Dördgünlük müharibənin şəhid pilotu - Urfan Vəlizadə
Sosial həyat

Dördgünlük müharibənin şəhid pilotu - Urfan Vəlizadə

2016-cı ilin Aprel döyüşləri… Aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin hərbi birləşmələri hücuma keçdi. Düşmən amansız olsa da, döyüşlər Azərbaycanın qəhrəman oğullarının qələbəsi ilə başa çatdı. Dördgünlük müharibə nəticəsində Azərbaycan 92 igid oğlunu torpağa tapşırdı. Onlardan biri də bu gün haqqında söhbət açacağımız Urfan Vəlizadədir.

Urfan Vəlizadə 1978-ci il noyabrın 1-də Bakı şəhərində anadan olub. Məktəbi bitirən kimi Türkiyə Hava Hərbi Məktəbinə daxil olan Urfan orada beş il təhsil alıb. 2001-ci ildə isə Azərbaycanda xidmətə başlayıb. 2005-ci ilə qədər Kürdəmirdə ixtisasını hərbi helikopter üzrə təkmilləşdirib. 2016-cı il Aprel döyüşlərində mayor Urfan Vəlizadə mayor Təbriz Musazadə və baş leytenant Bəkir İsmayılov ilə birgə Füzuli istiqamətində gedən döyüşlər zamanı işğalçı Ermənistan ordusunun bölmələrinin hücumunun qarşısının alınmasında böyük şücaət göstərib. Qəhrəman pilotlarımızın idarə etdiyi "Mi-24" helikopteri Azərbaycan ordusunun mövqelərinə hücum edən düşmən qüvvələrinə böyük zərbə vurub. Amma helikopterin düşmən tərəfindən vurulması nəticəsində onların hər üçü qəhrəmancasına şəhid olub. Onların nəşi aprelin 10-u neytral ərazidən götürülüb. Aprelin 11-i isə Urfan Vəlizadə ilə vida mərasimi baş tutub. Mərasimə müdafiə naziri general-polkovnik Zakir Həsənov, baş qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıkov və Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, mayor Ramil Səfərov və bir sıra digər rəsmi şəxslər qatılıb. Daha sonra şəhid mayor Bakı şəhərində yerləşən İkinci Fəxri Xiyabanda izdihamla son mənzilə yola salınıb. Urfan Vəlizadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib. Aprel şəhidinin qəhrəmanlığı haqqında film də çəkilib.

Şəhid mayor peşəkar hərbçi olmaqla yanaşı, həm də yaxşı ailə başçısı idi. O, hələ orta məktəbin 10-cu sinfində oxuyarkən sinif yoldaşı Könülü sevib. Amma məktəbi bitirəndən sonra onlar ayrı düşüblər. Urfan Türkiyəyə oxumağa gedib. Könül isə sənədlərini Tibb Universitetinə versə də, qəbul ola bilməyib. Sonrakı illərdə o, Pedaqoji Universitetə daxil olub. İki sinif yoldaşı bir neçə il sonra təsadüfən yolda rastlaşsalar da, bir-birinin yanından sükutla ötüb keçiblər. Universitetin sonuncu kursunda yenidən təsadüfən qarşı-qarşıya gəliblər və elə həmin görüş də onları birləşdirib. Urfan Könüllə nişanlanıb, evliliklərinə iki ay qalmış isə Könül şəkər xəstəsi olduğunu öyrənib. O, Urfana ayrılmalarını təklif etsə də, “mən ya səninlə ailə quracam, ya da heç kimlə” cavabını alıb. 2006-cı ildə ailə həyatı quran cütlüyün Zəhra və Betül adlı iki qız övladı dünyaya gəlib. Urfan Zəhranın dərsləri ilə özü maraqlanırmış, hətta deyirmiş ki, mən səni öyrədirəm, sən də balaca bacını öyrədəcəksən.

Urfan Vəlizadə evinə sonuncu dəfə martın 30-da gəlib. Qızlarını bağrına basıb, həyat yoldaşı ilə görüşüb və ailəsi ilə bağlı bütün arzularını, ümidlərini də özü ilə götürüb həmişəlik evindən çıxıb. Könül xanım o günü belə xatırlayır: "Xatırlayırsan, Urfan, sənin qara rəngdə idman çantan var idi. İndi o çantaya nifrətlə baxıram. Çünki sən hər dəfə qara çantanı götürüb bir söz demədən gedəndə ən azı bir həftə baxdıqca huzur tapdığım gözlərini görə bilmirdim. Son günün çox yaxşı yadımdadır. Yenə o çantanı hazırlamışdın. Amma bu dəfə fərqliydin. Sanki nədənsə narahat idin. Divanda əyləşib qızlarımız Zəhra və Betülü dizlərinin üstündə oturtdun. Hər ikisinin qoxusunu ciyərlərinin dərinliklərinə çəkdin".

Könül xanım deyir ki, həyat yoldaşı onunla sonuncu dəfə sağollaşanda cəbhə bölgəsinə deyil, təlimlərə getdiyini söyləyib. Amma bu söz də onun narahatlığını azaltmayıb. Könül xanımın təşvişi aprelin 2-də səhər saatlarında Urfandan zəng gələnə qədər davam edib. O, hər şeyin yaxşı olduğunu, gecə evə qayıdacağını deyib. Amma o gecə evə Urfan yox, qonşular və digər yad adamlar gəlib, həyat yoldaşının şəhid olması xəbərini veriblər. Ertəsi gün Könül Urfan üçün qurulan mağara Urfanın paltarlarını geyinib gedib.

Şəhid olandan sonra da Urfan tez-tez Könülün yuxusuna gəlib. Bir dəfə o, yuxuda görüb ki, evlərindəki saatın arxasında məktub var. Məktubu götürüb oxumaq istəyəndə Urfan deyib ki, məktubu oxuma, qoy yerinə. Nə zaman mənə olan ümidini itirsən, onda oxuyarsan. Könül xanım yoldaşının yoxluğunu qəbul etsə də, onun xatirəsini daim yaşadır. Könül xanım Urfanın məzun olduğu Nizami rayon 210 saylı məktəbə şəhidimizin adının veriləcəyi günü səbirsizliklə gözləyir.

Jalə QASIMZADƏ,

“Respublika”.