Hərb, ya sülh!..
Digər xəbərlər

Hərb, ya sülh!..

Ermənistan öz seçimini etməlidir

"Düşünürəm ki, ona ən yaxın gələcəkdə nail olmaq olar. Nəyə görə mən bu cür düşünürəm, çünki Ermənistan çox mühüm bəyanatla çıxış etməli idi ki, onlar nəinki Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar, - əslində, onlar bunu rəsmən ötən ilin oktyabrında bəyan etdilər və sonra bir neçə dəfə təsdiqlədilər, - həmçinin bu ilin mayında onlar bunu aydınlaşdırdılar, çünki biz tələb etdik ki, onlar Qarabağı Azərbaycanın hissəsi kimi tanıdıqlarını qeyd etsinlər. Onlar Azərbaycanın ərazi bütövlüyünü 86,6 min kvadratkilometr ərazidə tanıdılar...". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Çinin "China Media Group" media korparasiyasına müsahibəsi zamanı müxbirin Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı: "...cənab Prezident, siz sülh müqaviləsi haqqında nə düşünürsünüz? Onu nə vaxt gözləmək olar?...", - sualına cavab verərkən bildirib.

Sülh müqaviləsi, günümüzün inkaredilməz reallığı. Vətən müharibəsindən sonra qalib ölkənin məğlub ölkəyə sülh təklifi təəssüf ki, hələ də Ermənistan tərəfindən qəbul edilmir, lakin gələcəyi ağıllı şəkildə qura bilən xarici qurum və dövlətlər bu təklifi müsbət dəyərləndirirlər.

Bu gün Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq mühiti məhz Azərbaycanın yaratdığı geosiyasi reallıqlar əsasında formalaşır, proseslər Bakının iradəsinə uyğun tənzimlənir. Prezident İlham Əliyevin qətiyyətli və milli maraqlara əsaslanan siyasəti nəticəsində Azərbaycan münaqişənin başa çatmasını və yeni mərhələnin başlanması reallığını qəbul etdirib, yeni strateji yanaşmaların ortaya qoyulmasını zərurətə çevirib. Lakin 44 günlük müharibədən sonra münaqişənin guya hələ də mövcud olması ilə bağlı süni gündəm və görüntü yaratmağa çalışan, siyasi və informasiya təxribatları törədən xarici mərkəzlər bu gün də fəaliyyətdədir. Ermənistanın havadarları Azərbaycana qarşı qarayaxma kampaniyasını davam etdirir. Özünü dünyanın demokratiyanın beşiyi kimi təqdim edən Fransa Brüssel formatını pozmağa çalışır. Azərbaycan Prezidenti Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə aparılan danışıqların Azərbaycan-Ermənistan sülh prosesinə verdiyi töhfəni yüksək qiymətləndirir, rəsmi Paris isə bu danışıqları pozmağa cəhd göstərir. Bu isə Avropa İttifaqının Cənubi Qafqazda sülhə yönələn addımlarına zərbədir.

Cənubi Qafqazda maraqlarını reallaşdırmaq istəyən digər bir ölkə, Hindistan müharibə dövründə olduğu kimi, postmüharibə dövründə də Ermənistanı dəstəkləyir. Onu silah-sursatla təmin edir. Bu silah karvanı cənub qonşumuz İranın ərazisindən Ermənistana keçir.

Azərbaycan isə postmünaqişə dövründə sülh, əməkdaşlıq və əmin-amanlığın tərəfindədir və istəyir ki, qısa müddət ərzində 10 noyabrda imzalanmış müqavilənin bütün bəndləri icra olunsun. Bu, ilk növbədə bölgəyə sülh gətirəcək, regionda əməkdaşlığı gücləndirəcək. Bundan ötrü Azərbaycan və Ermənistanın sərhədləri müəyyənləşdirilməlidir. Ermənistanla Azərbaycan arasında sülh danışıqları davam etdirilməli, bir-birinin ərazi bütövlüyünün rəsmən tanınması, sərhədlərin müəyyənləşdirilməsi məqsədilə addımlar atılmalıdır. Azərbaycan bu sahədə üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir.

Dünyada baş verən hadisələri doğru və düzgün dəyərləndirən Azərbaycan Prezidenti İlham Əliyev milli maraqlarımız naminə qlobal miqyasda faydalı əməkdaşlığa üstünlük verir. Elə indiyədək keçirilən Brüssel görüşləri də İlham Əliyevin hər iki xalqın maraqlarını əks etdirən ədalətli sülhün tərəfdarı və təminatçısı olduğunu təsdiq edir. Xəstə təxəyyüllü erməni millətçiləri isə heç bir reallığı qəbul etmir, Azərbaycanın humanistliyini, qonşuluq etmək niyyətini dəyərləndirmirlər.

Brüssel görüşləri ermənilərə düşünüb daşınmaq üçün şans yaradır, lakin onlar qeyri-konstruktiv mövqelərindən əl çəkmirlər. Baş nazir N.Paşinyan görüşlərdə bir, görüşdən sonra isə başqa bir mövqe nümayiş etdirir. Bir sözlə, Paşinyan gündə bir nəğmə oxuyur. Ermənistan həmişə verdiyi bəyanatların əksini edir, bu ölkənin rəhbərliyi sülhə aparan yolu tutmur. Ermənilərin son vaxtlar həyata keçirdikləri təxribatlar da bunu təsdiq edir. Bu il aprelin 23-də Laçın sərhəd-nəzarət-buraxılış məntəqəsinin qurulması Ermənistan və onun havadarlarını daha da aqressivləşdirib. İndi "humanitar blokada" deyib şivən qoparan ermənilər guya Qarabağın erməni sakinlərinin blokadaya alındığını bütün dünyaya çatdırmağa çalışır. Məqsəd Laçın sərhəd-nəzarət-buraxılış məntəqəsinin fəaliyyətinin dayandırılmasına nail olmaqdır. Onların Qarabağa yardım daşınması üçün təklif olunan digər alternativ yollardan imtina etməsi də bütün aksiyaların bir şou olduğunu təsdiqləyir. Bu şoular, siyasi oyunlar onu göstərir ki, İkinci Qarabağ savaşında məğlubiyyəti ilə barışmayan Ermənistan sülh müqaviləsinin imzalanmasını müxtəlif bəhanələrlə yubadır, sərhədlərin delimitasiya və demarkasiya məsələlərinə məhəl qoymur, ciddiyyət göstərmir. Öz məsuliyyətini dərk etməyən məğlub ölkə mənasız xəyallar qurur, Qərb dövlətlərindən siyasi dəstək gözləyir, təxribatlar törədir, yenə də qan tökülür, insanlar həlak olur.

Dəfələrlə layiqli cavabını alan Ermənistan heç nədən dərs çıxarmır. Halbuki, 44 günlük müharibədə qələbəyə doğru inamla irəliləyən, siyasi, hərbi potensial nümayiş etdirən, bu potensialı daha da artıran Azərbaycan bundan sonra da düşməni yerində oturtmaq iqtidarındadır. Odur ki, Azərbaycanın üzərinə gəlmək cəhdləri Ermənistanı dəhşətli sonluqlarla üz-üzə qoya bilər. Məğlub ölkə seçimini etməlidir, hərb, ya sülh!..

Zümrüd QURBANQIZI,

"Respublika".