Haylar romantizmin faydasızlığını anlayıb yönlərini dəyişirlər
Digər xəbərlər

Haylar romantizmin faydasızlığını anlayıb yönlərini dəyişirlər

Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib ki, Ermənistan sülh müqaviləsi ilə bağlı görüşlərdən imtina etmir. İrəvan altıncı təkliflər paketini Bakıya göndərib. Onun sözlərinə görə, əgər Azərbaycan heç nəyi dəyişməsə və yeni təkliflər irəli sürməsə, o zaman bir neçə gün ərzində sülh müqaviləsi imzalana bilər. Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə daha iddialı açıqlama ilə çıxış edib. Qeyd edib ki, sülh müqaviləsinin 70 faizi razılaşdırılıb və siyasi iradə olarsa, çox qısa müddətdə imzalana bilər. Erməni rəsmiləri tərəfindən verilən açıqlamalar sülh danışıqlarında əsas mərhələlərin keçdiyi ilə bağlı müəyyən işarələr verir. İlk baxışdan elə görünür ki, Paşinyan və komandası ilin sonunadək sənədi imzalamaq istəyir. Amma Ermənistan rəsmilərinin sözdə ayrı, əməldə ayrı siyasətini nəzərə alsaq, budəfəki açıqlamalar da qeyri-səmimi və xarici auditoriyaya hesablanmış kimi görünür.

Digər tərəfdən, onu da nəzərə almaq lazımdır ki, İrəvanın daxilində də sülh prosesinə mane olmağa çalışan kifayət qədər qüvvələr var. Məsələn, elə Qriqoryanın bu açıqlamasından sonra "Ermənistan" fraksiyasından olan deputat Geqam Manukyan sülhün şərtlərinin ölkəsi üçün çox pis nəticələr verəcəyini deyərək, prosesi dondurmağa çağırış edib. Bu faktorları da nəzərə alsaq, yekun razılığın dekabrın son 2 həftəsi ərzində əldə olunması real görünmür. Erməni diasporu və onların xaricdəki havadarları İrəvanın daxili siyasəti üzərindən prosesi sabotaj etmək istəyə bilər. Bu ehtimalı da gözardı etməmək lazımdır. Yəni sülh danışıqlarının nə zaman yekunlaşacağı ilə bağlı konkret bir şey demək çətindir. Amma bu ilin axırına qədər imzalanması gözlənilən deyil. Çünki hələ də müəyyən proseslərə ehtiyac var. Qriqoryan müqavilənin 70 faizinin razılaşdırıldığını deyir, amma geridə qalan 30 faizin  içində razılaşdırılması zəruri olan çox ciddi məqamlar var. Anklav-eksklav, eləcə də kommunikasiyaların açılması məsələləri bura daxildir. Məlum məsələdir ki, Azərbaycan ekslavlarını tələb edir, ancaq prosesi uzatmaq üçün Paşinyan 4, Alen Simonyan isə 31 kəndin "işğal" altında olmasından danışır. Qərb isə bunun delimitasiya və demarkasiya mərhələsinə salınmasını istəyir. Sülh danışıqları ətrafında formalaşan vəziyyətlə bağlı onu demək lazımdır ki, müqavilənin bütün maddələr üzrə razılaşma əldə olunandan sonra, yəni 30 faizlik ortaq məxrəcə gəlinməmiş hissə də aydınlaşdırıldıqdan sonra imzalanması regionun gələcəyi üçün daha faydalı olacaq.

Odur ki, Paşinyan hökumətinin 10-15 gün deməsinə baxmayaraq, sülhün əldə olunması müəyyən zaman tələb edəcək. Bu barədə danışarkən müqavilənin harada imzalanacağına da toxunmaq lazım gəlir. Çünki bu da kifayət qədər maraq doğuran məsələlərdən biridir. Düşünürəm ki, Tbilisi, Astana və ya Cenevrə bu istiqamətdə uğurlu seçim ola bilər. Amma Azərbaycanla Ermənistanın sülh müqaviləsini elə sərhəddə imzalaya biləcəyi ehtimalı da yüksəkdir. Artıq bununla bağlı təcrübə var. Daha öncə Qazaxda bir neçə dəfə təkbətək təmaslar baş tutub.

Nazim CƏFƏRSOY,

"Qafqaz Strateji Araşdırmalar

Mərkəzi"nin sədr müavini.