XXXII GÜN. RETROSPEKTİV
Tarix

XXXII GÜN. RETROSPEKTİV

Ötən hər gün, ay və il ölkəmizlə bağlı mühüm əhəmiyyətə malik, maraqlı, tarixi və taleyüklü hadisələrlə yadda qalır. Təbii ki, qəzetimizin saylarında həmin hadisələr barədə operativ yazılar, xəbərlər, rəylər verilir. "Respublika"nın "32-ci gün" rubrikası özlüyündə məram və məqsədlərimizi açıq ifadə edir. Belə ki, "32-ci gün" ötən ay ərzində istər ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatında, istərsə də onun hüdudlarından kənarda baş verən Azərbaycanla bağlı ən önəmli 6 hadisəni qısa şərh formasında, lakonik tərzdə, digər mühüm hadisələri isə xronoloji qaydada oxucularımıza təqdim edirik.

1 aprel

  • Azərbaycan xarici işlər nazirinin müavini Fariz Rzayev Monteneqronun XİN başçısı Filip İvanoviç ilə görüşüb.

2 aprel

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgünün rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

3 aprel

  • ABŞ Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
  • Prezident İlham Əliyev Rusiyanın Sankt-Peterburq şəhərinin qubernatorunu qəbul edib.
  • Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

4 aprel

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun iştirakı ilə Azərbaycan-Konqo sənədlərinin imzalanması mərasimi olub.
  • Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

5 aprel

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edib.
  • Brüsseldə ABŞ Dövlət katibi Antoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen və Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü baş tutub.

6 aprel

  • Müdafiə Nazirliyi ötən sutka ərzində mövqelərimizin 30 dəfə atəşə tutulduğunu bildirib.

7 aprel

  • Füzulidə, Laçında və Zabuxda orta təhsil səviyyəsi üzrə ilk dəfə buraxılış imtahanı keçirilib.

8 aprel

  • Romada Azərbaycan Xarici İşlər Nazirliyi ilə İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

9 aprel

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qəbələ, Hacıqabul rayonlarında və Gəncə şəhərində səfərdə olub.

10 aprel

  • Dövlət sərhədinin pozulmasının qarşısını alan sərhədçilərimizə Ermənistan Silahlı Qüvvələrinin döyüş postundan atəş açılması nəticəsində baş leytenant Rövşən Məmmədov yaralanıb.

11 aprel

  • Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfərə yola düşüb.

12 aprel

  • Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Belarus Respublikasına işgüzar səfəri çərçivəsində MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak və çıxış edib.

13 aprel

  • Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Təşkilatının (UNESCO) baş direktoru vəzifəsinə Misirin namizədi Xalid El-Enanini qəbul edib.
  • Birləşmiş Millətlər Təşkilatında (BMT) Azərbaycanın təşəbbüsü ilə "VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu" üzrə birgə brifinq keçirilib.

14 aprel

  • Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistana işgüzar səfərə yola düşüb.

15 aprel

  • Prezident İlham Əliyev "Qarabağ suvarma kanalının yenidən qurulması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb.
  • Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində Prezident Şavkat Mirziyoyevlə görüşüb.

16 aprel

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlini qoyub və çıxış edib.
  • Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında Fərman imzalayıb.

17 aprel

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayı qəbul edib.
  • Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə məlumatla əlaqədar sualı cavablandırıb.

Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi ikitərəfli münasibətlərin yüksək səviyyəsindən xəbər verir

Qarabağdakı Rusiya sülhməramlı kontingentinin bölgədəki fəaliyyəti artıq başa çatır. Xatırladaq ki, 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata uyğun olaraq, regionda atəşkəsə nəzarət etmək məqsədilə rus sülhməramlıları Azərbaycanın Qarabağ bölgəsinə yerləşdirilmişdi.

Rusiya sülhməramlı kontingentinin artıq Azərbaycanı tərk etməyə başlaması ölkəmizə atılan böhtanların növbəti dəfə iflasa uğramasıdır. Hansı ki, bəzi qüvvələr sülhməramlıların ərazilərimizdən çıxarılması məsələsində iki ölkənin fikir ayrılığı yaşayacağını gözləyirdilər.

  • Brüsseldə Ermənistan-Avropa İttifaqı-ABŞ arasında aprelin 5-də keçirilən üçtərəfli görüşün təhlükəli təfərrüatları bəlli olub.
  • Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın ölkəmizdəki səfirinin geri çağırılması ilə bağlı yerli mətbuatın sualını cavablandırıb.

18 aprel

  • Milli Məclisdə "Yeni Kaledoniya: tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusuna həsr edilmiş elmi konfrans keçirilib.

19 aprel

  • 2024-cü il aprelin 19-da Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sərhəddə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin və Ermənistan Respublikası baş nazirinin müavini Mqer Qriqoryanın sədrliyi ilə Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşü keçirilib.

Qələbələrdən Qələbələrə

19 aprel tarixində Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının səkkizinci görüşü keçirilib. Görüş zamanı komissiyalar delimitasiya prosesinin ilkin mərhələsində Tərəflər sərhəd xəttinin ayrı-ayrı hissələrinin Sovet İttifaqı çərçivəsində onun süqutu dövrünə mövcud olduğu hüquqi cəhətdən əsaslandırılmış respublikalararası sərhədə uyğun olaraq Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı yaşayış məntəqələri arasında bilavasitə razılaşdırıblar.

Əldə etdiyimiz bu Zəfər diplomatik sferada qazandığımız növbəti uğurdur. Xatırladaq ki, 10 noyabr Bəyannaməsinin şərtlərinə əsasən, dövlət başçımızın hərbi-siyasi müdrikliyinin nəticəsi olaraq torpaqlarımız, ölkəmizin ən böyük rayonlarından olan Kəlbəcər, Ağdam və Laçın heç bir itki verilmədən düşmən işğalından azad edilmişdi. Aprelin 19-u Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımız eyni hissləri bir daha yaşadı.

20 aprel

  • BMT-nin baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistanı münasibətləri normallaşdırmaq üçün bütün qalan ikitərəfli məsələləri həll etməyə çağırıb.

21 aprel

  • Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar yaxın günlərdə Azərbaycana səfər edəcəyini açıqlayıb.

22 aprel

  • Azərbaycan Prezidenti İlham Əliyev Rusiyaya işgüzar səfər edib.
  • Azərbaycan və Rusiya prezidentlərinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib.

Müttəfiqlik əlaqələri yeni mərhələdə

Aprelin 22-si Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvaya işgüzar səfəri ikitərəfli münasibətlərlə yanaşı regional inkişafın yeni mərhələyə qədəm qoymasını göstərir. Səfər çərçivəsində ən çox müzakirə olunan məsələlərdən biri də tikintisində ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətlərinin olduğu Baykal-Amur dəmiryolu magistralı olub. Rusiya Prezidenti Vladimir Putin də bu danılmaz fakta toxunub, Heydər Əliyevin Baykal-Amur Magistralının tikintisi məsələləri üzrə daimi komissiyaya sədrlik etdiyini xatırladıb.

Azərbaycan və Rusiya arasında qarşılıqlı əlaqələrdə ən mühüm yeri siyasi münasibətlər tutur. Keçmişdə Azərbaycan və Rusiya vahid ittifaqda yer alıb, hər iki dövlət müstəqil olduqdan sonra əlaqələr daha da inkişaf etməyə başlayıb.

23 aprel

  • ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forum keçirilib. Prezident İlham Əliyev forumda iştirak edib.

Dünyanın beyin mərkəzləri Bakıda bir araya gəldi

Aprelin 23-də ADA Universitetində keçirilən "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forum bütün dünyanın diqqət mərkəzindədir. Nəzərə almaq lazımdır ki, beynəlxalq münasibətlər sistemində mövqeyini daha da gücləndirən Azərbaycan qlobal problemin həllinə inklüziv yanaşma ortaya qoyur. Bu da ölkələr arasında əlaqələrin inkişafında mühüm amil olan etimad mühitinin qorunması və inkişaf etdirilməsinə təkan verir.

Qeyd edək ki, beynəlxalq forum Laçında öz işini ötən gün yekunlaşdırıb. 30 ölkədən 64 nüfuzlu ekspertin iştirakı ilə beynəlxalq beyin mərkəzlərinin nümayəndələri davamlı inkişaf və yaşıl enerji ilə bağlı öz təcrübələrini bölüşüblər. Həmin ekspertlər aprelin 23-də ADA Universitetində "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda iştirak edərək Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə suallar ünvanlayıblar.

  • Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb.

24 aprel

  • Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.

Bir ağacın budaqları

Azərbaycanın Orta Asiyanın türk dövlətləri ilə əlaqələri həmişə geniş olub. Bu ölkələrlə əməkdaşlığın daim inkişaf etdirilməsi respublikamızın xarici siyasətinin prioritet istiqamətlərindəndir. Eyni kökə, mədəniyyətə və ənənələrə malik olmaq, xalqlarımızın dil və din yaxınlığı onları birləşdirir. Qədim bağlara mənsub olduğumuz ölkələrdən biri də Qırğızıstandır. Bu iki xalq arasında münasibətlər tarixin dərinliklərinə gedib çıxır. Bu gün qardaş ölkədə minlərlə azərbaycanlı yaşayır.

Baş tutan səfər Qırğızıstan prezidentinin Azərbaycana ikinci dövlət səfəridir. Ötən ilin noyabr ayında da cənab Sadır Japarov Azərbaycanda olmuşdu. Amma budəfəki səfər həm də Dövlətlərarası Şuranın iclasının keçirilməsi ilə əlamətdardır. Artıq Şuranın ikinci iclası keçirilir. Bu kimi səfərlər ölkələrimiz arasında münasibətlərin keyfiyyətcə yeni bir səviyyəyə yüksəlməsini təmin edir.

  • Misir Ermənistanın Qazaxın dörd kəndini Azərbaycana qaytarması və iki ölkə arasında sərhədlərin delimitasiyası ilə bağlı əldə olunmuş razılaşmanı alqışlayıb.

25 aprel

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının Federal Kansleri Olaf Şoltsun dəvəti ilə Almaniyaya işgüzar səfər edib.
  • Azərbaycan Respublikasının Milli Məclisi Avropa Parlamentinin ölkəmizdə vətəndaş cəmiyyəti və insan hüquqları məsələsinə dair obyektivlikdən uzaq qətnaməsinə münasibət bildirib.

26 aprel

  • Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub. Prezident İlham Əliyev Berlində "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirak edib.

Azərbaycan-Almaniya: əlaqələrin çoxvektorlu inkişafı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasına işgüzar səfəri baş tutub. Səfərin təfərrüatlarından öncə qeyd edilməlidir ki, cənab Prezidentin gözlənilən səfərinin Füzuli-Berlin marşrutu üzrə baş tutması azad olunmuş ərazilərimizin beynəlxalq arenada əhəmiyyətli yerə malik olduğunu göstərir. Sözügedən ərazilərin tam təhlükəsiz olması, suveren torpaqlarımızda sabitliyin təmin edilməsi ilə bir daha öz təsdiqini tapır. Mötəbər iqlim tədbirinə ölkəmizin dəvət edilməsi, Azərbaycan Liderinin Berlində xüsusi qarşılanması Almaniya-Azərbaycan əlaqələrinin yüksələn xətlə inkişafına işarədir.

Qeyd edək ki, Azərbaycanın "Petersberq Dialoqu"nda iştirakı təsadüfi sayıla bilməz. Məlum olduğu kimi, bu il ölkəmiz COP29 tədbirinə ev sahibliyi edəcək. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsi ölkəmizin dünya birliyində artan nüfuzunun daha bir göstəricisidir.

  • Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib.

27 aprel

  • Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıb.

28 aprel

  • Zəngilanda silah-sursat aşkar edilib.

29 aprel

  • Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb.
  • Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini və Malayziyanın Parlament Senatının prezidentini qəbul edib.
  • Ermənistan Respublikası ilə sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində 2024-cü il aprelin 29-dək 35 sərhəd dirəyi quraşdırılıb.

30 aprel

  • Prezident İlham Əliyev Pakistanın MUSLİM İnstitutunun direktorunu qəbul edib.
  • Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 25 il ötür.
  • Birinci Qarabağ müharibəsi dövründə şəhid olmuş və tanınmadan dəfn edilmiş 183 şəxsə aid meyit qalıqları ekshumasiya edilib, şəxsiyyəti müəyyən olunmuş 73 nəfər Azərbaycan vətəndaşına dair məlumatlar açıqlanıb.

"Respublika".