Bərdənin şəhərə bənzəyən kəndləri
Region

Bərdənin şəhərə bənzəyən kəndləri

"Bərdə nə gözəldir, necə qəşəngdir,

Yazı da, qışı da güldür, çiçəkdir".

Sanki dahi Azərbaycan şairi Nizami Gəncəvi bu misraları Bərdənin bu günü üçün demişdir. Son illərdə həyata keçirilən layihələr kəndlərin də simasını tamamilə dəyişərək əsl şəhərə bənzədir. Bu günlərdə rayonun Qaradəmirçi nümayəndəliyinə üz tutduq. Bu kəndi rayon mərkəzi ilə 4 kilometr uzunluğunda asfalt yol birləşdirir. Əhalinin rahat gediş-gəlişini təmin etmək üçün kənddaxili yollara 6 kilometr asfalt çəkilmiş, eyni zamanda yolların 3 kilometr hissəsinə çınqıl tökülərək hamarlanmışdır.

Kənd icra nümayəndəsinin müavini Sənan Zamanov bildirdi ki, Qarabağın qapısı sayılan qədim Bərdə hazırda özünün inkişaf və tərəqqi dövrünü yaşayır. Prezident İlham Əliyevin imzaladığı regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları burada da uğurla icra olunur. Bu gün işğaldan azad olunmuş torpaqlarımız başda olmaqla ölkənin dörd bir yanında quruculuq-abadlıq işləri geniş vüsət alıb. Yeni, müasir standartlara cavab verən yolların çəkilişi davamlı hal almışdır. Bərdə rayonu da bu layihələrdən yetərincə bəhrələnir.

Müsahibim bildirdi ki, Qaradəmirçi kəndində 1538 təsərrüfat, 1526 yaşayış evi mövcuddur. Son zamanlar yeni, müasir evlərin tikilməsində artım müşahidə olunur.

Kənddə 4 ədəd yanacaqdoldurma məntəqəsi, bir ədəd şadlıq sarayı, supermarket fəaliyyət göstərir. Bundan başqa, mal-qara yeminin satışını həyata keçirmək üçün böyük bazar mövcuddur. Qaradəmirçidə 2020-ci ildə 624 yerlik tam orta məktəb inşa olunaraq müəllim və şagirdlərin istifadəsinə verilmişdir.

Həmçinin 2021-2022-ci illərdə kənddə fəaliyyət göstərən körpələr evi-uşaq bağçası əsaslı təmin olunmuş, inventarlarla təmir olunaraq körpə fidanlara xidmət göstərir. Bunlarla yanaşı, əhaliyə normal xidmət göstərən poçt şöbəsi, irili-xırdalı ticarət və iaşə obyektləri, sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün kitabxana və klub fəaliyyət göstərir. Qeyd etmək lazımdır ki, küçələrdə quraşdırılmış gecə lampaları axşamlar kəndi əsl şəhərə bənzədir.

Ölkəmizin hər yerində olduğu kimi, əhali fasiləsiz işıq, mavi yanacaqla təmin olunmuşdur. Kəndin 1300 hektar əkinəyararlı torpaq sahəsi var.

Qaradəmirçidə sakinlərə məxsus 1362 baş iribuynuzlu, 1185 baş xırdabuynuzlu heyvan və arı ailələri mövcuddur. Cari ildə 217 hektar sahədə pambıq çiyidi səpilmiş, hazırda yığıma hazırlıq işləri aparılır. Əkinçilər yüksək məhsuldarlığın əldə olunacağına əmindirlər. Bununla yanaşı, 500 hektar buğda, 120 hektar arpa səpini aparılaraq cari ildə hər hektardan orta hesabla 48-54 sentner buğda, 37-40 sentner arpa əldə olunmuşdur.

Eyni zamanda, 120 hektar sahədə payızlıq soğan əkilmişdir. Kənddə son zamanlar bağçılığın inkişafına xüsusi diqqət yetirilir. Hazırda 50 hektar intensiv gilas bağı, 12 hektar xurma, 3 hektar alça, 3 hektar şaftalı bağlarında yüksək məhsuldarlığa nail olunur. Əkinçilikdə suvarma suyuna olan tələbat mövcud olan 24 ədəd subartezian quyusu, bir hissəsi isə Qarabağ kanalından götürülən su vasitəsilə ödənilir. Subartezian quyularının hamısı işlək vəziyyətdədir.

Bərdə rayonunda, o cümlədən Qaradəmirçidə baramaçılığa maraq göstərənlərin sayı artmaqdadır. 2023-cü ildə kümçülərə bəsləmək üçün 10 qutu baramaqurdu paylanmış, cəmi 347 kiloqram yaş barama tədarük olunmuşdur.

Qeyd etmək lazımdır ki, yerli sakinlərlə yanaşı, kənddə Birinci Qarabağ müharibəsi zamanı pənah gətirmiş Kəlbəcər, Laçın, Şuşa, Ağdam, Cəbrayıl, Füzuli rayonlarından 266 keçmiş məcburi köçkün ailəsi yaşayır. Onlar öz ata-baba torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Bununla yanaşı, 1988-ci ildə mənfur ermənilərin etnik təmizləmə siyasəti nəticəsində Qərbi Azərbaycandan deportasiya olunmuş 26 ailə də Qaradəmirçidə məskunlaşmışdır.

Qərbi Azərbaycanın Çəmbərək (Krasnoselo) rayonunun Cil kənd sakini Əhmədov Eldar Əhməd oğlu ilə telefon əlaqəsi yaratdıq. O öz, eləcə də ailəsi və kənddə yaşayan digər Qərbi azərbaycanlıların adından dövlət başçısı İlham Əliyevə Qərbi Azərbaycana qayıdışla bağlı səsləndirdiyi ümidverici mesajlara görə dərin təşəkkürünü bildirdi.

Vəli VƏLİYEV,

"Respublika".