Ermənistan Rusiyaya qarşı?..
Siyasət

Ermənistan Rusiyaya qarşı?..

Yalan və saxta provokasiyalar üzərində qurulmuş Ermənistan milli ideologiyası əsrlərdir ki, müstəqil siyasət imitasiyasını davam etdirir. Hay diplomatiyasının əsası havadarları və himayədarlarına arxalanmaq, onların tapşırıqları ilə hərəkət etməkdən ibarətdir.

Ermənistanın baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxışı zamanı ənənəsinə sadiq qalıb və qərəzli ittihamlarla çıxış edib. O, sülh müvaqiləsinin imzalanmalı olduğunu dəfələrlə qeyd edir, lakin bütün bunlar söz olaraq qalır. Belə qeyri-səmimi bəyanatlarla Paşinyan ölkəsinin nə qədər "müstəqil" siyasət yürütdüyünü də ortaya qoymuş olur, Ermənistan, regional iqtisadi məsələlərdən kənarda, kimlərdənsə asılı vəziyyətdə qalır. Nikolun qeyri-ciddi siyasəti, qeyri-konstruktiv mövqeyi erməni əhalisini fəlakətə doğru aparır, o, saxta bəyanatlarla  Qərbə demokrat kimi görünməyə cəhd edir. Vəziyyətdən asılı olaraq öz mövqelərini dəyişməyi adət halına gətirən haylar anti-Rusiya siyasətinə başlayıb. Belə ki, Nikol bir zamanlar müttəfiqi, forpostu olduğu Rusiyanı qıcıqlandırmağa çalışır, Avropa İttifaqını Qarabağ məsələsində daha fəal olmağa çağırır.

"Ermənistan Azərbaycanla döyüşməkdən qorxur, amma Rusiyaya müharibə elan edib". Bunu bir ay öncə Ermənistanın ilk baş naziri Vazgen Manukyan müxalifətin İrəvanda keçirilən mitinqində deyib. Nikol Paşinyanın ABŞ nəşri "The Wall Street Journal"a müsahibəsində də belə meyillər hiss olunub. Açıq şəkildə rəsmi İrəvan Moskva ilə vəziyyətin mürəkkəbləşməsinə məhəl qoymur, hətta bu istiqamətdə çalışır. Paşinyan əvvəl Qarabağla bağlı Rusiya sülhməramlıları haqqında danışırdı, onların bölgədəki fəaliyyətini yetərli görmürdü. O, indi də Rusiyanın Ermənistandakı hərbi mövcudluğuna ehtiyac olmadığını qeyd edərək,  Gümrüdəki 102-ci Rusiya hərbi bazasının təhlükəsizlik baxımından ölkəsinə heç bir fayda vermədiyini qeyd edib. Ermənistanda Rusiyaya məxsus çoxlu sayda hərbi bazalar var.

Təbii ki, ermənilər özlərinə havadar axtarışındadırlar. Buna görə də Rusiyadan dəstək görə bilməyəndə, açıq demarşa başlayıb, şimaldan uzaqlaşıb, qərbə tərəf qaçmağa başlayıblar. Fransa ilə Ermənistan hərbi-texniki əməkdaşlığı genişləndirir, tərəflər bu məqsədlə oktyabrın 23-də bəzi silah sistemlərinin tədarükü ilə bağlı anlaşma da imzalayıblar. Qeyd edək ki, bu ticarətdən əvvəl də fransızların Ermənistana gəliş-gedişi var idi. Müstəmləkə keçmişindən qopa bilməyən Fransanın bunun davamını gətirəcəyini gözləmək olardı. Təlimlər də rəsmi Parisin bəhanəsi olub.

"Ermənistanın baş naziri KTMT-nin (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) Ermənistanla Azərbaycan arasındakı vəziyyətlə bağlı işini daha çox fiasko kimi şərh etməyə hazır olduğunu bildirib". Bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib:  "Bu, erməni tərəfinin nöqteyi-nəzəridir, vəziyyəti bu cür qiymətləndirmək erməni tərəfinin haqqıdır", - deyə Rusiya Prezidentinin sözçüsü vurğulayıb.

Lakin Ermənistanın son dövrlərdəki Qərbə yaxınlaşma siyasəti ilə Rusiyaya qarşı demarşları birmənalı qarşılanmır. Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verən maddəni özündə əks etdirən "Roma statutu"nun Ermənistan parlamentində ratifikasiya edilməsi iki ölkə arasında münasibətləri dalana sürükləyib. Belə ki, Nikol Paşinyan bu sənədin ratifikasiya edilməsinin Rusiya ilə əlaqəsi olmadığını sərhəddəki narahatlıqla bağlasa da, görünür, hər şey Qərbin planları üzrə uğurla davam edir. Diplomatik münasibətləri gərgin olan ölkə rəsmiləri Mariya Zaxarova-Alen Simonyan arasında yaranmış kəskin vəziyyət də  Ermənistanı uçuruma doğru aparır. Yekunda Rusiyanın Ermənistana nota verməsi isə artıq rəsmi İrəvanın geri dönüşü olmayan yola girdiyini göstərir. Hər halda Ermənistan Rusiya ilə əlaqələri kəssə və KTMT-dən çıxaraq Şimali Atlantika Alyansına qoşulsa bu, faciə ilə sonlana bilər. Bu baxımdan, Ermənistan öz siyasətində doğru gedişlər etməli, Azərbaycanın təklif etdiyi şərtlər üzrə regionda sülh prosesinə dəstək verməli və Qərbin "şirnikləndirmə"lərinə uymamalıdır.

Bu şəkildə "asılı" siyasət yürütməklə  öz ərazisini qarşıdurmalar məkanına çevirən  Ermənistan böyük dövlətlərin rəqabət meydanı, güc göstərilən bir poliqondan başqa bir şey deyil. Hətta gələcəkdə bu proses daha aktiv fazaya keçə və Ermənistan Suriyanın aqibətilə üzləşə bilər. Rəsmi İrəvan çox gec olmadan müstəqil siyasət yürütməyə başlamalı və ölkənin gələcəyi haqqında düşünməlidir. Sülh və sabitliyin təmin edilməsi istiqamətində addımlar atılmalıdır.

Nurcan SÜLEYMANOVA,

"Respublika".