuata bəyanatla çıxışında bildirib.

Trans-Xəzər Nəqliyyat Dəhlizinin Avropa və Mərkəzi Asiya üçün əhəmiyyətinə toxunan dövlət başçısı bildirib ki, Tacikistan Prezidenti ilə iki ölkənin nəqliyyat-logistika infrastrukturunun yeni imkanları nəzərə alınaraq nəqliyyat sektorunda əməkdaşlıq məsələsi də müzakirə olunub: "Hesab edirəm ki, bu istiqamətdə səylərimizi birləşdirmək, addımlarımızı daha sıx əlaqələndirmək faydalı olacaq".

Prezident İlham Əliyev və Tacikistan Prezidenti Emoməli Rəhmon "Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə" imzalayıblar.

Azərbaycan strateji baxımdan Asiya, Yaxın Şərq və Avropa arasında şimal-cənub, eləcə də şərq-qərb ticarət marşrutlarının qovşağında yerləşir. Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş, uzaqgörən, eyni zamanda qətiyyətli siyasət nəticəsində Azərbaycan dövləti böyük uğurlara nail olur. Tarixən mühüm nəqliyyat qovşağı hesab olunan İpək Yolunun Azərbaycandan keçməsi ölkəmizin logistika sahəsində qədim ənənələrə malik olduğunu göstərir. Tarixi İpək Yolunun bərpası istiqamətində nəhəng qlobal təşəbbüsün mühüm həlqəsi kimi çıxış edən Azərbaycan təkcə tranzit ölkə kimi deyil, eyni zamanda Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu, Şimal-Cənub, Şərq Qərb Beynəlxalq Nəqliyyat Dəhlizi kimi layihələrin də təşəbbüskarı və icraçısıdır. Ölkəmiz coğrafi və iqtisadi mövqeyinə görə xüsusi əhəmiyyət daşıyır və yalnız Şərqlə Qərb arasında qapı deyil, həmçinin Şimalla Cənubu da birləşdirən mühüm tranzit rolunu oynayır.

Nəqliyyat-logistika sahəsində böyük potensial var. Ölkəmizdə mükəmməl nəqliyyat infrastrukturu yaradılıb. Hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatının inkişafı istiqamətində mühüm layihələr həyata keçirilir. Hazırda Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına sahibdir. Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal edir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 25 milyon tona qədər yükdaşıma qabiliyyətinə malikdir. Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və əsaslı təmir edilib. Bütün bunlar, eləcə də Qarabağ münaqişəsinin həlli, düşmən üzərində qazandığımız tarixi qələbə regionda nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsi üçün yeni əlverişli imkanlar yaradıb. Yeni hava limanlarının tikintisi, gəmilərin inşası, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında görülən işlər, dəmir yolu infrastrukturunun şaxələndirilməsi, beynəlxalq avtomagistralların tikintisi və yenidən qurulması üçün ayrılan vəsaitlər göstərir ki, Azərbaycan nəqliyyat habına çevrilmək istiqamətində ardıcıl addımlar atır, qətiyyətli iradə ortaya qoyur. Azərbaycan yeganə ölkədir ki, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri layihələrinin hər ikisində iştirak edir. Dünyanın ən iri 100 layihəsindən biri sayılan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun tikintisi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilib. BTQ qitələrarası daşımalar üçün geniş imkanlar açıb. Çin ilə Avropa ölkələri arasında ən qısa marşrut olan bu dəmir yolunun yaratdığı əlverişli şərait bir çox ölkələrin, xüsusilə Şərq ölkələrinin diqqətini cəlb edir. Bu dəmir yolu xətti Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox azaltmağa imkan verir. Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin-Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır. Bakı-Tbilisi-Qars dəmir yolu Çinin elan etdiyi, Azərbaycan da daxil olmaqla, bir sıra ölkələrin dəstəklədiyi "Bir kəmər, bir yol" iqtisadi inkişaf strategiyasının tərkib hissəsinə çevrilib.

Azərbaycan qonşu ölkələrlə - Rusiya və İranla əməkdaşlıq şəraitində Şimal-Cənub marşrutunun inkişaf etdirilməsinə öz töhfələrini verir. Dəhlizin respublikamızın ərazisindən keçən hissəsində bütün işlər yüksək səviyyədə icra olunub ki, bu da marşrutun funksionallığının artmasına müsbət təsir göstərir. Rəsmi məlumatlara görə, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə daşımaların həcmi 57 faiz artıb. Prezident İlham Əliyev bildirib ki, həmçinin İran İslam Respublikasının ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına çıxış imkanı yaradacaq avtomobil və dəmir yolunun çəkilməsi barədə bu ölkə ilə razılıq əldə olunub. Zəngilanın Ağbənd qəsəbəsi yaxınlığında və Naxçıvan ərazisində tikiləcək körpülər vasitəsilə İran ərazisindən keçməklə bağlantı yaradılacaq. Bundan başqa, Araz çayı sahilinin bərpası işləri də aparılıb və çay əvvəlki məcrasına qaytarılıb. Ağbənd avtomobil yolu ilə gündəlik 1100 avtomobilin, 30 avtobusun, 15 min insanın sərhəddən keçidi təmin olunacaq. Bu yol, eyni zamanda tranzit yüklərin daşınmasına da xidmət edəcək və Şərqi Zəngəzur iqtisadi rayonu üçün zəruri infrastrukturdur. Azərbaycan əməkdaşlığa açıq ölkədir. Müstəqil xarici siyasət suverenliyin təminatıdır. Qlobal miqyasda geosiyasi mənzərənin sürətlə dəyişdiyi bir vaxtda bu məsələ daha da aktuallaşır. Çünki hər bir müstəqil dövlətin həyata keçirdiyi özünəməxsus siyasətin əsas istiqamətini milli maraqlar təşkil edir. Həyata keçirilən uğurlu xarici siyasət sayəsində həm ölkəmizin ətrafında əlverişli xarici mühit formalaşdırılıb, həm də milli maraqlara xələl gətirmədən bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında bütün xoşniyyətli tərəfdaşlar üçün Azərbaycan unikal əməkdaşlıq məkanına çevrilib. Bütün bunlar Prezident İlham Əliyevin mövcud beynəlxalq təhlükəsizlik sisteminin təməl daşı olan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan xarici siyasət həyata keçirməsi ilə səciyyələnir. Əldə edilən nəticələr Azərbaycanın qarşısına növbəti yeni vəzifələr qoyur və ölkənin uzunmüddətli maraqlarının reallaşması baxımından yeni imkanlar açır.

Ekspertlər vurğulayırlar ki, istənilən dövlətin iqtisadi inkişafının və ümumi təhlükəsizliyinin fundamental şərtlərindən biri nəqliyyat dəhlizlərinin mövcudluğunun təmin olunmasıdır. Əks halda, hər hansı ciddi iqtisadi inkişafdan, ümumi təhlükəsizliyin təmin edilməsindən söhbət belə gedə bilməz. Hazırda ölkəmizin quru, hava, su, dəmir yolu vasitəsilə müxtəlif istiqamətlər üzrə dünyaya çıxışı var. Şərq-Qərb marşrutu üzrə yükdaşımalara tələbatın artdığını nəzərə alaraq Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınan yüklərin həcmini 1 milyon tondan 5 milyon tona çatdırmaq hədəflənir. Eyni zamanda Azərbaycan Şimal-Cənub Nəqliyyat Dəhlizinin ötürücülük qabiliyyətinin daha da genişləndirilməsi üzərində fəal çalışır. 

Dövlətimizin yürütdüyü daxili və xarici siyasət kursu ilə həm iqtisadi, həm də beynəlxalq aləmdə yüksəlişin təminatçısıdır. Ölkəmizin beynəlxalq aləmdə nüfuzunu təsdiqləyən tədbirlər belə deməyə əsas verir ki, bu prosesdə ən ciddi faktor liderlərin Prezident İlham Əliyevə ehtiramı, ölkə başçısının qlobal siyasət meydanında olan nüfuzudur. Təkcə ölkə vətəndaşları üçün deyil, beynəlxalq aləmdə də öhdəlik kimi götürdüyü bütün vədlərinə sadiq qalan Prezident İlham Əliyevin liderliyi ilə müstəqil Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul olunur. Bu ehtiram və etimadın davamı olaraq ölkəmiz qlobal əhəmiyyətli layihələrin reallaşmasında da söz sahibidir.

Mustafa KAMAL,

"Respublika".