Hakim
Siyasət

Hakim "Mülki müqavilə" Partiyası Ermənistanı uçuruma aparır

İkinci Qarabağ savaşındakı məğlubiyyət, eləcə də bir sıra daxili problemlər Ermənistanın iqtisadi vəziyyətinin getdikcə pisləşməsinə gətirib çıxarıb. İrəvanda ifrat yoxsulluğun aradan qaldırılması istiqamətində "addımlar atılmasına" baxmayaraq, son 5 ildə yoxsulluq səviyyəsi xeyli dərəcədə artıb. Paşinyanın rəhbərlik etdiyi "Mülki müqavilə" partiyası ölkədəki yoxsulluğu minimuma endirməyə, pensiyalarda artım etməyə söz versə də hələlik heç bir real nəticə yoxdur. Bu gün Ermənistanda əhalinin 60 faizdən çox hissəsi adambaşına düşən minimum istehlak səbətindən daha az qazanır. Hazırda Qərb qonşumuzda minimum əməkhaqqı 75 min dram, yəni 190 dollar təşkil edir. Minimum yaşayış səbətinin dəyəri isə 80 min dramdır. Ölkədə inflyasiya səviyyəsi isə artmaqda davam edir.

Hətta orta pensiya həddi minimum istehlak səbətinin dəyərindən 2 dəfə azdır. Hökumət sosial müavinət və pensiyaları iki dəfə artıracağını bəyan edir. Əslində Paşinyan hakimiyyətinin ölkədəki cari xərclərin iki dəfə artması ilə necə başa çıxacağı sual altındadır, Ermənistanın qonşu ölkələrlə münasibəti, eləcə də beynəlxalq layihələrdən təcrid olunması da real gəlirlərin azalmasına səbəb olub. İrəvanda əhalinin əksəriyyətini aztəminatlılar, işləyən yoxsullar, yoxsulluğa görə müavinət alanlar və pensiyaçılar təşkil edir.

Müxtəlif ölkələrdə yoxsulluğu aradan qaldırmaq üçün yeni iş yerləri yaradılır. Amma Ermənistanda bu istiqamətdə heç bir iş görülmür. Ermənistan kölgə iqtisadiyyatından çıxmaq, qeydiyyata alınan iş yerlərini statistik rəqəm kimi göstərməklə hər hansı bir irəliləyiş əldə etməyə çalışır. Bir məqamı da qeyd edək ki, Ermənistanın iqtisadiyyatında xarici faktorun yaratdığı müvəqqəti iqtisadi artım da xidmət, ticarət sahələrində iş yerlərinin açılmasının vacibliyini bir daha ortaya qoyur. Amma bu gün qərb qonşumuzda vəziyyət o qədər kəskinləşib ki, açılan iş yerləri də bağlanır. Ölkə iqtisadiyyatında heç bir canlanma müşahidə edilmir, kənd təsərrüfatı və sənaye sahələrində də artıma rast gəlinmir. Bu da öz növbəsində sosial vəziyyətə mənfi təsirini göstərir. Bu halı aradan qaldırmaq üçün isə müxtəlif vergi güzəştləri, müəyyən proqramların həyata keçirilməsi zəruridir. Paşinyan hakimiyyəti isə bunun əksini edir. Belə ki, hazırda Ermənistanda vergi güzəştləri ləğv edilir, vergi yükü artır. Bütün bunlara baxmayaraq, Ermənistan İqtisadiyyat Nazirliyi 2024-cü il üçün reallığı əks etdirməyən 7 faizlik iqtisadi artım nəzərdə tutub. Şübhəsiz, bu sadəcə bir utopiyadır.

Ölkənin bu gün üzləşdiyi daha bir böyük problem isə dövlət borcunun intensiv şəkildə artmasıdır. İrəvanın xarici borclara görə xidmətlə bağlı xərclərində də kəskin yüksəlmə müşahidə olunur. 2024-cü il üçün ölkənin xarici borclarda xidmətlə bağlı xərclərinin 2 milyard dollar təşkil edəcəyi proqnozlaşdırılır. 2 milyard dollar Ermənistan kimi ölkənin büdcəsi üçün xeyli böyük məbləğdir. Ötən ilin göstəriciləri ilə müqayisədə bu rəqəm 500 milyon dollar artıq deməkdir. Görünür Paşinyan hakimiyyəti bu borcları ödəmək üçün yeni borclar alacaq. Bütün bunlar bir daha "Mülki müqavilə" partiyasının ölkəni borc bataqlığına sürüklədiyini təsdiqləyir. Vəziyyət bu cür davam etsə, cari ildə rəsmi İrəvanın borcu 655 milyard dram artaraq 5.3 trilyon drama, yəni 13 milyard dollara çatacaq.

Yeri gəlmişkən, mövcud hakimiyyət son 5 ildə 5 milyard dollar borc götürüb. Bu il isə 434 milyon dollar xarici borcun, 210 milyon dollar isə faiz borcunun ödənilməsi planlaşdırılıb. Bəs bu vəsait haradan təmin ediləcək? Ölkədə iş yerlərinin bağlanması, Rusiya ilə soyuq münasibətlərin nəticəsində Lars düyününün yaranması və ixrac prosesində yaranan çətinliklər fonunda büdcə hansı vergi və gəlirlər hesabına bərpa olunacaq? Xatırladaq ki, Ermənistanın valyuta borcları əvvəllər ancaq xaricdən alınırdı. Kreditlər isə beynəlxalq maliyyə təşkilatlarından əldə edilirdi. Son dövrlərdə isə daxili bazardan həm dramla, həm də xarici valyuta ilə borclar götürüldüyü müşahidə olunur. Bu məqsədlə ölkədə xarici valyuta istiqrazları buraxılır. Həmin istiqrazlar daha sonra yenidən valyuta borcuna çevrilir. Bu tendensiya ölkəyə daha baha başa gəlir. Əslində Paşinyan hakimiyyəti bununla öz aləmində ağıllı addım atdığını düşünsə də, daxili bazardan valyuta borcu 500 milyon dollar həddini ötüb. Çünki xaricdən ucuz qiymətə kredit verən olmadığı üçün Paşinyan hökuməti daha yüksək faizlə daxildən pul tədarük edir. Belə olduğu təqdirdə, təkcə 2024-cü ildə faizlər 72 milyon dollara çatacaq. Valyuta borclarına xidmət üçün isə ümumilikdə dövlət büdcəsindən 716 milyon dollar ödəniləcək. Daxili borcun ödənilməsinə isə 1.2 milyard dollar lazım olacaq.

Nəzrin ELDARQIZI,

"Respublika".