Hadrutda “Azərişıq
Region

Hadrutda “Azərişıq" ASC-nin media nümayəndələri ilə görüşü

"Azərişıq" ASC-nin təşkilatçılığı ilə paylayıcı şəbəkələrdə 2023-cü ilin 6 ayı üzrə görülmüş işlərə dair media nümayəndələrinə hesabat tədbiri keçirilib. Tədbiri giriş sözü ilə Səhmdar Cəmiyyətin Mətbuat və İctimaiyyətlə əlaqələr İdarəsinin rəisi Vaqif Mustafayev açaraq, paylayıcı şəbəkələrdə cari ilin 6 ayı ərzində həyata keçirilmiş islahatlar nəticəsində əldə edilən nailiyyətlər, ictimai, sosial və maarifləndirici fəaliyyət haqqında ümumi məlumatı media nümayəndələrinə təqdim edilib.

Görüşdə "Azərişıq" ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə çıxış edərək, "Azərişıq" ASC-nin gənc mütəxəssislərin təkmilləşdirilməsi, kadr islahatları planından danışıb, ölkədə, əsasən də işğaldan azad olunmuş ərazilərdə "Azərişıq" ASC tərəfindən aparılan yenidənqurma, bərpa işləri və digər innovativ yeniliklərlə bağlı ətraflı məlumat verib. Səhmdar Cəmiyyətin Texniki Departament direktoru Vüsal Qənbərov müasir texnologiyaların geniş tətbiqi və təkmilləşdirilməsi, çılpaq naqillərlə çəkilmiş elektrik veriliş xətlərinin tədricən kabel xətlərilə əvəz edilməsi, o cümlədən şəbəkələrdəki güc mərkəzlərinin rəqəmsal qurğu və avadanlıqlarla təchiz edilməsini xüsusi qeyd edib. Eyni zamanda ölkədə həyata keçirilən "100 kənd" layihəsi və Qarabağda görülmüş işlər barədə media nümayəndələrinə məlumat verib.

Sonra, "Azərişıq" ASC-nin Enerji Satışı Departamentinin İnformasiya Araşdırma İdarəsinin rəis müavini Rüstəm Quliyev 2023-cü ilin 6 ayı ərzində 10.095 milyon kVts elektrik enerjisi alındığını, 140 min ədəd elektrik sayğacının quraşdırıldığını qeyd edib, keçən dövr ərzində enerji satışı fəaliyyəti üzrə həyata keçirilmiş tədbirlər, əldə olunan nəticələr və cari ilin sonuna olan hədəflər barədə ətraflı danışıb. Bununla yanaşı elektrik enerjisinin tələbatında iqlim şərtlərinin bir-başa təsiri olduğunu əks etdirən təhlillər nümayiş etdirilmiş, yekun olaraq isə cari il üçün texniki itklərin maksimum faiz həddinin 8,6% olacağının proqnozlaşdırıldığı bildirilmişdir. 

"Azərişıq" ASC üzrə "ASAN xidmət" vasitəsilə müraciətlərin qəbul edilməsi, emalı və icrası barədə Cəmiyyətin "Asan xidmət"lə iş və Elektron xidmətlər Departamentinin direktor müavini İnam Yusifov müvafiq məlumatları tədbir iştirakçılarına bildirib.

Bununla yanaşı, İnformasiya Texnologiyaları Departamentinin şöbə rəisi Vüsal İsayev, cari ilin müvafiq dövrü ərzində Elektron Xidmətlər, sms-xəbərdarlıq, rəqəmsal həllər və müasir proqram tətbiqləri barədə media nümayəndələrinə ətraflı məlumat verib, yeni tətbiqlərin istifadə qaydalarını təqdim edib.  

Görüşlərin sonunda media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.

Qədir ASLAN,

"Respublika".