Fransa öz müstəmləkələrində hüquqsuzluq mühiti formalaşdırıb
Siyasət

Fransa öz müstəmləkələrində hüquqsuzluq mühiti formalaşdırıb

Korsikada Fransa müstəmləkə hökmranlığına qarşı dinc mübarizə məqsədilə təsis edilən "Nazione" hərəkatının fəallarına qarşı Fransa güc strukturlarının təqiblərə başlaması, insan haqlarına zidd formada onların evlərinə hücum çəkərək azyaşlıların olduğu mənzillərin qapılarının partlayıcılarla dağıdılması, uşaqlarının gözü önündə valideynlərinə fiziki zor tətbiq edilməsi, hətta uşaqların oyuncaqlarının belə vandallıqla sındırılması qəbuledilməz davranışdır və beynəlxalq birlik dərhal məsələ ilə bağlı açıq mövqeyini bəyan etməli, bu vəhşiliyə son qoyulmalıdır. Bəşəri dəyərlərin, sülh və təhlükəsizliyin prioritet olaraq müəyyən edildiyi XXI əsrdə hələ də XVII əsrin müstəmləkə təfəkkürünün mövcudluğu və koloniyaların olması müasir sivilizasiya üçün utancvericidir. Ələlxüsus, özünü dünyada insan haqlarının və beynəlxalq hüququn müdafiəçisi kimi qələmə verən Fransanın bu prosesdə xüsusi amansızlıqla davranması, müstəmləkəçiliyi yeni mərhələyə - neokolonizasiya prosesinə daşıması müasir beynəlxalq hüquq qarşısında əsas problemlərdən biridir.

"Demokratiya" və "insan haqları" pərdəsi altında başqa ölkələrin daxili işlərinə kobud müdaxilələr etməyə çalışan Makron diktaturasının insanların fikirlərini azad şəkildə ifadə etmək hüququna bu cür vəhşi reaksiya göstərməsi, 150 mindən artıq insanın danışdığı Korsika dilini və milli kimliyini məhv etmək siyasəti yürütməsi özlüyündə Fransanın dövlət siyasəti səviyyəsində soyqırımı cinayətidir. Parisin qlobal subyekt kimi təsir gücü, BMT Təhlükəsizlik Şurasının daimi üzvü olaraq dünya menecmentində yer alması, nüvə dövləti olması, qlobal media infrastrukturu üzərində təsiri kimi amillər son dövrlərə qədər Fransanı planetar miqyaslı tənqidlərdən sığortalayırdı. Məhz bu situasiya isə Fransada cinayətkarcasına özünə güvənə səbəb olub və Parisin neokolonizasiya prosesinin daha şiddətli formaya transformasiyasına gətirib çıxarıb. Asiya ölkələrinə və xüsusən İslam dünyasına münasibətdə insan haqlarının müdafiəsi və təmini ilə bağlı məsələləri təzyiq alətinə çevirən Fransa cəzasızlıq mühitindən yararlanaraq özünün müstəmləkələrində sözün əsl mənasında hüquqsuzluq mühiti formalaşdırıb. Eyni zamanda dəyişən reallıqlar fonunda Fransa təcavüzkar niyyətlərinin dairəsini genişləndirməkdə davam etmiş, Cənubi Qafqazda mövqeyini möhkəmləndirmək üçün hüquqazidd fəaliyyətlər seriyasına start vermişdir.

2023-cü il iyulun 6-da Bakıda Qoşulmama Hərəkatının Əlaqələndirmə Ofisinin Nazirlər Toplantısı çərçivəsində Fransanın istismar etdiyi müstəmləkələrin nümayəndələri ədalət və azadlıq uğrunda apardıqları mübarizədə öz həmrəylik şəbəkələrini strukturlaşdırmaq üçün Fransa müstəmləkəçiliyinə qarşı Bakı Təşəbbüs Qrupunun yaradılması barədə razılığa gəlmiş və yekun bəyannamə qəbul edilmişdi.

Sonrakı dövrdə Bakı Təşəbbüs Qrupu artıq Fransa müstəmləkəçiliyi ilə mübarizədə nüfuzlu platformaya çevrilməyə və məhz Azərbaycanın dəstəyi ilə uğurlu fəaliyyət nümunəsi ortaya qoymağa başladı. Ötən il sentyabrın 22-də Nyu-York şəhərində yerləşən BMT-nin mənzil-qərargahında "Dekolonizasiya: Sakit İnqilab" adlı konfrans, ardınca oktyabrın əvvəllərində BMT Baş Assambleyasının Siyasi və dekolonizasiya məsələləri üzrə 4-cü komitəsində Bakı Təşəbbüs Qrupunun məruzəsinin dinlənilməsi və Fransanın müstəmləkə siyasətinin dünya birliyinə çatdırılması baxımdan önəmli hadisələr oldu. Ötən ilin oktyabrında isə Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda 14 ölkədən, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərinin, həmçinin Korsika təmsilçilərinin iştirakı ilə "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" adlı beynəlxalq konfransın keçirilməsi təsisatın artıq müstəqil qlobal subyekt kimi özünü doğrultduğunu göstərməklə bərabər, həm də qlobal miqyasda şər yuvasına çevrilmiş Fransa ilə onun başa düşdüyü dildə danışılmağa başlandığını göstərməkdədir.

Azərbaycan Respublikasının Milli Məclisində yaradılmış Korsika xalqına dəstək qrupunun müvafiq Bəyanatı da məhz bu mövqeyin davamı və Azərbaycanın beynəlxalq hüququn aliliyinə, insan haqlarının birbaşa qüvvəsinə inanan qlobal subyekt olduğunu bir daha göstərmiş oldu. Paris özünü dünyanın sahibi kimi apara bilməz və beynəlxalq hüquq qaydaları bütün beynəlxalq subyektlər üçün ümumi qüvvəyə malikdir. Xüsusən müvafiq Bəyanatda da istinad olunan "Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt", "Uşaq hüquqları Konvensiyası", "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyası", "Əsas hüquqlar üzrə Avropa Xartiyası", "Dilçilik Hüquqlarının Ümumdünya Bəyannaməsi", UNESCO-nun "Mədəni müxtəlifliyə dair universal Bəyannamə"si, "Mədəni İfadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Konvensiyası", "Regional və ya Azlıqların Dilləri üçün Avropa Xartiyası" və s. kimi universal xarakter daşıyan sənədlərin tələblərini kobud formada pozmaqla əslində Fransa bəşəri təhdidə çevrildiyini göstərir. Dünya birliyinin bu prosesi sükunətlə qarşılaması isə qəbuledilməzdir və bu gün də Fransa polisinin davam edən qanunsuz təqibləri və törədilən çoxsaylı cinayətlərə ortaq olmaq deməkdir. Azərbaycan beynəlxalq hüquqa inanır və hesab edirik ki, qlobal təzyiq mühiti formalaşdırmaqla Makron rejiminin cinayətlərinin qarşısını almaq mümkündür. Fransa və Makron diktaturasının orbitində olan beynəlxalq subyektlər, bu prosesdən beynəlxalq diqqətin yayındırılması istiqamətində səylər göstərən muzdlu media nəhayət, başa düşməlidir ki, heç bir repressiya Korsika xalqının milli mübarizəsini dayandıra, onu boyun əyməyə məcbur edə bilməz. Fransa beynəlxalq öhdəliklərini açıq-aşkar və güc tətbiqi ilə poza və cəzasız qala bilməz. Ən azı Azərbaycan və bizim beynəlxalq hüquqa sadiq çoxsaylı tərəfdaşlarımız buna imkan verməyəcək. Məhz bu qayədən və bəşəri ideallardan yola çıxaraq Azərbaycan Respublikasının Milli Məclisində yaradılmış Korsika xalqına dəstək qrupu Fransa hüquq-mühafizə orqanlarının Korsikada müstəqillik tərəfdarlarına qarşı apardığı qeyri-qanuni hərəkətlərini qətiyyətlə pisləyir və fundamental insan hüquqlarına hörmət tələb edir.

Bəhruz MƏHƏRRƏMOV,

Milli Məclisin deputatı.