Girdimançayın bol suyu var
Region

Girdimançayın bol suyu var

Kürdəmir rayonunun inzibati sərhədləri Sığırlı kəndindən başlasa da, hər dəfə bu bölgəyə yolum düşəndə, Girdiman çayının üstündəki körpü mənə Kürdəmir ərazisinin giriş hissəsi təsiri bağışlayır.

Bu hiss bəlkə də bu körpünün üstündə maşının sürətini azaldıb çayda suyun səviyyəsini nəzərdən keçirmək vərdişimdən irəli gəlir. Su gur olanda çay tək məndə yox, güman ki, buradan keçən bütün müsafirlərdə müəyyən müsbət enerji təsiri yaradır. Çay quruyanda, yaxud su azalanda, bir növ adam özündə halsızlıq hiss edir. Başqa bir səbəb də var, son illərdə Mərkəzi Aran rayonlarının əksəriyyətində olduğu kimi, Kürdəmirdə də su qıtlığı yaşanır. Rayonun əsas su mənbələrindən biri kimi Girdimançayda suyun azalması əkin-biçin işində təsərrüfat sahiblərinə ziyan vurur.

Fermer Vilayət Kərimov deyir:

- Girdimançaya yaxın olan Ərşəli, Karrar kəndlərinin əkin sahələrinə nəzər yetirsəniz, aydın görərsiniz, orada torpaq münbitdir, məhsuldarlıq yüksək olur. Ümumiyyətlə, yaxınlığından çay və arxların keçdiyi ərazilərdə torpaq yuyulub safa çıxarılır. İsti yay aylarında çayın suyundan suvarmada istifadə olunur. Bununla da həmin kəndlərin əhalisi suvarma suyu sarıdan korluq çəkmir.

Təəssüf ki, Girdimançaya yaxın olan kəndlərin sayı o qədər də çox deyil. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Elşən Cəbrayılov Ərşəli, Karrar kəndləri ilə yanaşı, Sığırlı kəndinin də Girdimançaydan su götürə bilmək imkanının olduğunu deyir:

- Fermerlər öz əkinlərini çaydan motorlarla götürdükləri suvarma suyu ilə təmin edirlər.

Bu dəfə Girdimançayın üstündəki körpüdə sürəti azaldıb çaya ötəri nəzər salmır, körpünü keçib maşını yolun kənarında saxlayıram. Girdimançaydan sel gedir. Xışıltı ilə axan bulanıq su adamda son dərəcə təmiz, şəffaf duyğular yaradır. Başlanğıcını Babadağdan götürən Girdimançay dağın zirvəsində mart ayının sonunda əriyən gur suyu necə deyərlər, qarşısına qatıb ana Kürə aparır. Çaydan eşidilən xışıltlı səsi bolluq-firavanlıq avazı kimi adama xoş təsir bağışlayır. Bu xoş ovqatın təsiri ilə istər-istəməz çay barədə yazılanları nəzərdən keçirirəm. Uzunluğu 88 kilometr, hövzəsinin sahəsi 727 kvadratkilometrdir. Başlanğıcını Babadağ aşırımının cənub-şərqindən alaraq süni kanal vasitəsilə Kürə tökülür. Çayda ən çox su yaz-yay daşqını dövründə müşahidə edilir. Daşqın dövründə keçən su sərfi orta illik su sərfindən 15-20 dəfə çox olur. Çaydan ən az su (4-6%) yanvar-fevral aylarında keçir. Qaraməryəm yaylası qarşısında çay bir neçə qola ayrılıb Şirvan düzünə çıxır və əkin sahələrinin suvarılmasında geniş istifadə edilir. Çayda tez-tez güclü sellər baş verir.

İsmayıllı, Ağsu və Kürdəmir rayonları ərazisində çay Kürün sol qoludur. Hidronim erkən orta əsrlərdə mövcud olmuş, Qafqaz Albaniyasının tərkibinə daxil olan Girdiman tarixi vilayətinin adındandır. Vilayətin adı isə Girdiman qalasının adından alınmışdır. Tədqiqatçıların ehtimalına görə, bu qala İsmayıllı rayonunun Talıstan kəndi yaxınlığında, Ağçayın sahilində, sıldırım qaya üzərində yerləşən Cavanşir qalasıdır. Fələki Şirvani (XII əsr) bu qalanı Girdimanqala adlandırmışdı.

Yeri gəlmişkən, Girdimançayda müxtəlif vaxtlarda suyun rənginin yaşıla çalması, axında köpüklərin yaranması kimi hadisələr də müşahidə olunur. Mütəxəssislər bildirirlər ki, hidroloji baxım sarıdan çayda azsululuq dövründə belə dəyişikliklər baş verir. Yağıntıların olmaması, su sərfinin azalması, temperaturun artması çay sularında yosunların və fitaplanktonların sürətlə artmasına əlverişli şərait yaradır, bu isə suyun yaşıl rəngə boyanması ilə nəticələnir. Yay fəsli başa çatdıqda, yağıntılar düşən vaxt çay əvvəlki görkəmini alıb öz məcrası ilə Kürə tələsir.

Tofiq HÜSEYN,

"Respublika".