Daşkənddə Beynəlxalq Forumda
Digər xəbərlər

Daşkənddə Beynəlxalq Forumda

Mayın 19-da Ədliyyə Nazirliyindən bildirilir ki, Özbəkistanın paytaxtı Daşkənd şəhərində “Fundamental hüquqlar əbədi dəyərlər kimi” mövzusunda III Daşkənd Hüquq Baharı Beynəlxalq Forumu keçirilib. Dünyanın 20 dövlətindən 700-dək nümayəndənin, o cümlədən yüksək səviyyəli hökumət rəsmilərinin, ədliyyə, məhkəmə və digər orqanların rəhbərlərinin, nüfuzlu ekspertlərinin və elm xadimlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı forumda Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov nümayəndə heyəti ilə iştirak edib.

Plenar və bölmə sessiyalarla keçən forumda insan hüquqlarının qorunması, hüquqi sahədə İKT-lərin tətbiqi, məhkəmə ekspertizasının inkişafı, mediasiya, korrupsiyaya qarşı mübarizə, dövlət xidmətlərinin göstərilməsi və s. aktual məsələlər müzakirə olunub.

Plenar sessiyada çıxış edən ədliyyə naziri Fikrət Məmmədov dost və qardaş Özbəkistanda keçirilən mötəbər forumun müsbət təcrübələrin mübadiləsi və ikitərəfli əlaqələrin genişləndirilməsi baxımından mühüm əhəmiyyətini qeyd edib, insan hüquqları kimi ümumbəşəri dəyərlərə daim sadiq olan Azərbaycanın təcrübəsi ilə bölüşüb.

Bildirib ki, ölkəmizdə insan hüquqlarının təminatı müstəqil dövlətimizin banisi, bu il Azərbaycanda və xaricdə, o cümlədən Özbəkistanda 100 illiyi geniş qeyd olunan ümummilli lider Heydər Əliyev tərəfindən dövlətimizin ali məqsədlərindən biri kimi bəyan edilib.

Forum çərçivəsində həmçinin, Özbəkistan, Qırğızıstan, Sinqapur və digər ölkələrin ədliyyə orqanlarının və beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlər keçirilərək faydalı danışıqlar aparılıb.

Özbəkistanın ədliyyə naziri oxşar tarixə malik ölkələrimizin keçdiyi inkişaf yoluna toxunaraq ötən ilin dekabrında Azərbaycana səfəri zamanı respublikamızın hərtərəfli tərəqqisinin və aparılan islahatların real nəticələrinin şahidi olduğunu vurğulayıb.

Görüşdə hər iki dövlətdə həyata keçirilən ədliyyə islahatları və tətbiq olunan yeniliklər barədə faydalı fikir mübadiləsi aparılıb, ikitərəfli əlaqələrin inkişafına maraq göstərilib.

“Respublika”.