Həqiqət, yoxsa növbəti sülh yalanı?
Siyasət

Həqiqət, yoxsa növbəti sülh yalanı?

İkinci Qarabağ müharibəsində əldə olunan qələbədən üç il keçməsinə baxmayaraq, sülh müqaviləsi hələ də imzalanmayıb. Mövzu nə zaman sülh olsa, rəsmi İrəvan prosesə əngəl törətmək üçün müxtəlif təxribatlara əl atıb.

Amma son dövrlərdə istər baş nazir Nikol Paşinyanın, istərsə də Ermənistanın hökumət rəsmilərinin verdiyi açıqlamalar təəccüb doğurur. Bu dəfə də Ermənistan parlamentinin spikeri Alen Simonyanın jurnalistlərə verdiyi açıqlaması diqqət çəkib. O bildirib ki, siyasi iradə olduğu təqdirdə, 15 gün ərzində Bakı ilə sülh müqaviləsinin bağlanması mümkündür.

Simonyan, həmçinin qeyd edib ki, artıq tərəflər fundamental məsələlərdə razılıq əldə ediblər: "Prosesə zərər verməmək üçün bu barədə təfərrüatları açıqlamaq istəmirəm". Spiker nə qədər sülhdən dəm vursa da erməninin sözünə etibar olmadığı hər kəsə məlumdur. Çünki rəsmi İrəvan bu gün Qərbin təhriki ilə müxtəlif vasitələrə əl atmaqla sülh prosesini ləngidir. Paşinyan hakimiyyəti havadarları hesabına silahlanmaqla regiondakı vəziyyəti gərginləşdirməyə çalışır. Üç il müddətində sülh müqaviləsi imzalanmayıbsa, bunun əsas səbəbkarı Paşinyan hakimiyyətinin atdığı irrasional və qeyri-peşəkar siyasi addımlardır.

Sözdə barış tərəfdarı olduğunu bəyan edən İrəvan hər vəchlə sülh danışıqlarının dondurulmasına, hətta iki ölkə arasında növbəti hərbi toqquşmaların baş verməsinə maraqlıdır. Ermənistan tərəfi dərk etmək istəmir ki, bu cür mövqe sərgiləməklə yalnız erməni xalqı ziyan çəkir, hakimiyyət isə onların qarşısında rəzil duruma düşür.

Rəsmi Bakı ilə İrəvan arasında beynəlxalq hüququn normalarına və BMT-nin nizamnaməsinə uyğun sülh sazişinin imzalanması nəinki iki ölkəyə, bütövlükdə regiona siyasi və iqtisadi dividendlər qazandıracaq. Amma hazırda Ermənistan hakimiyyəti bu sazişin əhəmiyyətini tam olaraq dərk etmir. Güman ki, Simonyanın bu açıqlaması da Ermənistanın növbəti dəfə beynəlxalq ictimaiyyəti guya sülhə maraqlı olduğunu inandırmaq cəhdidir.

Xatırladaq ki, Azərbaycan hələ aylar əvvəl sülh sazişi ilə bağlı təklifinin beşinci variantını qərb qonşumuza təqdim edib. Bu gün sülh müqaviləsinin yaxın zamanda imzalanacağını bəyan edən İrəvandan hələ də heç bir cavab gəlməyib. Əksinə, bundan sonra Paşinyan aldadıcı manevrlər etməklə sülh sazişinə yönələn layihələrin müzakirəyə çıxarılmasına mane olub. Hətta onlar bu istiqamətdə xüsusi mexanizmlərin yaradılmamasını irəli sürməklə prosesi uzadıblar. Bundan başqa, rəsmi İrəvan öz aləmində ölkəmizə qarşı sərsəm şərtlərlə də çıxış edib. Görünür, Paşinyan hakimiyyəti müharibədən sonra iki ölkə arasında imzalanacaq sülh sazişində yalnız hüquqi və ədalətli prinsiplərin nəzərə alınmalı olduğunu unudur.

Dövlətimizin qarşı tərəfə sülh sazişi ilə bağlı beş təklifi də məhz beynəlxalq hüquq normalarına əsaslanır. Azərbaycanın qalib tərəf olduğunu nəzərə alsaq, müqavilə ancaq ölkəmiz tərəfindən irəli sürülən təkliflərə uyğun imzalanmalıdır. Bu günədək Ermənistanın verdiyi vədlərə əməl etmədiyini xatırlasaq, ölkə rəsmilərinin bu açıqlamalarına da etibar etməyin mənasız olduğunu söyləyə bilərik. Çünki bu gün rəsmi İrəvan sülh vədləri verməklə öz hərbi potensialını Fransa və Hindistanın hesabına gücləndirmək xülyasındadır.

Nikol Paşinyan düşünməlidir ki, sülh prosesindən uzun müddət yayınmaq Ermənistanın özünə ciddi zərər vuracaq. Çünki İrəvanın Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşmadan dirçəlməsi və beynəlxalq təcriddən xilas olması real deyil.

Nəzrin ELDARQIZI,

"Respublika".