Fuat Oktay: Ölkələrimizin sıx əməkdaşlığı üçün bütün potensial imkanlardan istifadə edəcəyik
MÜSAHİBƏLƏR

Fuat Oktay: Ölkələrimizin sıx əməkdaşlığı üçün bütün potensial imkanlardan istifadə edəcəyik

Dövlət başçılarımızın, digər dövlət orqanlarının qarşılıqlı səfərləri Türkiyə ilə Azərbaycan arasındakı əlaqələri daha da inkişaf etdirməyə hesablanıb.

AZƏRTAC xəbər verir ki, bu sözləri Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay jurnalistlərə açıqlamasında deyib.

TBMM-nin nümayəndə heyətinin rəhbəri bildirib: "Ölkələrimiz arasında parlamentlərarası əlaqələrin yeni istiqamətləri üzərində işləyirik. Ümid edirik ki, münasibətlərimiz indikindən daha yaxşı olacaq. Bütün sahələrdə əməkdaşlığı dərinləşdirməyi planlaşdırırıq".

Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində əməkdaşlığı təkcə dövlətlərarası deyil, həm də parlamentlərarası səviyyədə inkişaf etdirməyi düşündüklərini vurğulayan F.Oktay qeyd edib: "Bəzi təkliflər var, onları dəyərləndirdikdən sonra həyata keçirəcəyik. Xarici işlər üzrə qurumlarımızın TDT-də bir araya gələrək sıx əməkdaşlıq etməsində maraqlıyıq. Yəni, ölkələrimizin sıx əməkdaşlığı üçün mövcud olan bütün potensial imkanlardan istifadə edəcəyik".