“Əziz sərhədçi! Vətənə xidmətinə görə təşəkkür edirik!”
Gündəm

“Əziz sərhədçi! Vətənə xidmətinə görə təşəkkür edirik!”

Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında və hərbi hissələrində xidmət müddəti başa çatmış əsgərlərin ehtiyata buraxılması ilə əlaqədar “Əziz sərhədçi! Vətənə xidmətinə görə təşəkkür edirik!” adlı təntənəli yola salma mərasimləri yekunlaşıb. 

"Respublika" Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzinə istinadən xəbər verir ki, hərbi hissənin Döyüş bayrağının sıra meydanına gətirilməsi ilə başlayan tədbirlərdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Keçirilən tədbirlərdə sərhədçilərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında dövlət sərhədinin mühafizə və müdafiəsində əzmlə xidmət aparmaqdan qürur duyması vurğulanıb.

Çıxış edənlər hərbi qulluqçulara Vətənə şərəfli xidmətlərinə görə təşəkkür ediblər.

Ehtiyata buraxılan hərbi qulluqçular üçrəngli bayrağımızı öpüb, xidmət dövründə qazandıqları müsbət vərdiş və keyfiyyətlərə görə minnətdarlıq ifadə ediblər. 

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılma tədbirləri xidmətdə fərqlənmiş və nailiyyətlər əldə etmiş hərbi qulluqçuların təltifləndirilməsi və təntənəli şəkildə yola salınması ilə başa çatıb.