Doğma yurd öz sakinlərinə qucaq açıb
Sosial həyat

Doğma yurd öz sakinlərinə qucaq açıb

Artıq bir neçə ildir ki, soydaşlarımızın doğma yurd-yuvalarına qaytarılması prosesi davam edir. Ölkə başçımızın tapşırığına uyğun olaraq yenidən qurulan ərazilərə keçmiş məcburi köçkünlər mərhələli şəkildə köçürülür. Prezident İlham Əliyevin 44 günlük müharibədən dərhal sonra bildirdiyi “hazırda qarşımızda işğaldan azad olunmuş ərazilərdə tamamilə dağıdılmış şəhər və kəndlərin, bütün mədəni və dini abidələrin bərpası kimi nəhəng vəzifə dayanır” sözləri bu gün öz əksini tapır. Dövlət başçımız daim bu çağırışı da edir ki, elə bir məkan qurmalıyıq ki, bu, 30 il həsrət içində yaşayanlar üçün təsəlli olsun. Qısa müddətdə Füzuli və Laçın şəhərlərinə, həmçinin Ağalı, Zabux və Talış kəndlərinə soydaşlarımızın qayıdışı, cari ildə də bu prosesin davamlılığının təmin edilməsi özündə bütün məqamları ehtiva edir. Müasir standartlara uyğun işlər sürətlə davam edir. 2026-cı ilədək Qarabağa təxminən 40 min ailənin köçəcəyi nəzərdə tutulub. Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər qayıdıb. Bu il həmin məntəqələrin sayı 20-yə çatacaq və siyahıya Xocalı, həm də tarixi torpağımız Xankəndi daxildir. O cümlədən Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri, Ağdam şəhəri bərpa edilir və gələn il Ağdama da ilk köç başlanacaq. Şübhəsiz ki, bu işdə bütün qurumlar öz güclərini səfərbər ediblər.

Şübhəsiz ki, qayıdış və məskunlaşma prosesinə uyğun olaraq iş adamlarının daha aktiv şəkildə Qarabağ və Şərqi Zəngəzura investisiya qoyuluşunu həyata keçirmələri, iqtisadiyyatın sürətli formalaşmasına dəstək vermələri vacibdir. Sürətlə davam edən bərpa-quruculuq işləri göz qabağındadır. Artıq Qarabağa sərmayə qoyuluşu ilə bağlı müraciət edən xeyli şirkət var. Sahibkarlar çox aktiv şəkildə işğaldan azad olunmuş ərazilərimizə sərmayə qoyuluşu həyata keçirməyə, iqtisadiyyatın formalaşmasına töhfə verməyə çalışırlar. Bu istiqamətdə proses intensiv şəkildə aparılsa, qısa zamanda Qarabağ iqtisadiyyatının formalaşmasını və reinteqrasiyasını müşahidə edə bilərik. Ekspertlərin proqnozlarına əsasən bütövlükdə işğaldan azad olunmuş ərazilərimizdə təxminən Azərbaycan iqtisadiyyatının 10 faizi həcmində yeni dəyər yaradılacaq. Qarabağ və Şərqi Zəngəzur artıq növbəti dövrdə Azərbaycan iqtisadiyyatının aparıcı qüvvəsinə çevriləcək.

Bundan başqa, işğaldan azad edilən ərazilərdə bərpa olunan və yeni salınan yaşayış məntəqələrinə köçürülmə mərhələli şəkildə aparılır. İlkin mərhələdə müvəqqəti məskunlaşma yerlərində ağır şəraitdə yaşayan məcburi köçkünlərə qayıdış imkanı yaradılır. Doğma yurda dönənlərin hər biri ailə tərkibinə uyğun olaraq mənzillə təmin edilir. Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin yaydığı məlumata əsasən bu günədək Zəngilan rayonunun Ağalı kəndinə 175 ailə (871 nəfər), Tərtər rayonunun Talış kəndinə 20 ailə (90 nəfər), Laçın şəhərinə 472 ailə (1773) Zabux kəndinə 215 ailə (819 nəfər), Füzuli şəhərinə 666 ailə, 2517 nəfər köçürülüb.

Sözün əsl mənasında illərin həsrəti sona çatır. Odlar yurdu tarixin ən yaddaqalan günlərini yaşayır.

Töhfə SƏMƏDOVA,

“Respublika”.