Dünya zəhmətkeşlərinin həmrəyliyi
Sosial həyat

Dünya zəhmətkeşlərinin həmrəyliyi

1 May fəhlə və zəhmətkeşlər tərəfindən dünya səviyyəsində qeyd olunan birlik, həmrəylik və haqsızlıqla mübarizə günüdür. Hər il mayın 1-nin xüsusi gün kimi qeyd olunması  15-16 saatlıq iş rejiminin 8 saata qədər azaldılması ilə bağlı aparılan mübarizənin nəticəsidir. 

Almaniyalı kommunist Roza Lüksemburq 1894-cü ildə Paris mətbuatında dərc olunmuş "May bayramı necə yarandı?" adlı məqaləsində qeyd edirdi ki,  8 saatlıq iş günü ideyası ilk dəfə Avstraliyada yaranıb. 1856-cı ildə Avstraliyanın Melburn şəhərində daş və tikinti fəhlələri gündə 8 saatlıq iş gününün tətbiq edilməsi tələbilə Melburn Universitetindən parlament evinə qədər yürüş keçiriblər.  21 aprel 1856-cı il tarixindən etibarən başlayan mitinqlərə təzyiqlər göstərilsə də bunun qarşısını almaq mümkün olmayıb. 9 gün davam edən nümayişlər vaxtı işçilərin tələblərinə  müəyyən qədər cavab verilib və  az da olsa yerinə yetirilib. Beləliklə, proletarların 9 günlük etirazlarından  sonra hər il mayın ilk günü Avstraliyada bayram kimi qeyd olunmağa başlayıb.

Proletarların bu mübarizəsi yalnız Avstraliya ilə kifayətlənmədi. 30 il sonra ABŞ və Kanadada Avstraliyada baş verənlərə bənzər hadisələr təkrarlandı.  Belə ki, 1 may 1886-cı ildə Amerika Fəhlə Həmkarlar İttifaqları Konfederasiyasının rəhbərliyi ilə fəhlələr gündə 12 saat, həftədə altı gün olan iş cədvəlinin qısaldılması tələbini irəli sürdülər.  Onlar ilk addım kimi öz işlərini boykot etdilər. Çikaqoda keçirilən aksiyalarda yarım milyon etirazçı kütlə iştirak etdi. Şəhərin  küçələrində polis orqanları və işçilər arasındakı toqquşma nəticəsində 6 nəfər həlak oldu. Mitinqdə etirazçılar "8 saatlıq iş günü" tələbilə qəti şəkildə yürüşlərinə davam etdilər. Göründüyü kimi, 1 may axan qanlar  hesabına bayram gününə çevrilib. Kentakidə altı mindən çox qara və ağdərili fəhlələr iş saatlarının çox olmasına görə protesto etdilər.

1889-cu ilin iyul ayında Parisdə toplanan 2-ci Beynəlmiləl Konqresdə 1 may tarixinin bütün dünyada  birlik, mübarizə və həmrəylik günü kimi qeyd olunmasına qərar verildi. Bununla da 1856-cı ildə başlayan hərəkatın iştirakçıları öz istəklərinə nail oldular.  Həmin  Konqresdə  8 saatlıq iş günü tələbi haqda qərar qəbul edildi.  Günümüzdə sosialist ölkələrdə Çin Xalq Respublikası, Koreya Demokratik Xalq Respublikası, Vyetnam, Laos, Kuba, Venesuela, Nepal və bir çox ölkələrdə istirahət günü olan 1 mayı işçilər böyük kütləvi aksiyalarla bayram edirlər.

1 May bayramı tarixin müxtəlif dövrlərində ayrı-ayrı adlar  daşıyıb.  Dünya fəhlələrinin həmrəylik günü, Dünya zəhmətkeşlərinin həmrəylik günü, Əmək günü, Beynəlmiləlçilik günü, Əmək və bahar günü və s.

Sovet İttifaqının mövcud olduğu dövrlərdə 1972-ci ilə qədər 1 may tarixi Beynəlmiləlçilik bayramı kimi qeyd olunub. Lakin 1972-ci ildən etibarən bayramın adı dəyişdirilərək "Zəhmətkeşlərin Beynəlxalq Həmrəyliyi Günü" adlanıb. Sovetlər dövründə 1 May bayramı rəsmi bayram sırasında ən birincilərdən hesab olunur, çoxsaylı tədbirlər keçirilirdi.

Osmanlı dövləti dövründə fəhlə təşkilatlanmasının ən öndə getdiyi yer Selanik şəhəri olub. 1911-ci ildə burada tütünçülər və pambıqçılar aksiya keçirərək həmin günü bayram ediblər. 1923-cü ildə 1 May qanuni olaraq "İşçi bayramı" elan edilib. 1977-ci ildə İstanbul Taksim meydanında təxminən beş yüz min adamın iştirakı ilə 1 May görüşü keçirilib. Lakin 1977-ci il mayın 1-i Türkiyə tarixinə qanlı may günü kimi daxil olub. Belə ki, meydana toplaşan kütlələrə atəş açılıb. Nümayişçilərdən 34 nəfər öldürülüb. 130 nəfərdən çox şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 1981-ci ildə Türkiyə Milli Təhlükəsizlik Şurası tərəfindən 1 May rəsmi tətil günü olmaqdan çıxarılsa da, 2009-cu ilin aprelində Əmək və Həmrəylik Günü kimi rəsmi tətil elan edilib.

1920-ci ildən 1992-ci ilə qədər 1 May ölkəmizdə də rəsmi bayram kimi qeyd olunub.

Musa BAĞIRLI,

"Respublika".