Mədəniyyət

"Göyçə mahalıdı mahalım mənim"

O yerlərə dönüşümüz Dədə Ələsgərin də ruhunu şad edəcək

İstəsən ki, Ələsgəri görəsən,

Göyçə mahalıdı mahalım mənim!

İzaha ehtiyac varmı? Düşünürəm ki, yox! Bəli, söhbət Aşıq Ələsgərdən gedir. Misralarından Göyçə hayqırtısı, yurd sevgisi süzülüb gələn, kökü bu mahala bağlı olan saz-söz xiridarı Dədə Ələsgərdən. Onun dürr, qızıl sözləri anladır bizə Göyçənin sazın-sözün vətəni olduğunu. Dədə Qorqud, aşiqlər-aşıqlar məskəni kimi tanınan qədim türk-Oğuz eli - türkün minilliklər boyu əsən yelləridir Göyçə. Göyçə aşıqlar məskəni, Dədə Ələsgərin vətəni. Göyçə adı çəkildikcə Dədə Ələsgər, Dədə Ələsgər şeiriyyəti vərəqləndikcə Göyçə düşür yada. Zəlimxan Yaqub demişkən: "Ələsgərsiz, Göyçəsiz necə deyim Dədə var". Bax, beləcə göyçəli olduğunu hər zaman fəxrlə dünyaya bəyan etdi Ələsgər, Göyçə isə öz oğlunu mükəmməl bir halda tanıtdı dünyaya: "Adım Ələsgərdir, Göyçə mahalım!".

Aşıq şeirinin ustad yaradıcılarından olan Aşıq Ələsgər 1821-ci il martın 2-də Göyçə mahalının Ağkilsə kəndində anadan olub. Hələ uşaqlıqdan şeirə, sənətə meyil edən Ələsgəri atası Aşıq Alının yanına şəyirdlik etməyə aparır. Ustadından həm aşıqlıq sənətinin sirlərini, həm də ədəb və mərifət qaydalarını öyrənir, Göyçədə aşıqlıq edir. Və tezliklə şöhrət tapır.

Aşıq Ələsgərin ədəbi irsi qoşma, gəraylı, təcnis və müxəmməs janrlarında olan lirik şeirlərindən ibarətdir. Onun yaradıcılığında məhəbbət lirikası əsas yer tutur. Məhəbbət şeirlərinin lirik qəhrəmanı sevgilisindən ayrı düşdüyü üçün günü ah-vayla, dərd-qəmlə keçən Aşiqdir:

Ala gözlüm, səndən ayrı düşəli,

Hicranın qəmiylə kef eyləmişəm.

Ah-vayıynan günüm keçib dünyada,

Dərd alıb, qəm satıb, nəf eyləmişəm.

Qoşmalarının böyük əksəriyyətini gözəllərin tərifinə həsr edən aşıq vəsf etdiyi gözəlin zahiri görkəmini, cazibədarlığını bütün incəliyi və cizgilərilə canlandırır. Bu gözəl sərvboylu, gül yanaqlı, parlaq üzlüdür. Onun şölə saçan gözləri, oğrun baxışları, maral yerişi insanı valeh edir.

Ümumiyyətlə, Aşıq Ələsgər yaradıcılığından Göyçənin - bu ilahi yurdun, bir ilahi eşqin ətri gəlir. O ətir ki, adına Vətən ətri deyilir, Vətən adlı müqəddəs bir ətir! Onun qoşmalarında dağ yamaclarından, gül-çiçəkdən, Vətən torpağından alınan zövqün, bəxtiyarlığın, Göyçənin elat gözəllərinin, alagözlü qız-gəlinlərinin gözəllik ab-havası var.

Aşıq Ələsgər təbiət gözəlliklərinin təsvirinə həsr etdiyi şeirlərində təbiəti insanla birgə, vəhdət şəklində poetik dillə təqdim edir. Elə onun şeirlərinin qüdrəti, gücü də bundadır:

Axşam-sabah, çeşmə, sənin başına

Bilirsənmi neçə canlar dolanır?

- deyən aşığın şeirlərində xüsusi yer tutan dağ obrazının təsvirində də o, bu ənənəyə sadiq qalır.

Aşığın "Dağlar" rədifli iki qoşması var. Bu qoşmalardan birində dağların ilin dörd fəslindəki rəngarəng görünüşü təsvir olunur. Gül-çiçək fəsli olan yazda dağların çal-çağır zamanıdır. Yoxsul da, varlı da dağlar qoynunda özünə məskən salaraq sevinir. Dağın başqa fəsillərdəki mənzərəsi də göz önündə canlandırılır, onun əzəməti, vüqarı, hamıya eyni gözlə baxması xüsusi olaraq vurğulanır. Aşığa görə dağlar əsl kişilik, mərdlik və əyilməzlik nümunəsidir. Odur ki, nə sərdara bir söz deyir, nə də şaha baş əyir, bu dağlar.

"Dağlar" rədifli digər qoşmasında qəm-kədər özünü göstərir. Bu da səbəbsiz deyil, çünki ermənilərin soyqırımı siyasəti nəticəsində Göyçə camaatı, o cümlədən qocaman sənətkar da doğma el-obadan uzaq düşməli olur. İki ildən sonra Göyçəyə qayıdan aşıq bu dağların əvvəlki görkəmini yada salaraq kövrəlir: "Mələşmir sürülər, kişnəmir atlar, niyə pərişandı halların, dağlar?", - deyib ah-nalə edir.

Göyçə müqəddəs pir, ocaq, namusun, qeyrətin simvolu, ünvanıdır, başdan-ayağa xalqının - Göyçənin, Azərbaycanın ruhudur Aşıq Ələsgər yaradıcılığı. Dədə Ələsgərin yolu namus, ar, mərdlik, düzgünlük, dürüstlük yoludur: "İnsanda insanlıq, səxavət olsun, Neylərəm ki, cah-cəlalı varıymış!", - deyir Ələsgər Dədə.

Aşıq Ələsgər Azərbaycan, ümumən türk şeirinə misilsiz xidmətlər göstərmişdir. Dodaqdəyməz, müxəmməs, qıfılbənd, təcnis, cığalı təcnis, gəraylı, divani və s. bu kimi şeir növləri Aşıq Ələsgər yaradıcılığında özünü bəlkə də ən gözəl şəkildə büruzə verməkdədir. Görkəmli Azərbaycan şairi Səməd Vurğun çıxışlarının birində belə demişdir: "Hansı mövzuya əl atıram, hansı daşı qaldırıram altında Dədə Ələsgərdən bir nişanə görürəm".

Dövrünün savadlı şəxslərindən biri olan Aşıq Ələsgər bir çox dünya elmləri ilə yanaşı, İslamı da dərindən bilib və bu sahəyə öz yaradıcılığında geniş yer verib.

Ömrünün çoxunu xalqın arasında, toy, şadlıq məclislərində keçirən Aşıq Ələsgər təkcə Azərbaycanda yox, Türkiyə, İran və Dağıstanda da ustad sənətkar kimi tanınmışdır. XIX əsrin 50-ci illərindən başlayaraq çiynində saz müxtəlif mahalları gəzib-dolaşan aşıq xalqın şad günündə, toy-düyündə çalıb-çağırmış, onun ağır vəziyyətini gördükdə baiskarları yamanlamış, onlara lənət yağdırmışdır.

Bütöv Azərbaycan adlanan bir məmləkətin yox, bütün türk dünyasının ən şanlı səhifəsidir Aşıq Ələsgər. Türküstan ellərini mənən birləşdirdiyinə və ən azı doğulduğu məkanı bizlərə - dünyaya nişan verdiyinə görə bu haqq aşığı dünya durduqca yaşayacaq.

Onu da qeyd edək ki, 1972-ci ildə UNESCO-nun xətti ilə Aşıq Ələsgərin 150 illik yubileyi SSRİ məkanında geniş şəkildə qeyd olunub. Elə Vətəni Göyçədə də. Bəlkə də göyçək Göyçə heç zaman belə əzəmətli tədbir görməmişdi. Bu, ulu öndər Heydər Əliyevin Aşıq Ələsgər yaradıcılığına verdiyi dəyərin ifadəsi idi. İndi Dədə Ələsgərin Göyçəsi yağıların əlindədir, uyuduğu məkan hələlik əsirdir, ancaq dünyanın işini bilmək olmaz. Kim bilir, aşığın bundan sonrakı yubileylərini bəlkə yenə də gözəl Göyçədə qeyd etdik. İndi üzümüz Göyçəyə sarıdır axı, Dədə Ələsgərin göyçək Göyçəsinə...

Zümrüd QURBANQIZI,

"Respublika".