Dünya çempionatı: İlk gündə dörd güləşçimiz mübarizə aparacaq
İdman

Dünya çempionatı: İlk gündə dörd güləşçimiz mübarizə aparacaq

Bu gün Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı start götürəcək.

"Respublika" xəbər verir ki, yarışın ilk günündə Azərbaycanın dörd sərbəst güləşçisi mübarizəyə başlayacaq.

61 kiloqram çəki dərəcəsində yarışan İntiqam Vəlizadə təsnifat mərhələsində Cənubi Koreya idmançısı Hyeonsik Sonqla üz-üzə gələcək.

70 kiloqram çəkidə çıxış edən Maqomed-Başir Xaniyev də mübarizəyə təsnifatdan qoşulacaq. Onun rəqibi qazaxıstanlı Sanjar Dojanov olacaq.

86 kiloqram çəki dərəcəsində yer alan Abubakr Abakarov 1/16 finalda kanadalı Aleksandr Muru sınağa çəkəcək.

Nəhayət, 125 kiloqramda güləşən Georgi Meşvildişvili isə bolqarıstanlı İslam Adizovla münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, sentyabrın 24-dək davam edəcək mundial “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. İdmançılar hər Olimpiya çəkisində ümumilikdə 5 lisenziya qazana biləcəklər. Bunlar hər çəki üzrə finalçılar, iki bürünc mükafatçı və üçüncü yer uğrunda görüşdə uduzan güləşçilər arasında duelin qalibi olacaq.