Fransanın Ermənistanın vəkili kimi çıxış etməsi riyakarlıqdır
Digər xəbərlər

Fransanın Ermənistanın vəkili kimi çıxış etməsi riyakarlıqdır

Fəaliyyətini əsassız iddialar üzərində quran "Sərhədsiz Reportyorlar" təşkilatı növbəti dəfə qərəzli bəyanatı ilə gündəmə gəlib. Təşkilat "4-cü Sənaye İnqilabı dövründə Yeni Media" mövzusunda Şuşa Qlobal Media Forumuna qarşı sosial mediada açıq şəkildə qaralama kampaniyası aparıb. Bununla mədəniyyət beşiyimizdə keçirilən mötəbər tədbiri gözdən salmaq, Azərbaycanda guya media azadlığının boğulduğu barədə düzgün olmayan təsəvvürlər yaratmaq istəyib. Özünü beynəlxalq qeyri-hökumət təşkilatı kimi qələmə verən qurum sosial şəbəkədə tədbirlə yanaşı, burada iştirak edən jurnalist həmkarlarını da əsassız olaraq tənqid edib. Amma təkcə bir fakt belə "Sərhədsiz Reportyorlar"ın qərəzli və məkrli yanaşmasını sübut etməyə kifayətdir.

Belə ki, təşkilat iddia edib ki, müstəqil media və jurnalistlər foruma buraxılmayıblar. Bu isə o deməkdir ki, "Sərhədsiz Reportyorlar"ın fikrincə, "Forbes", "Euronews", "Əl-Cəzirə" və digər nüfuzlu KİV-lər, eləcə də aralarında Azərbaycan hakimiyyətini tənqid edənlərin də olduğu beynəlxalq jurnalist təşkilatlarının nümayəndələri, ümumilikdə isə 150 xarici qonaq "müstəqil olmayan" jurnalist və media təşkilatıdır.

Əslində, əsas ofisi Parisdə yerləşən və Beynəlxalq Frankofoniya Təşkilatında məşvərətçi statusa malik olan təşkilatın belə mövqe sərgiləməsi anlaşılandır. Çünki təşkilat Makron hökumətinin və erməni lobbisinin ağalığı altında fəaliyyət göstərir. Əgər belə olmasaydı, erməni vandalları 30 ilə yaxın Azərbaycan ərazilərini işğal altında saxlayanda, dilbər guşələrimizi xarabalığa çevirəndə, Azərbaycanın tarixi-mədəni irsini məhv edəndə "Sərhədsiz Reportyorlar" bunlara etiraz edər, ən azı Şuşa Qlobal Media Forumunu tənqid etdiyi kimi tənqid edərdi. Amma biz indi tamamilə ədalətsiz və qərəzli yanaşmanın şahidi oluruq. Bunların fonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 20-də Çinin "China Media Group" media korporasiyasına verdiyi müsahibəsində Fransa mövzusuna toxunması təsadüfi deyil. Dövlət başçısı çıxışında bildirib ki, hazırda Azərbaycan Fransa hökumətinin əsassız hücumları ilə üzləşir:

"Təsəvvür edirsinizmi, Fransa Ermənistanın ən böyük vəkilinə çevrilib. Yaxşı, bu, onların işidir, lakin onlar Avropada ən iri anti-Azərbaycan mənbəyinə çevriliblər. Onlar bizə hər istiqamətdə hücum çəkirlər. Onların xarici siyasi bəyanatları və rəsmilərin bəyanatları hər cür siyasi etikadan kənara çıxır. Onlar müharibə zamanı bizi elə məsələlərdə ittiham etdilər ki, biz bunları heç vaxt etməmişik və bununla bağlı üzr belə istəmədilər. İndi isə onlar bizi öz ərazimizdə gördüyümüz işlərə görə ittiham edirlər. Baxın hələ bunu kim edir? O ölkə ki, Korsika dilinə qadağa qoyur, Korsikada öz müqəddəratını təyin etmək hərəkatını qəddarcasına boğur. Onlar Qarabağda ermənilərin "öz müqəddəratını təyin etmələrini" təşviq edirlər. Bu, necə ola bilər? Müharibə zamanı siyasi təcavüz bütün sərhədləri aşanda, dedim ki, əgər onlar "Dağlıq Qarabağ respublikasını" haradasa qurmaq istəsələr, qoy öz ərazisində qursunlar. Məsələn, çoxlu erməninin yaşadığı Marsel şəhərinin ətrafında qurub, "Dağlıq Qarabağ respublikasını" orada elan etsinlər, biz də tanıyaq. Bu ölkə hələ də öz müstəmləkəçilik siyasətini davam etdirir".

Dövlət başçımızın da dediyi kimi, dünyaya demokratiya dərsi keçməyə çalışan Fransada çoxsaylı qanun pozuntuları, irqçilik, diskriminasiya, insan hüquqlarının məhdudlaşdırılması və s. hallar hökm sürür. Bir neçə nümunə ilə bu fikri əsaslandıraq. Fransız polisi ötən ilin noyabrında ölkədə baş verən etiraz aksiyalarını xüsusi amansızlıqla yatırmağa çalışdı. Bu isə təəccüb doğurmadı. Çünki son bir neçə il ərzində keçirilən nümayişlərdə, həmçinin "sarı jiletlilər" aksiyasında da belə mənzərənin şahidi olmuşduq. Bunun səbəbi isə odur ki, Makronun öz hakimiyyətini qorumaq üçün sonsuz səlahiyyətlər verdiyi Fransa polisi, yalnız irqi və dini zəmində zorakılığı, günahsız insanları qətlə yetirməyi bacarır. Azərbaycan ərazilərində yaşayan ermənilərə heç bir əsas olmadan, şəxsi qəzəbi səbəbindən qahmar çıxmaq üçün sivil dünya tarixində rast gəlinməyən hoqqalardan çıxan Makron isə fransızların hüquqlarının təmin edilməsi barədə düşünmək istəmir.

Digər tərəfdən, toplaşma azadlığı, siyasi plüralizm, ifadə azadlığı kimi anlayışların unudulduğu Parisdə insan oğurluğu da aktualdır. Belə ki, əlcəzairli siyasi fəal Amira Buravi öz ölkəsində pozucu əməllərinə görə tənqid olunduğu üçün fransız diplomatların dəstəyi ilə ölkədən qeyri-qanuni yollarla oğurlanaraq Parisə aparılıb. Kifayət qədər rezonans doğuran hadisədə Makron hökumətinin iştirakı birbaşa olaraq Əlcəzairin suverenliyinin pozulmasıdır. Amma söhbət Yelisey sarayından gedəndə, heç nə təəccüblü qəbul edilməməlidir. Çünki bu, o Fransadır ki, tarixə müstəmləkə ölkəsi kimi düşüb və əsrlər boyu ərazilər zəbt etməklə məşğul olub. İşğallar zamanı da ən böyük insan qırğınları elə Afrika qitəsində baş verib. Çox da uzaq olmayan tarixdə, İkinci Dünya savaşından sonra Əlcəzairdə müstəqillik hərəkatı zamanı bütün dünyanın gözü qarşısında Fransa 1,5 milyon əlcəzairlini qətlə yetirib. Parisin ilk nüvə silahı da məhz bu ölkədə sınaqdan keçirilib. İndiki məqamda Makron Administrasiyasının yenidən Əlcəzairin daxili işlərinə qarışması, müxalif şəxsləri qızışdırması Fransanın neomüstəmləkəçilik səyləri kimi başa düşülməlidir. Amira Buravinin məsələsi fonunda bunun bir daha şahidi olduq.

Gətirdiyimiz bu nümunələr onu göstərir ki, Fransa ikiüzlü siyasət aparır. Həmin siyasəti də "Sərhədsiz Reportyorlar" kimi əməli düz olmayan güclər, təşkilatlar vasitəsilə Cənubi Qafqazda tətbiq etməyə çalışır. Amma Fransanın, eləcə də onun əmrlərinə uyğun siyasət formalaşdıran qurumların Azərbaycana demokratik tövsiyələr verməyə heç bir haqqı yoxdur.

Jalə QASIMZADƏ,

"Respublika".