Çiçəyə bürünür baş daşlarınız
Region

Çiçəyə bürünür baş daşlarınız

Şirvan şəhərində  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda Şanlı Ordumuzun qələbə qazandığı 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan, ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü“ ,“Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medallarına layiq görülən şəhid  Röyal Misil oğlu Məmmədovun anım günü  qeyd olunub.

 Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhər icra hakimiyyəti başçısının məsul əməkdaşları, ictimaiyyət nümayəndələri, şəhid ailələri ilə birlikdə Vətən müharibəsinin şəhidi Röyal Məmmədovun anım günü münasibətilə məzarını ziyarət edərək başdaşı üzərinə gül-çiçək dəstələri düzüblər.  Şəhər icra hakimiyyətinin başçısı şəhidin atası Misil Məmmədova Vətənimiz üçün ləyaqətli övlad böyütdüyünə görə təşəkkür edib Allahdan ona səbir diləyib. Şirvanın qeyrətli oğlu şəhid​ Röyal Məmmədovun keçdiyi qısa və mənalı həyat yolundan bəhs edərək, belə qəhrəman oğullarımızla hər bir azərbaycanlının fəxr etdiyini bildirdi. Şəhidlərin xatirəsinin hər zaman uca tutulacağını, hörmət və ehtiramla yad olunacağını söylədi. Röyalın döyüşlərdə göstərdiyi şücaətin və fədakarlığın ölkə başçısı tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırdı.

Qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həll edilməsi, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Bu siyasətin davamı olaraq Şirvan şəhərində də şəhid ailələri və qazilərə diqqət və qayğı göstərilməsi yüksək səviyyədə həyata keçirilir.

Sonra çıxış edən Dövlət Təhlükəsizlik Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan şəhər Polis şöbəsinin rəisi, polis polkovniki Fizuli Əhmədov, YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, din xadimi Hacı Vasif 44 günlük Vətən müharibəsinin unudulmayan  məqamlarından bəhs etdilər. Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdikləri qəhrəmanlıq və şücaət nümunələrinin hər bir Azərbaycan vətəndaşında müstəqilliyimizin əbədiliyinə, dövlətimizin sarsılmazlığına, vətənimizin bütövlüyünə əminlik yaratdığı vurğulandı. Şəhid adının müqəddəsliyindən və əzəmətindən bəhs edərək, Röyal Məmmədovun qısa, lakin şərəfli həyatı, şanlı döyüş yolu haqqında danışdılar.

  Şəhidin atası Misil Məmmədov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə etdi. Sonra Qafqaz Müsəlmanları Ruhani İdarəsinin Şirvan şəhərindəki səlahiyyətli nümayəndəsi, şəhər məscidinin imamı Əvəz Mehrəliyev vətənimizin müstəqilliyi, müdafiəsi, ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizin ruhuna dualar oxudu.

                                                Tofiq HÜSEYN,

                                              “Respublika”.