Gənc ekofəallarla həmrəylik onların mübarizə əzmini artırır
Digər xəbərlər

Gənc ekofəallarla həmrəylik onların mübarizə əzmini artırır

İkinci Qarabağ müharibəsində qazandığımız Qələbədən sonra Ermənistan hələ də bizə qarşı məkrli, xain planlar həyata keçirməkdədir. Baxmayaraq ki, mənfur qonşumuz 30 il işğal altında saxladığı torpaqlarımızı, təbii sərvətlərimizi qanunsuz yollarla istismar etmiş, bütövlükdə regionun təbiətinə, ekologiyasına ziyan vurmasını qələbədən sonrakı müddətdə də davam etdirmişdir. Azərbaycan ictimaiyyəti və gənc ekofəalların dinc aksiyasına səbəb də təbii sərvətlərimizin talanaraq Ermənistana daşınmasına son qoyulması tələbidir.

Artıq 2 aydan artıqdır ki, azərbaycanlı gənc ekofəallar Laçın-Xankəndi yolunda Ermənistanın qanunsuz əməllərinə etiraz olaraq dinc aksiya keçirirlər. Gənclərin haqlı tələbi ilə keçirilən aksiyaya dünyanın hər yerindən gənclər, ictimai fəallar dəstək verirlər. Bu günlərdə Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz edən ekofəallara dəstək üçün Azərbaycan Rus İcmasının və Rus Gəncləri Assosasiyasının üzvləri Laçın-Xankəndi yoluna gələrək dinc aksiyaya dəstək veriblər. Onlar azərbaycanlı gənclərin dinc aksiyasına qoşularaq "Ekoloji cinayətə son!", "Stop bioterror!", "Bereqite prirodu!", "Gkoüidu net! Monitorinqu da!" şüarlarını səsləndiriblər. 30 nəfərdən çox rus icma nümayəndəsinin əraziyə gələrək ekofəallara qoşulmasında əsas məqsəd onlara dinc aksiyalarında dəstək verməkdir. Bu dəstək gənc ekofəalların mübarizə əzmini daha da artırmışdır. Azərbaycan gənclərinin haqlı tələbləri artıq beynəlxalq təşkilat və icmalar tərəfindən eşidilir və müsbət qarşılanır.

Aksiyaya dəstək verən Azərbaycan Rus İcması sədrinin birinci müavini Anastasiya Lavrina bildirib: "Aksiyanın ilk günündən Azərbaycan Rus İcması Laçın yolunda azərbaycanlı ekofəalların hərəkətlərini və qanuni tələblərini dəstəkləyir. Bu gün biz şəxsən bu aksiyaya yataqların talanmasının, qarət etdiklərinin sonradan Ermənistana göndərilməsinin dayandırılması tələbi ilə qoşulduq. Bu, bizim torpağımızdır, Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış əraziləridir və bizim hərəkətlərimizi qınayanlar qoy özünə bu sualı versin: bəs onlar öz ərazilərində qanunsuz istismara və ekologiyanın məhv olunmasına yol verərdilərmi? Əlbəttə, yox".

Həmçinin, Rus Gəncləri Assosiasiyasının sədri Sergey Danilov ekofəalların dinc aksiyasının humanitar xarakterli olduğunu vurğulayaraq, aksiyada iştiraklarından məmnun olduqlarını söyləyib. S.Danilov bildirib ki, Azərbaycana məxsus faydalı qazıntı yataqlarının qanunsuz istismarına son qoyulmalıdır. Ekofəalların haqlı aksiyasına qoşularaq təbiətin və ətraf mühitin qorunmasını tələb edirik.

Onu da qeyd edək ki, dinc aksiya başladığı ilk gündən ekofəallar əraziyə beynəlxalq təşkilatları dəvət edərək vəziyyətlə yerində tanış olmağa çağırıblar.

 Hələ ötən il dekabr ayının 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycan Respublikasının İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində təbii sərvətlərin qanunsuz istismarı, ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Ancaq sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmamışdır. Nəticədə, buna etiraz olaraq azərbaycanlı gənc ekofəallar və vətəndaş cəmiyyəti nümayəndələri Laçın-Xankəndi yolunda ötən ilin 12 dekabrından dinc aksiyaya başlamışlar.

Ramidə YAQUBQIZI,

"Respublika".