44 günlük müharibədə Bərdənin raket atəşinə tutulması hərbi cinayətdir
Siyasət

44 günlük müharibədə Bərdənin raket atəşinə tutulması hərbi cinayətdir

Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin gücünə tab gətirməyərək döyüş meydanında rəzil olan Ermənistan və artıq tarixin tozlu səhifələrində qalan separatçı rejim bu məğlubiyyəti dinc əhalimizə hücum edərək kompensasiya etmək istədi. 200 illik erməni xisləti yenidən özünü göstərdi və dinc əhalimiz növbəti dəfə təcavüzə məruz qaldı. Xain düşmən Vətən müharibəsi dövründə Bərdə, Gəncə və Tərtər şəhərlərində mülki əhalini hədəfə aldı. Onlar terror əməllərindən əl çəkmədilər və müharibə zonasından kənar əraziləri hədəf seçməklə çoxlu sayda mülki əhalinin həyatını itirməsinə səbəb oldular.

İlk olaraq, Gəncə şəhəri Ermənistan silahlı qüvvələri tərəfindən bombalandı. İlk hücum oktyabrın 4-də baş verdi, nəticədə bir mülki şəxs şəhid oldu, 30-dan çox mülki insan ağır və yüngül dərəcəli bədən xəsarəti aldı. Oktyabrın 5-də ikinci, 8-də isə Gəncəyə üçüncü raket hücumu baş verdi. Aralarında uşaq da olmaqla 27 nəfər insan həyatını itirdi, 125 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı, çoxlu sayda insanın evi yerlə-yeksan oldu. Bu gün isə Ermənistan silahlı qüvvələrinin Bərdə rayonunun Qarayusifli kəndinə raket hücumundan üç il ötür.

Qarayusifli kəndində baş verən hadisə səbəbindən təşviş və qorxu içində yaşayan Bərdə əhalisi oktyabrın 28-də nə ilə qarşılaşacağından xəbərsiz idi. Cəbhə xəttindən 32 km uzaqda yerləşən Bərdə şəhərinin kasetli bombalar yayan raketlərlə hədəfə alınması 1990-cı illərin əvvələrində xalqımızın başına gətirilən müsibətlərin qısa fraqmenti idi. Ətrafda qaçışan insanlar, yanan avtomobillər, yol üzərindəki sahibsiz ayaqqabıları görmək qan yaddaşımızı təzələdi. Müharibənin 32-ci günündə baş verən hücum həm də Azərbaycan və Ermənistan arasında əldə olunan atəşkəs razılaşması fonunda olmuşdu. Saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərinin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin kompakt yerləşdiyi əraziyə hər birinin içərisində 72 ədəd 9N235 saylı, ümumilikdə 144 bombacıq olan "Smerç" tipli əməliyyat-taktiki təyinatlı 9M525 qəlpəli böyük dağıdıcı qüvvəyə malik ballistik "claster" tipli 2 ədəd raket zərbələrinin endirilməsi nəticəsində 5-i qadın olmaqla 21 nəfər həlak oldu, 8-i uşaq, 15-i qadın olmaqla 70 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri aldı.

Müharibənin də öz qanunları var. Dinc əhalinin hədəf alınması, mülki obyektlərə ziyan vurulması müharibə cinayəti hesab edilir. Lakin hayların nə əvvəl, nə də indi belə bu anlayışdan "xəbəri yoxdur". 2020-ci ildə müxtəlif vaxtlarda Ermənistan silahlı qüvvələri tərəfindən Tərtərə, Gəncəyə, Bərdəyə çox sayda "Smerç", "Toçka-U", "Elbrus" və "Qrad" tipli raketlər atıldı. Bu şəhərlər cəbhə xəttindən xeyli uzaq məsafədə yerləşirdi. Düşmənin törətdiyi terroru böyük faciəyə səbəb oldu. Uşaqlar, qadınlar, qocalar, günahsız insanlar həlak oldular. Qeyd etmək lazımdır ki, təkcə oktyabrın 27-28-də deyil, müharibə başlanandan oktyabrın 10-dək Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə 70-dən çox müxtəlif təyinatlı raket atılmışdır. Nəticədə 28 nəfər dinc sakin ölmüş, 108 nəfər yaralanmışdır. Bütövlükdə Bərdə erməni terrorundan ən çox ziyan çəkmiş regionlarımızdan biridir. 5 oktyabr 2020-ci ildə Bərdə şəhərinə "Elbrus" və "Qrad" raketləri atılmış, 8 oktyabrda Qasımbəyli kəndinə 2 "Smerç" və 2 "Elbrus" raket zərbələri endirilmiş, 7 noyabr 2020-ci ildə rayonun Nəcəfqulubəyli kəndinə atılan raket 1 nəfər dinc sakinin ölümünə səbəb olmuşdur.

Şükürlər olsun ki, artıq çoxəsrlik tariximizin müəyyən dövrlərində rastlaşdığımız erməni təcavüzünə əbədi olaraq son qoyulub. Xalqın gözündən axan yaşlar sevinc göz yaşlarına çevrilib. Yurd-yuvalarına qayıdan soydaşlarımızın 30 illik həsrətinə son qoyulması, Azərbaycanın ərazilərində suverenliyinin tam bərpası, ölkəmizdə sabitliyin və əmin-amanlığın bərqərar olması Müzəffər Ali Baş Komandanın liderliyi ilə mümkün oldu.

Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi soyqırımları və etnik təmizləmə cinayətləri faktlarla öz təsdiqini tapsa da, bu günə kimi rəsmi İrəvan sözügedən məsələ ilə bağlı hər hansı bir addım atmaqda maraqlı görünmür. Lakin qüdrətli Azərbaycan dövləti öz gücü hesabına ədaləti bərpa edir. Dinc əhalimizə qarşı terror törədənlərin məsuliyyətə cəlb edilməsi prosesi davam etdirilir. Xalqımıza bu acını yaşadanlar qanunvericilik çərçivəsində öz cəzasını alır və alacaq. Bu ilin sentyabr ayında keçirilən lokal antiterror tədbirlərinin uğurlu nəticəsi kimi Xankəndi və ətraf ərazilərin separatçı rejimdən təmizlənməsi bu prosesi daha da sürətləndirib. Vaxtilə məhz Xankəndidən hücumların əmrini verənlər isə bunun bədəlini hələ uzun illər ödəyəcəklər. "Gəncə şəhərinin bombalanması əmrini mən vermişəm" deyə kamera qarşısına çıxan, əlində Azərbaycan xalqının qanı olan Arayik Harutyunyan da ədalətdən nəsibini alanlar sırasındadır. Bu cinayətkar artıq tutularaq Bakıya gətirilib. Qeyd edək ki, Arayik Harutyunyan 2020-ci il oktyabrın 28-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cinayətə cəlb edilmiş, barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilmişdir. Bu il oktyabrın 3-də isə Arayik Harutyunyan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Xankəndi şəhərində saxlanılıb, ona cinayət məcəlləsinin müvafiq maddələri ilə ittiham elan edilib. Onun timsalında separatçı rejimin digər "lider"ləri də tutularaq məsuliyyətə cəlb olundular. Bunlar həmin cəlladlardırlar ki, vaxtilə Bakını ələ keçirməklə Azərbaycanı hədələyir, dinc əhaliyə qarşı hücumları qəhrəmanlıq kimi nümayiş etdirirdilər. Prezident İlham Əliyev Xankəndidə bayrağımızı ucaltdıqdan sonra xalqa müraciətində demişdir: "Bu binada ən ali kürsüdə oturanların bəziləri indi Bakıdadır. Onlar Bakıya gəlmək istəyirdilər, onlar bizi hədələyirdilər, deyirdilər ki, onların tankları Bakı küçələrində olacaq, haqlı çıxdılar. Onların tankları Hərbi Qənimətlər Parkındadır. Onlar deyirdilər ki, Bakıya gəlib çay içəcəklər. Burada da haqlıdırlar. İndi çay içirlər, istintaq təcridxanasında".

Bərdə edilən xain hücumu heç bir zaman unutmasa da, bu gün suverenliyimizin tam bərpasının sevincini yaşayır.

Nurlan ABDALOV,

"Respublika".