“Nə tökərsən aşına, o da çıxar qaşığına”
Siyasət

“Nə tökərsən aşına, o da çıxar qaşığına”

Üçüncü qüvvələrə arxalanaraq "dövlətçilik" evciyi oynayan ermənilər dədə-baba torpaqlarımızda yaratdıqları qondarma rejimlə 30 ilə yaxın müddətdə etnik təmizləmə və soyqırımları törədiblər. Haylar düşünürdü ki, guya separatçıların mövcud olduqları ərazilərdə hansısa qondarma "qurum" yarada biləcəklər. Lakin həmin "ağıllı" qüvvələr və onlara arxa çıxanlar dövlət başçımızın qətiyyətini, zəkasını, yürütdüyü uğurlu siyasəti, həmçinin Azərbaycan xalqının, ordusunun qüdrətini hesaba almamışdılar. Ötən il 20 sentyabr tarixində 23 saatlıq lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçı rejimin sonu çatdı.

Azərbaycan Qarabağda dövlət quruluşunu bərpa etməklə erməni vətəndaşlarına hüquqi cəmiyyətdə yaşamaq şansını verdi. Antiterror tədbirləri zamanı mülki ermənilər ziyan çəkmədilər, əməliyyatın dayandırılmasından sonra köməyə ehtiyacı olan haylara yardım göstərilməsi azərbaycanlıların saf niyyətini bir daha nümayiş etdirdi.

Qarabağdan qovulan separatçılar və qondarma rejimin nümayəndələri indi Ermənistana qarşı çıxırlar. Erməni lobbisinin maliyyələşdirdiyi separatçılar necə deyərlər, "yedikləri qaba tüpürürlər". Bir sözlə, Ermənistan qazdığı quyuya özü düşür. Qondarma rejim isə Ermənistandan daha çox xarici qüvvələrin dəstəyilə yenidən baş qaldırır. Yəni həm xaricdə yaşayan erməni diasporu, həm də Fransa kimi dövlətlər bu məsələdə aktivdirlər. Tarixə nəzər salsaq görərik ki, bu günə qədər erməni separatizmindən geosiyasi alət kimi istifadə olunub. İndiki vəziyyətdə isə beynəlxalq müstəvidə Azərbaycana qarşı təzyiq üçün separatizmi yenidən qızışdırırlar. Bu isə heç də təəccüblü deyil. Azərbaycanın günü-gündən artan qüdrəti, davamlı olaraq mötəbər tədbirlərə ev sahibliyi etməsi bir sıra Qərb qüvvələri tərəfindən qısqanclıqla qarşılanır.

Haylar ən çox xarici dövlətlərin nümayəndələri ilə görüşməyə təşəbbüs göstərirlər. Şübhəsiz ki, bunların heç biri baş nazirin icazəsi və nəzarəti olmadan gerçəkləşmir. Demək olar ki, bütün bunlar Paşinyanın planlarının tərkib hissəsi kimi görünür. Qərbin sifarişlərini də məhz o icra edir. Ötən günlərdə xarici ölkələrin birində "qondarma rejim"in tərəfdarları tədbirə özlərinin əski parçası ilə gəlmişdilər. Ermənistan hakimiyyətinin bəzi nümayəndələri buna etiraz etdilər ki, bununla yox, Ermənistan bayrağı ilə gəlməli idilər. Onlar özləri də tam olaraq nə etdiklərini bilmirlər.

Əslində, qondarma rejimin yenidən baş qaldırmasına çalışmaqla Ermənistan dövlətinə də təzyiq yaratmaq istəyirlər. Eyni zamanda on minlərlə erməni etiraz aksiyalarına qoşulmaqla hökuməti istefaya səsləyirlər. Belə olduğu təqdirdə, Paşinyan hakimiyyəti üçün yəqin "qara günlər" yaxınlaşır. Separatçılardan alət kimi istifadə edən qüvvələr yeri gələndə Nikolu da taxtdan salacaqlar. Lakin o vaxta qədər bir ovuc ermənini Azərbaycana qarşı ərazi iddiaları irəli sürmək üçün maliyyələşdirəcəklər. Qondarma rejimin yalan iddiaları qarşısında Azərbaycanın real iddiaları var. Belə ki, dövlətimiz Qərbi Azərbaycan məsələsini tarixi həqiqəti, ədaləti bərpa etmək üçün gündəliyə gətirib. Tarixi faktlar da onu göstərir ki, azərbaycanlılar öz doğma ərazilərindən zorla çıxarılıblar. Buna görə də onların həmin ərazilərə qayıtmaq hüququ var.

Röya RÜSTƏMLİ,

"Respublika".