Həyasız iddialara tərs şillə
Digər xəbərlər

Həyasız iddialara tərs şillə

Ekofəalların və könüllülərin ötən il dekabr ayının 12-dən başladıqları etiraz aksiyası havanın soyuq və şaxtalı olmasına baxmayaraq, gecə-gündüz davam edir. Şuşa ərazisində Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Laçın-Xankəndi yolunun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının üzvləri tərəfindən ermənilərin Qarabağ iqtisadi rayonunda törətdikləri ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmadı. Faydalı qazıntı yataqlarını qanunsuz istismar edən cinayətkar ermənilər və onları bu işə cəlb edən qüvvələr əllərinin içi kimi bilirlər ki, Azərbaycan öz təbii sərvətlərini Xankəndidəki separatçı rejiminə, talançı oğru R.Vardanyan kimilərinə peşkəş etmək fikrində deyil, yəqin ki, yaxın günlərdə həmin cinayətkarlar layiqli cəzalarına çatacaqlar. Ermənilər və onların havadarları anlamalıdırlar ki, etirazçılar Azərbaycan xalqının iradəsini və mövqeyini əks etdirir, talanın və qeyri-qanuni istismarın dayandırılmasını tələb edirlər. Əzm, iradə nümayiş etdirən etirazçıların qəti fikri belədir ki, üçtərəfli Bəyanata əsasən Xankəndidə və ətraf ərazilərdə gizlənmiş erməni silahlı qüvvələrinin qırıntıları torpaqlarımızdan çıxmalı, faydalı qazıntı yataqlarındakı oğurluğa və talana son qoyulmalıdır.

Xankəndidəki separatçı rejim, fırıldaqçı Vardanyan və onlara züy tutanlar etirazçılara böhtan atır, məkrli niyyətlərini gizlətmək üçün "blokada"dan, "humanitar fəlakət"dən, Xankəndidə yaşayan ermənilərin əziyyət çəkdiyindən həyasızlıqla söz açır, törətdikləri cinayətləri sığortalamaq istəyirlər. Cidd-cəhdlə bu qanunsuz əməlləri gizlətmək, timsah kimi saxta göz yaşları ilə müdafiəçilər axtarıb tapmaq, klassik erməni yalanı ilə hamını aldatmaq istəyən Vardanyan deyəsən qazdığı quyuya düşəcəyini hiss edib, çabalayır, farağat dayanmır. Ukraynadan olan bir bloger "acından ölən" Xankəndidəki erməni yalanlarını ifşa edib. Belə ki, o, Xankəndidəki restoranlardan birinə onlayn yemək sifariş verib və onlardan menyu istəyib. Məlum olub ki, Vardanyanın "blokada"da hesab etdiyi Xankəndi restoranlarında istənilən qədər yemək-içmək var, hətta müştərilərə delikateslər, şirniyyat məhsulları da təklif olunur. Laçın-Xankəndi yolunun bağlı olması da separatçılar tərəfindən uydurulub, dinc aksiyalara böhtan atmaq üçün ortalığa atılıb. Etirazçılar bu yoldan keçən Rusiya sülhməramlılarına, "Qırmızı Xaç Komitəsinə" məxsus avtomobillərə və təcili yardım maşınlarına hərəkət etmək üçün heç bir məhdudiyyət qoymurlar. Ötən gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətə maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 29-a çatıb. Ümumilikdə isə etirazlar başlayan gündən Laçın-Xankəndi yolundan mindən artıq yük maşını keçib.

Dinc aksiya iştirakçılarının qətiyyəti qarşısında aciz və çıxılmaz duruma düşən qızıl alverçisi, hiyləgər Vardanyan Rusiya sülhməramlılarının nəzarət zonasında qalan Kəlbəcər rayonunun ermənilər tərəfindən "Aterk" adlandırılan Həsənriz, "Drambon" adlandırılan Heyvalı və "Vank" adlandırılan Vənkli kəndlərində məskunlaşmış hayklarla və adıçəkilən, eyni zamanda yaxınlıqdakı digər kəndlərin qanunsuz "icma rəhbərləri" ilə də görüşüb. Şəkillərdən də göründüyü kimi, həmin kəndlərdə yaşayan ermənilərin kasıb görkəmi, səfalət içində yaşamaları diqqəti çəkir. Həmin görüşdə erməni sakinlər Vardanyandan tələb ediblər ki, onlar iş və yaxşı güzəran istəyirlər, yaşadıqları kəndlərdə heç bir inkişaf hiss edilmir, mövcud infrastruktur qəzalı vəziyyətdədir. Əslində, ermənilərin böyük əksəriyyəti bu fırıldaqçını yad hesab edir, onun hansısa qüvvələrin əlində alətə çevrildiyini bilir, Vardanyanın Qarabağdakı ermənilərə "xoşbəxtlik" gətirməyəcəyini anlayır və onun qanunsuz hərəkətlərini qəbul etmirlər. Sosial şəbəkələrdə yazırlar ki, Qarabağdakı ermənilərin taleyi özünü təqdim etmək və oyunlar üçün sınaq meydançası deyil, onların ləyaqəti və hissləri ilə oynamayın, erməniləri alçaltmayın. Bəzi ermənilər isə Vardanyana xitabən qətiyyətlə bildirirlər ki, yalançı peyğəmbərləri, demaqoqları, əclafları ləkələmək və onları zərərsizləşdirmək lazımdır.

Bu yaxınlarda BBC-yə müsahibə verən Vardanyan aparıcının sualları qarşısında aciz bir duruma düşdü, haqqın, ədalətin tərs şilləsini hiss etdi. Britaniyalı jurnalist özünü Xankəndidəki ermənilərin "lider"i və "xilaskar"ı hesab edən Vardanyana yerini göstərdi, ya Azərbaycanla razılaşmalı, ya da Qarabağdan getməlisiniz, elə indi getməlisiniz sözləri onu idman termini ilə desək əsl nokauta saldı və iç üzü açıldı ki, hansı dövlətin "agenti"dir. Hələ 2019-cu ildə Avropa Parlamenti Avopa Komissiyasına "çirkli" paraların yuyulmasında iştirak edən bir sıra Rusiya iş adamları ilə yanaşı, R.Vardanyana qarşı da sanksiya tətbiq edilməsi üçün müraciət ünvanlanıb. İybilmə qabiliyyəti yaxşı olan Vardanyan sanksiyalardan xilas olmaq üçün himayədarlarının tövsiyəsi ilə Qarabağa gəlib. Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycan ərazilərində "Artsax təhlükəsizlik və inkişaf fondu"nu yaradaraq və bütün dünya haylarını Xankəndidə yaşayan ermənilərə köməyə çağırdı. Zənnimizcə bu, Vardanyan çox baş aparır, yerli erməniləri mübarizə adı altında Azərbaycanla qarşıdurmaya məcbur edir, təxribatla məşğul olur. Əslində, R.Vardanyan Azərbaycan ərazisinə icazəsiz daxil olub, Xankəndidə qanunsuz məskunlaşıb. Bu cinayət əməllərinə görə o, həbs edilməlidir.

Salman ALIOĞLU,

"Respublika".