Hər təklif öz səmərəli nəticəsi ilə yadda qalır
Bölgələr

Hər təklif öz səmərəli nəticəsi ilə yadda qalır

Mərkəzi Aran rayonu Kürdəmirin ərazisindəki əkinəyararlı torpaqlar suvarılan torpaqlardır. Rayon rəhbərliyi ilə keçirilən səyyar qəbullarda əhalinin əsas istəyi əkin sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsinə köməklik göstərilməsidir. Söyüdlər kəndində də başlıca müzakirə mövzusu əkinlərin suvarma suyuna olan çətinliklərlə bağlı idi.

Bu günlərdə təkliflər öz səmərəli nəticəsini verib. Kürdəmir rayonunun Söyüdlər kəndində yerləşən nasos stansiyası təmir olunaraq suvarma mövsümünə hazır vəziyyətə gətirilib. Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov Söyüdlər kəndinə gələrək kənd ərazisində fəaliyyət göstərən nasos stansiyası ilə tanış olub. İcra başçısına məlumat verilib ki, təmizlik və yenidənqurma işləri həyata keçirilən nasos stansiyası 4 aqreqatlı olaraq hər bir aqreqatın qaldırdığı su 0,5 kubmetr saniyə təşkil edir. Bu isə ümumilikdə nasos stansiyada 2 kubmetr saniyə su sərfi deməkdir. Ümumilikdə 1048 hektar sahənin suvarılmasına xidmət edən nasos stansiyası Söyüdlər kəndinin həyətyanı və pay torpaqlarını, Sovla kəndinin isə ancaq pay torpaqlarının suvarılmasını təmin edir.

 Sözügedən nasos stansiyası cari ildə təmir olunaraq 2022-ci ilin payız, 2023-cü ilin ümumilikdə suvarma mövsümünə tam hazır vəziyyətə gətirilib.

Tofiq HÜSEYN,

“Respublika”.