Dövlət bayrağımızın Xankəndidə dalğalanması çox da uzaqda deyil
Siyasət

Dövlət bayrağımızın Xankəndidə dalğalanması çox da uzaqda deyil

2020-ci ildə Azərbaycanın Ermənistan üzərində qazandığı qətiyyətli qələbədən sonra Qarabağdakı separatçı rejimin də fəaliyyəti ciddi şəkildə laxlamağa başladı. Azərbaycan Ordusunun keçirdiyi uğurlu əməliyyatlardan sonra getdikcə dalana dirənən terrorçu birləşmələr artıq son nəfəslərini vermək üzrədir. Xüsusilə Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması reinteqrasiya istiqamətində görülmüş ən ciddi tədbirdir və qarşı tərəfə başqa heç bir şans buraxmır. Artıq Qarabağın erməni sakinləri də əvvəlki dövrün bitdiyini, onları himayə edənlərin yalnız öz mənfəətlərini güddüklərini də başa düşürlər.

Ermənistan rəhbərliyi yaxşı anlayır ki, Cənubi Qafqazda yaranan yeni reallıqda Qarabağın müstəqil ərazi vahidi kimi tanınması qeyri-mümkündür. Elə bu səbəbdən son danışıqlar prosesində Nikol Paşinyan Azərbaycanın 86,6 min kvadratkilometr ərazisini tanıdığını bəyan etmişdi. Bundan sonra İrəvan rəhbərliyi digər bir "taktika" işlədərək iki ölkə arasındakı Qarabağ məsələsini insan hüquqları müstəvisinə daşımağa cəhd göstərir. Yəni onlar "xalqların öz müqəddəratını" təyinetmə prinsipini önə çəkərək bir növ Qarabağın erməni sakinlərinin hüquq və azadlıqlarının qorunmamasından "narahat" olduqlarını bəyan edirlər. Bununla da Ermənistan Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə bağlı məsələni beynəlxalq müstəviyə çıxarmağa cəhd göstərirlər. Laçın sərhəd-buraxılış məntəqəsinin təsis edilməsi Azərbaycanın suveren hüququ olsa da, bunu qeyri-qanuni hesab edirlər və Azərbaycan ərazisində yaşayan ermənilərin guya blokadada olduqlarını bildirirlər. Lakin videogörüntülər vasitəsilə Laçın-Xankəndi yolunda belə bir halın baş verməməsi dəfələrlə sübut olunub. Yalnız müəyyən müddətdə gediş-gəlişə məhdudiyyətlər qoyulub ki, bunun da tək səbəbi Ermənistan tərəfindən atılan təxribatçı addımlar olub. Ermənistanın belə oyunlara yol verməsinin də səbəbləri aydındır. Onlar vaxtaşırı olaraq həmin ərazidə qəsdən pozuculuq fəaliyyətinə əl atırlar ki, beynəlxalq ictimaiyyətin nəzərləri Laçın dövlət postuna yönəlsin. Ancaq dövlətimiz prinsipial və qəti mövqe ortaya qoyaraq sərhədləri daxilində separatizmin nəfəsini kəsməyi əsas hədəf olaraq müəyyənləşdirib və bu məsələdə az da olsa güzəştə getmək niyyətində deyil. Dövlət başçısı da dəfələrlə bildirib ki, Azərbaycan torpaqlarında ikinci bir erməni dövlətinin yaradılmasına imkan verilməyəcək. Regionda baş verən son hadisələrdən sonra Qarabağda yerləşən separatçı qurumun da daxilində vəziyyət gərginləşməkdə davam edir. Araik Arutyunyanın həm erməni əhalisi, həm də Paşinyanla münasibətlərində soyuqluq var. O, Qarabağda gərginliyin artması səbəbindən bəzi "məmurların" Ermənistana köçməsi və mülklərini icarəyə verməsinə sərt münasibət bildirib: "Belə insanlara qarşı çox sərt münasibətin tərəfdarıyam. Anons verirlər, qışqırırlar, qaçırlar, hamı getmək istəyir. İlk növbədə kim getmək istəyirsə, cəhənnəmə getsin. Amma sakitcə getsinlər". Bu aqressiv çıxışlar əslində Qarabağdakı separatçı rejimin çıxılmaz vəziyyətə düşməsindən, yolun sonunun heç də uzaqda olmamasından xəbər verir. Artıq yerli əhali də anlayır ki, Araik və digərlərinin tək məqsədi onları girova çevirməkdir.

Bir zamanlar Ermənistanın ən böyük dəstəkçilərindən olan ABŞ dövləti də Qarabağ məsələsinin Azərbaycan hüdudları daxilində həll olunmasının tərəfdarı olduğunu bildirir. Prezident İlham Əliyevin separatçı qurum haqqında söylədiyi bu fikirlər: "Laçın diyarından onlara bir daha deyirəm ki, sizin kitabınız bağlandı. "Miatsum" kitabı bağlandı, separatizmin kitabı bağlandı. Müstəqillik xülyası statusun dalınca getdi. Statusu isə biz hələ İkinci Qarabağ müharibəsi zamanı göndərmişik lazım olan yerə. Ona görə yeganə yol qalıb - Azərbaycan qanunlarına tabe olmaq, Azərbaycanın loyal normal vətəndaşı olmaq, öz dırnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmaq, "parlament"i buraxmaq. Guya orada "parlament" fəaliyyət göstərir, guya orada prezident var, guya nazir var, bunlar hamısı gülməlidir. Biz, sadəcə olaraq, dözüm göstəririk. Halbuki, hər kəs yaxşı bilir ki, bu gün o bölgədə istənilən əməliyyatı keçirmək üçün hər bir imkanımız var. Ona görə "parlament" buraxılmalıdır, özünü "prezident" adlandıran ünsür təslim olmalıdır, bütün "nazirlər", "deputatlar" və digərləri öz vəzifələrini artıq kənara qoymalıdırlar. Ancaq o təqdirdə onlara güzəşt oluna bilər. Ancaq o təqdirdə hər hansı bir amnistiyadan söhbət gedə bilər". ABŞ Dövlət Departamentinin nümayəndəsi tərəfindən dəstəklənməsi, ölkə başçısı İlham Əliyevin müəyyən şərtlər əsasında Qarabağdakı bəzi ermənilərə amnistiya verilməsi ilə bağlı fikirlərini alqışlaması da onların həqiqətən də kitabının bağlandığını göstərir. Hətta ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuinn Ermənistan mətbuatına açıqlama verərək qeyd edib ki, ABŞ Azərbaycanın Qarabağ bölgəsində yaşayan etnik ermənilərin təhlükəsizliyinə inanır və ümid edir. Səfir həmçinin bildirib: "Hesab edirik ki, bütün iştirakçılar məqsədə nail olmaq üçün əməkdaşlıq etməlidirlər. ABŞ bu yanaşmanı dəstəkləyir və bütün tərəfləri Qarabağ sakinlərinin hüquqlarının və təhlükəsizliyinin qorunmasını təmin etməyə çağırır. Tərəflər bu mövzuda danışıblar və indi bunun üçün düzgün həll yolunu tapmaq vacibdir", - deyə diplomat qeyd edib. Bu cür çıxışdan sonra ABŞ diplomatına qarşı erməni cəmiyyətindən sərt tənqidlər gəlib. Onun Qarabağı Azərbaycan ərazisi kimi bildirməsi ermənilərə xoş olmayıb.

Ermənistanın digər yaxın dostu və müttəfiqi olan Rusiya da qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınmasını dəstəkləyib. Sonuncu Moskva görüşündə Rusiya Prezidenti Vladimir Putin hər iki ölkənin bir-birilərinin suveren ərazilərini tanımasının əsas baza olduğunu bildirmişdi. Həmçinin Avropa İttifaqı rəhbəri Şarl Mişel də bunun vacib amil olduğunu vurğulayıb. Beləliklə, demək olar ki, baş verən son antiterror "Qisas-2" əməliyyatı, ondan öncə ordu bölmələrimizin yüksək peşəkarlıqla Xankəndi istiqamətində bəzi yollara və bir sıra yüksəkliklərə nəzarəti ələ keçirməsi və beynəlxalq hüququn Azərbaycanı dəstəkləməsi Dövlət bayrağımızın Xankəndidə dalğalanması prosesini daha da yaxınlaşdıracaq.

Musa BAĞIRLI,

"Respublika".