Gürcüstandakı etirazlarda ABŞ-ın izləri
Siyasət

Gürcüstandakı etirazlarda ABŞ-ın izləri

Məlum olduğu kimi, hazırda Gürcüstanda kütləvi şəkildə etirazlar müşahidə olunur. Daha dəqiq desək, rəsmi Tbilisi müstəqilliyini qorumaq üçün mübarizə aparır.

Ölkə "Xarici təsirin şəffaflığı haqqında" qanunu da məhz buna görə qəbul etmək istəyir. Amma Qərb, eləcə də qərbyönümlü fəallar prosesə mane olmağa cəhd göstərirlər. Belə ki, aprelin 13-dən başlayan etiraz aksiyaları getdikcə şiddətlənir,  cəmiyyət  qütblərə  bölünür. Hətta bir müddət əvvəl aksiya iştirakçıları parlamenti mühasirəyə almağa cəhd göstəriblər. Belə ki, onlar ölkənin mərkəzi küçələri ilə yürüş təşkil edərək  hökumət evinin, xarici işlər nazirliyinin yerləşdiyi mərkəzi rayonlarda gündəlik iş rejiminə qarşı çıxıblar. Belə olduğu təqdirdə, Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələrinin prosesə müdaxilə etməkdən başqa çıxış yolu qalmayıb.

Etirazların bu həddə çatmasının əsas səbəbi isə üçüncü tərəflərin digər ölkələrin daxili işlərinə müdaxilə etməsidir. Belə ki, "Gürcüstan hadisələrində" Qərbin, xüsusilə də ABŞ-ın təsiri özünü açıq şəkildə büruzə verir. Hazırda Qərb və ABŞ-ın beyin mərkəzləri Gürcüstanda çevriliş etmək niyyətindədir. Rəsmi Tbilisi Qərbin "Cənubi Qafqaz" planından və ABŞ-ın regiondakı marağından xəbərdardır. Yaxın keçmişə nəzər yetirsək, bunun Qərbin Gürcüstanda reallaşdırmaq istədiyi ilk müdaxilə cəhdi olmadığını da görmək mümkündür. Belə ki, hələ 2003-cü ildə "Qızılgül inqilabı"nda Qərb və ABŞ Mixeil Saakaşviliyə vədlər verərək onu hakimiyyətə gətirmişdi. Daha sonra isə Ağ Ev vədlərinə sadiq qalmadı və Tbilisidən, eləcə də gürcü xalqından öz maraqları naminə istifadə etdi. Onun qurbanları isə xalq və itirilən torpaqlar oldu. Bir məqamı da qeyd etmək lazımdır ki, etirazların qızışmasının əsas səbəbkarı təkcə ABŞ deyil. Sözügedən məsələdə Avropa İttifaqının mövqeyi də böyük rol oynayır. Məsələn, qurumun yaydığı bəyanatda vurğulanır ki, nəzərdə tutulan qanunun qəbulu reallaşarsa bu, Gürcüstanın Avropa İttifaqına üzvlüyü yönündə aparılan danışıqlara ciddi zərbə vuracaq. Bununla Aİ bir növ Tbilisini təhdid edir.

Məhz problemin kökü də burdan başlayır. Başqa sözlə desək, Qərb dairələri hadisənin mahiyyətini kontekstdən çıxarmaqla onu öz maraqları çərçivəsindən şərh edib xaos yaratmağa çalışırlar. Qərb mediasında yayılan xəbərlərdə bunu aydın şəkildə görmək olar. Etiraz aksiyasına informasiya dəstəyi verən Qərb onu "demokratların avtokratlar üzərinə yürüşü" kimi təqdim etməklə əhalini hökumətlə qarşı-qarşıya qoyurlar. Guya Gürcüstanda avtokrat idarəçiliyi üstün tutanlar "Xarici təsirin şəffaflığı haqqında" qanunun qəbul olunmasını təqdir, demokratiya tərəfdarları isə etiraz edirlər. Bütün bunlar bir daha Qərbin regionu münaqişə ocağına çevirmək planını ifşa edir.

Prosesdə diqqətçəkən daha bir məqam "Xarici təsirin şəffaflığı haqqında" qanun ABŞ-da mövcuddur. Amma bundan öncə Rusiya, Macarıstan, Bolqarıstan, Ukrayna və digər ölkələrdə sözügüdən qanun qəbul və ya müzakirə edilərkən hər dəfə Ağ Ev tərəfindən etirazla qarşılanıb. Daha dəqiq desək, həmin qanunu qəbul etmək istəyən dövlətlərə ciddi təzyiq göstərilib. Çünki qanun təsdiqləndiyi təqdirdə ABŞ həmin ölkədəki illeqal qrant dövriyyəsini, siyasi proseslərə müdaxilə alətlərini itirmiş olur. Bu səbəbdən, Ağ Ev ciddi cəhdlə təkid edir ki, heç bir ölkədə "Xarici təsirin şəffaflığı haqqında" qanun qəbul edilməsin.

Şübhəsiz, Gürcüstan hökuməti ABŞ və qərbyönümlü təşkilatların bu çirkin planının reallaşmasına imkan verməyəcək. Rəsmi Tbilisi milli maraqları qoruyacaq, qanun qəbul ediləcək və hər şey qanun çərçivəsində öz həllini tapacaq. Hazırda müşahidə olunan siyasi oyunlara gəldikdə isə ABŞ bununla özünə olan etimadı itirir. Qərbin illərdir eyni mövqe sərgilədiyini nəzərə alsaq, Vaşinqtonun bu siyasi oyunları məhz parlament seçkiləri üçün planladığı da aydındır. Qərb düşünmür ki, hazırda Gürcüstanda baş verən proseslər təkcə Tbilisini deyil, Cənubi Qafqaz ölkələrini də maraqlandırır. Çünki Gürcüstan Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləyən region dövlətləri sırasındadır. Ölkə mühüm strateji nöqtədə yerləşməklə Şərqlə Qərbi birləşdirir. Təbii ki, Qərbin, xüsusilə də ABŞ-ın burada böyük planlar qurması təəccüblü deyil.

Nəzrin ELDARQIZI,

"Respublika".