Hadrut fatehi
Digər xəbərlər

Hadrut fatehi

Respublikamızın müstəqilliyi uğrunda qəhrəmanlıqla mübarizə aparan, xalqımızın azadlığını hər şeydən uca tutan, bu yolda həyatlarını qurban verərək şəhidlik məqamına ucalanların xatirəsini hər zaman anmağa borcluyuq. Odur ki, onların adları, xatirəsi yaddaşlarda əbədi yaşayacaq!!!

Bu gün qəhrəman şəhidimizlə təkcə ailə üzvləri yox, bütün xalq qürur duyur, ehtiramla anır.

Xalqımızın düşmənlə ölüm-dirim mübarizəsində şəhid olan igid oğullarından biri də Abbaslı Arif Firuz oğludur. Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) baş leytenantı Abbaslı Arif 1993-cü il dekabrın 15-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Qıvraq qəsəbəsində dünyaya gəlib. 2000-2008-ci illərdə Qıvraq qəsəbə tam orta məktəbində, 2009-2012-ci illərdə isə Heydər Əliyev adına Hərbi Liseydə, 2012-2016-cı illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) təhsil alıb. Arif Türkiyədə paraşütçülük, dağa dırmanma, üzgüçülük təlimlərində iştirak edib.

Azərbaycan Ordusunun baş leytenantı Arif Abbaslı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcərin, Füzulinin azadlığı uğrunda döyüşüb. Döyüş yoldaşları deyir ki, şirürəkli Arif həm də Hadruta ilk ayaq basan hərbçilərimizdən olub. Hadrut əməliyyatının uğurlu olmasında onun rolu yüksək qiymətləndirilir. Şəhadətindən sonra onu "Hadrut Fatehi" deyə anırlar.

Arif Abbaslı oktyabrın 12-də Füzuli döyüşləri zamanı şəhid olub. Vəsiyyət etdiyi kimi II Fəxri Xiyabanda general Polad Həşimovun dəfn olunduğu sırada torpağa tapşırılıb. Ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığının yerinə yetirilməsində göstərdiyi qəhrəmanlığa, həmçinin hərbi vəzifəsini yerinə yetirən zaman igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Arif Abbaslı "Qarabağ" ordeni, həmçinin "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilmişdir. Ləman adlı qızı yadigar qalıb. Son sözləri isə "qızımı heç 3-4 ay da olsa görə bilmədim" olub.

Bu gün hər birimiz üçün şəhid məzarları and yerinə çevrilib. Torpaqlarımızın qorunması, Vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək şəhidlik zirvəsinə ucalmaq isə ən böyük şərəf və qürurdur.

Müşfiq CƏFƏROV,

"Respublika".