Hayastan özünü bütün
Digər xəbərlər

Hayastan özünü bütün "indulgensiya"lardan məhrum edir

Marionet rejim hüquqi əsası olmadan sentyabrın 9-da "prezident seçkiləri" keçirdi. Əvvəlcədən gözlənildiyi kimi, yeni "seçilən prezident" Azərbaycana qarşı təhdid dolu mesajlar verdi.

Qondarma seçkidə verilən vədlərdən artıq 3 gün keçməsinə baxmayaraq, vəziyyət əksinə daha da pisləşib. Xankəndidə yaşayan ermənilərin sosial şəbəkələrdə şəhərin mağazalarında ərzağın getdikcə tükənməsi fonunda səriştəsiz Ermənistan hakimiyyətini qınaması diqqətdən yayınmır. Hazırkı durumda, Türkiyə, Ukrayna, Moldova, Böyük Britaniya, Pakistan, Gürcüstan kimi dövlətlər, həmçinin İslam Əməkdaşlığı Təşkilatı (İƏT), Avropa Şurası (AŞ) qondarma "seçkiləri" tanımadıqlarını bəyan edib. Avropa İttifaqı (Aİ) isə "seçkinin" keçirildiyi konstitusiya və hüquqi çərçivəni tanımadığını bildirib. Ermənistanla Azərbaycan arasında Avropa İttifaqının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə keçirilən görüşlər nəhayət ki, iki ölkənin sülh sazişinə yaxınlaşdığına ümid yaratmışdı. Ancaq təəssüf ki, Ermənistan hakimiyyəti qeyri-konstruktiv mövqe tutmağa başladı. Aİ bunun müqabilində Ermənistana çağırışlar etməli olsa da, bunu etmədi.

Paşinyan özü və ölkəsi üçün təhlükəli olan digər addımlar da atır. NATO-ya qoşulmaq istəyi, Simonyan-Zaxarova münasibətləri, həmçinin Paşinyanın KTMT təlimlərindən imtina edib ABŞ-la birgə təlimlər keçirmək barədə razılığa gəlməsi anlaşılan deyil. Paşinyanın bunu regionda SSRİ dövründə olduğu kimi, bu gün də digər dövlətlərlə müqayisədə daha çox imtiyaz almaq üçün etdiyi bəllidir. Lakin qərbə ifrat dərəcədə meyillilik və bunu edərkən regionda xəyanətkar addımları Paşinyanın işini get-gedə çətinləşdirir.

Artıq digər dövlətlər də başa düşür ki, riyakar ermənilər öz mənfur əməllərindən əl çəkən deyil. Dünən Ermənistan silahlı qüvvələrinin və marionet rejiminin qanunsuz qüvvələrinin məsafədən idarə edilən bomba qoyulmuş itlərdən istifadə etməklə Azərbaycana qarşı növbəti terror aktı da bir daha təsdiq edir ki, ermənilərin əxlaqsızlığı sərhəd tanımır.

Paşinyanın məğlub olduğu daha bir məsələ isə TIR mövzusudur. Azərbaycanın legitim hüququ olan Laçın yolunda ard-arda düzülən TIR-lar 40 gündən çoxdur ki, gözləyir. Rəsmi Bakı qəti olaraq Ağdam-Xankəndi yolundan istifadə olunmasını bildirir. Öz ampluasında qalan Paşinyan isə bundan siyasi həmlə kimi istifadə edərək "blokada", "qıtlıq", "aclıq" kimi şayiələr yaydı. Lakin Azərbaycan BMT TŞ-də bütün bu yalanları sübutlarla ifşa etdi.

Xankəndidə yaşayan erməni əsilli sakinlərin seçim hüququ olmağına baxmayaraq, onlar hələ də rəsmi İrəvanın oyunlarına alət olmağa davam edirlər. Həmin şəxslər artıq anlamalıdırlar ki, Ermənistan hökuməti ən kiçik təhlükədə buranı "öz aqibətinə" buraxacaq. Azərbaycan tərəfi isə sülhsevər siyasətini davam etdirərək avqustun 29-da Xankəndidə yaşayan erməni sakinlər üçün humanitar yardım göndərib. Azərbaycan Qırmızı Xaç Komitəsi tərəfindən 40 ton undan ibarət 2 yük maşını Ağdam-Xankəndi yolunun başlanğıcında saxlanılıb. Azərbaycanın humanitar yardım göndərməsinin ardınca, Fransa "gözəlçəsi", Parisin meri Ann İdalqo da guya ölkəsinin regionda xal qazanmaq siyasətinin nəticəsi kimi Xankəndiyə TIR-lar göndərməyi qərara aldı. Lakin həmin TIR-lar elə Laçın yolundaca qaldı və mer Həkəri çayına baxmaqla kifayətləndi. Azərbaycan isə bununla növbəti diplomatik qələbəsini qazandı.

Xof içərisində vurnuxan Ermənistan hökuməti isə xəyanətin acı nəticəsini yaxın zamanda hiss edəcək. Belə ki, artan gərginlik fonunda Rusiyanın göndərdiyi TIR-ların hələ də gözlədilməsi Paşinyanın sonunu sürətləndirir. Ağdam-Xankəndi yolunun açılmasına təkan verən bu hadisə isə qəti şəkildə separatçılara "indulgensiya" kimi yozulmamalıdır. Əksinə, Azərbaycan daha bir strateji məqsədinə nail olmağa çox yaxındır. Ermənistan isə növbəti diplomatiya müharibəsindən yenə də əliboş qayıdır...

Tacir SADIQOV,

"Respublika".