Gələn ilin qlobal çağırışı: Yaşıl dünya naminə həmrəylik
Ekologiya

Gələn ilin qlobal çağırışı: Yaşıl dünya naminə həmrəylik

Ölkəmiz iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə bəşəriyyətin diqqət mərkəzində olacaq

Azərbaycan Prezidentinin Sərəncamı ilə ölkəmizdə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edilib. Sərəncamda 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetdən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən olunub. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

Ölkəmiz iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə davamlı olaraq öz töhfəsini verir. Bu sahədə çoxşaxəli təşəbbüslər, istər milli, istərsə də qlobal səviyyədə ətraf mühitin mühafizəsi, ekoloji məsələlərə göstərilən diqqət, eyni zamanda iqlim dəyişiklikləri ilə bağlı görülən işlər çox yüksək qiymətləndirilir. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

"COP29-da 10 minlərlə xarici nümayəndə ölkəmizə gələcək, iki həftə ərzində Bakı dünyanın mərkəzi olacaq". Bunu Azərbaycan Prezidenti İlham Əliyev COP29-un gələn il ölkəmizdə keçirilməsi ilə əlaqədar müşavirədə deyib. COP29-un dünyada ən mötəbər beynəlxalq tədbirlərdən biri olduğunu, konfransı yüksək səviyyədə keçirəcəyimizi vurğulayan dövlət başçısı qeyd edib ki, bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Eyni zamanda Azərbaycan neft-qaz ölkəsi kimi bu sahədə də özünü göstərəcək və dünyada hər kəs bir daha görəcək ki, bizim gündəliyimiz "yaşıl enerji" ilə bağlıdır. "Yaşıl enerji" növlərinin yaradılması və dünya bazarlarına nəqli hazırda enerji siyasətimizin prioritetidir. Bu, reallıqdır və bütün dünya bunu bir daha görəcək. Prezident bu təşəbbüsü ilə Azərbaycanın qüdrətini bir daha dünyaya göstərdi və beynəlxalq aləmdə böyük etimad qazandığını nümayiş etdirdi. Ölkəmiz qlobal problemlərdən biri olan iqlim dəyişmələrinə qarşı səyləri səfərbər etmək və bu mübarizəyə töhfə verməklə dünyanın diqqət mərkəzində olacaq.

Dünyada ətraf mühitin çirklənməsi, azalan təbii ehtiyatlar və artan tələbat fonunda dayanıqlı inkişafa nail olmaq üçün "yaşıl iqtisadiyyat"ın genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər böyük əhəmiyyət daşıyır. "Yaşıl enerji" sahəsində dövlət tərəfindən son zamanlar həyata keçirilmiş layihələr hesabına enerji səmərəliliyi və alternativ enerji mənbələrindən istifadə göstəriciləri yüksəlib. Hazırda icrası davam edən layihələr çərçivəsində alternativ mənbələrdən istifadə daha da artacaq. Azərbaycan bərpaolunan enerji mənbələri üzrə yüksək potensialı olan ölkələrdəndir. Respublikamızda bərpa olunan enerji mənbələrinin potensialı (külək, günəş, bioenerji, dağ çayları birlikdə) 27000 MVt həcmində qiymətləndirilir. Bu sahədə ölkəmizdə müəyyən işlər görülmüş və davam etdirilir, həm də normativ hüquqi aktlar qəbul edilmişdir.

Qeyd edək ki, Azərbaycanda qurulmuş təkrar emal prosesi "yaşıl iqtisadiyyat"ın inkişafına, rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsinə, ekoloji vəziyyətin yaxşılaşdırılmasına xidmət edir. Müasir iqtisadiyyatda "təkrar emal" anlayışı mühüm yer tutur. İstehlak prosesindən sonra tullantıların bir qismini yenidən istifadəyə yararlı hala gətirmək mümkündür. Təkrar emal yenidən istifadəsi mümkün olan materialların dövri olaraq istehlak prosesinə daxil edilməsidir. Əsas məqsəd təbii sərvətlərin israfının və ekoloji çirklənmənin qarşısını almaq, eləcə də əlavə xammal bazası yaratmaqdır. Təkrar emal ilkin istehsaldan fərqli olaraq, asan və tez başa gəlir ki, bu da enerji qənaətinə imkan yaradır.

2021-ci il 2 fevral tarixli Sərəncamı ilə Azərbaycanın 2030-cu ilə qədərki sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərini müəyyənləşdirərkən, Prezident İlham Əliyev qlobal iqlim dəyişikliklərinin miqyasını nəzərə alaraq ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, təmiz enerji mənbələrindən istifadə, tullantıların təkrar emalı və çirklənmiş ərazilərin bərpasının təşviq edilməsini qəti vəzifə olaraq müəyyən edib. Azərbaycanda yüksək keyfiyyətli ekoloji mühitə və "yaşıl enerji" məkanına nail olmaq üçün isə ötən dövrdə, xüsusən ərazi bütövlüyümüzün bərpa olunduğu son 3 il ərzində iqtisadi artımla ekoloji mühitin tarazlığının təmin olunması, ölkədə ümumi ərazilərdə yaşıllıqların payının artırılması istiqamətində konkret addımlar atılır. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası "yaşıl enerji" zonası elan olunub. Həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir.

"Yaşıl enerji" zonası - enerji tələbatı yaşıl enerjidən (bərpaolunan enerji mənbələrindən) maksimum istifadə olunmaqla və enerji dəyər zəncirində ekoloji təmiz və enerji baxımından səmərəli "yaşıl" texnologiyalardan istifadə edilən ərazidir. Həmin ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" kimi innovativ yanaşmalar tətbiq olunur, ekosistem bərpa edilir. Belə ki, işğaldan azad olunmuş ərazilərə böyük qayıdış prioriteti çərçivəsində hədəflərə çatmaq üçün hazırlanaraq təsdiq olunmuş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı"nın da əsas istiqamətlərindən biri bu ərazilərdə məhz ətraf mühitlə bağlı problemlərin həlli, dinamik iqtisadi inkişaf fonunda ekoloji təhlükəsizliyin təmin olunması, ən müasir yaşıl texnologiyaların tətbiqi və təmiz ekoloji mühitin yaradılmasıdır. "Təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi prioriteti də Azərbaycanda təbii kapitalın qorunması, daha yaxşı istifadəsi, insanların ekoloji rifahının artırılması və iqtisadi artımın stimullaşdırılması ilə şərtlənir. Ölkəmiz iqtisadiyyatın "yaşıl" formasına keçid prosesini sürətləndirən beynəlxalq proqramların fəal iştirakçısıdır. Bu prioritet daxilində strateji dövrdə yüksək keyfiyyətli ekoloji mühit və yaşıl enerji məkanının effektiv reallaşdırılmasına nail olunmalıdır.

Energetika Nazirliyi ilə bp şirkəti arasında iri miqyasda karbonsuzlaşdırılmış, inteqrasiya edilmiş enerji və nəqliyyat sistemləri, o cümlədən Azərbaycanın şəhər və rayonlarında bərpaolunan enerji layihələri üçün tələb edilən potensialın və şəraitin qiymətləndirilməsi üzrə əməkdaşlıq etmək məqsədilə Anlaşma Memorandumu imzalanmışdır. Memorandum Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, rəqabətli enerji bazarının yaradılması, təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi prioriteti üçün tədbirlərin həyata keçirilməsi, bp-nin isə 2020-ci ildə "xalis sıfır emissiya" hədəflərini elan etməsi kontekstində imzalanıb. Memorandum çərçivəsində, təmiz enerji layihələri, az karbonlu nəqliyyat, "yaşıl" binalar, tullantıların idarə olunması, təmiz sənaye, təbii iqlim həlləri, inteqrasiyalı tərəfdaşlıqlar, həmçinin inteqrasiyalı və karbonsuzlaşdırılmış enerji və nəqliyyat sistemlərinin hazırlanması istiqamətində əməkdaşlıq imkanlarının araşdırılması nəzərdə tutulur.

Təmiz ətraf mühit və "yaşıl artım" prioritetinin effektiv reallaşdırılmasına nail olmaq üçün perspektiv iqtisadi inkişafla bərabər, ölkədə ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların sürətli bərpası və artırılmasına, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsinə diqqət edilməlidir. Bu məqsədlə, ölkənin hər yerində yaşıl zolaqlar və yaşıl sahələrin salınmasına şərait yaradılmalı, mütəxəssislərin iştirakı ilə ərazinin iqlim şəraiti, əlverişli təbiəti öyrənilməklə gərəkli işlər həyata keçirilməlidir. Odur ki, növbəti illərdə də Azərbaycanın iqtisadi inkişafı ekoloji amillərlə təsbit olunmuş siyasətə əsaslanacaq.

Mustafa KAMAL,

"Respublika".