Xocalı cinayətində əli olan hər kəs cəzasını çəkəcək
Digər xəbərlər

Xocalı cinayətində əli olan hər kəs cəzasını çəkəcək

Qanlı Xocalı soyqırımı zamanı Meşəli kəndində ermənilərin azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərdə iştirak etmiş ermənilərdən biri - Vaqif Xaçaturyan bu günlərdə Laçın sərhəd-keçid məntəqəsində saxlanılıb. 1991-ci ildə baş verən bu hadisədə Meşəli kəndində ermənilər 25 nəfəri öldürüb, 14 nəfər şəxsə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib, 358 nəfər isə evindən didərgin düşüb.

Qeyd edək ki, Xaçaturyanın saxlanması beynəlxalq hüquq norma və prinsiplərinə uyğundur. Belə ki, həmin şəxsi Azərbaycan milliyyətindən olan şəxslərin soyqırımı, deportasiyası, kənd sakinləri və dövlətə məxsus çoxsaylı əmlakı məhvetmə və zədələməklə külli miqdarda maddi ziyanın vurulması faktları üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə saxlayıblar. Vəhşi xalqın nümayəndəsinin illər sonra saxlanması Meşəli kəndinin sakinlərinə az da olsa təsəlli olub. Hazırda haylar ajiotaj yaradaraq, şou düzəltməyə çalışırlar. Lakin vandallıq törətmiş qatili müdafiə etməyə çalışmaq nəticə verməyəcək.

Politoloq İlyas Hüseynov bildirir ki, Azərbaycan sərhədçiləri tərəfindən Vaqif Xaçaturyanın saxlanması ona dəlalət edir ki, Azərbaycan tərəfində ölkəmizə qarşı qanlı cinayətlərdə iştirak etmiş şəxslərin geniş məlumat bazası mövcuddur: "Cinayətkarlar mütləq formada həbs olunmalıdır. Şübhəsiz ki, Prezident İlham Əliyevin Laçında verdiyi mesajlardan separatçılar nəticə çıxarmalıdır.

Azərbaycan öz yurisdiksiyası, qanunvericiliyi çərçivəsində müvafiq addımlar atır. Düşünürəm ki, nəinki Meşəli cinayətləri, həmçinin Qaradağlı, Ağdaban, Başlıbel və digər bütün cinayətlərdə, xüsusilə də Xocalı cinayətində əli olan hər kəs məsuliyyətə cəlb olunacaqdır. Və bu da Birinci Qarabağ müharibəsində törədilən vandalizmin, vəhşiliklərin, qanlı cinayətlərin intiqamının alınması kimi qiymətləndirilə bilər. Çünki hələ də əli yüzlərlə azərbaycanlının qanına batmış cinayətkar azadlıqdadır. Onlar, hətta Birinci Qarabağ müharibəsindən sonra yüksək post tutaraq toxunulmazlıq statusu alıblar. Beynəlxalq ictimaiyyət Xocalı cəlladları ilə görüşür, onlarla siyasi məsləhətləşmələr aparır. Bu, tamamilə qəbuledilməzdir. Və Azərbaycanın tutduğu siyasi xətt bu gün regionun təhlükəsizliyinin təmin olunmasına yönəlibdir. Hansısa aksiyaların, humanitar yüklərin göndərilməsi ilə bağlı şoular Azərbaycanın siyasi iradəsinə, qətiyyətinə və prinsipiallığına təsir edə bilməz. Azərbaycanın bütün atdığı addımlar beynəlxalq hüququn fundamental norma və prinsiplərinə əsaslanır. Bu səbəbdən, ölkəmizi nədəsə günahlandırmaq, onun imicinə mənfi təsir göstərmək mümkün olmayacaqdır".

Töhfə SƏMƏDOVA,

"Respublika".