Həyati zərurət: Dəniz suyu burada duzsuzlaşdırılır
Region

Həyati zərurət: Dəniz suyu burada duzsuzlaşdırılır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında Sərəncam imzalamışdır. Son dərəcə vaxtında imzalanmış Sərəncam sözün əsl mənasında sevinc hissi yaratmaqla mənə ötən günləri xatırladır. O vaxt Şirvanneft  Neft-Qazçıxarma İdarəsi adlanan təşkilatda baş geoloq vəzifəsində işləyən, geologiya-mineralogiya elmləri namizədi Rəşid Həsənovla Salyan rayonunun Xıdırlı kəndinə getmişdik. Bu kənddə Rəşidin qohumları yaşayırdı. Bizi hansısa tədbirə dəvət etmişdilər. Salyanın ucqar kəndi olan, dəniz sahilində necə deyərlər, gözdən-könüldən uzaq Xıdırlıda qızğın inşaat işləri gedirdi. Xeyli təəccüblü idi, həyat sanki kəndin üzünə gülməyə başlamışdı. Rəşid məlumatlı imiş:

 -Burada Dəniz Suyunun Duzsuzlaşdırılması Zavodu tikilir. Zavodda təmizlənən dəniz suyundan ətraf ərazilərdə yaşıllıq zolağı yaradılacaq, eyni zamanda, ölkə ərazisinin böyük hissəsini fidanlarla təmin edən ting təsərrüfatının suvarılmasında bu sudan istifadə olunacaq. Qlobal istiləşmənin yaratdığı fəsadlar insanları bu işə vadar edir. Dəniz suyundan nəinki məişətdə, hətta qidalanmada da istifadə olunacaq.

Təxminən 8-9 il bundan əvvəlki hadisə idi. Bu yaxınlarda yenə Xıdırlı kəndinə yolumuz düşdü. Gözlərimə inanmadım. Dünyadan köçmüş dostum Rəşid Həsənovun arzuları çin olmuşdu.

Salyanın boz çöllərində salınmış böyük yaşıllıq ərazi uzaqdan diqqətimizi cəlb edir. Məlum olur ki, bu torpaqlar 2013-cü ildə işə düşən zavoddan alınan su ilə yaşıllaşdırılıb. Hazırda təsərrüfatda 700 min ədəddən çox ağac və kol bitkilərinin ting və toxmacarı var. 

Toxumdan tingə qədər olan proses maraqlıdır. Aparılmış toxum tədarükündən sonra cücərtmə sahəsində toxumlar istixanada violalara səpilir, bitkilərin boyu 10-15 santimetrə qədər uzandıqda onlar ikinci böyütmə sahəsinə keçirilir. Daha sonra isə boyları 15-20 santimetrə çatmış bitkilər ikinci və üçüncü böyütmə sahələrində əkinə hazır vəziyyətə gətirilir.

4 min 400 hektarlıq ümumi xidməti ərazisində 5 milyon 500 mindən çox müxtəlifcinsli ting və toxmacarlar yetişdirilir. Bu tinglik sahəsi yaşıllaşdırmanın salınması işində əhəmiyyət kəsb edir. Hər il yetişdirilmiş təxminən 700 min ədəd tingin 200-250 mini yeni yaşıllıqların salınmasına yönəldilir. Burada əsasən kökü bağlı tinglərin yetişdirilməsinin məqsədi əkin mövsümünü uzatmaqdır. Çünki Azərbaycanda yaz fəsli gəldikdən sonra dərhal havalar istiləşməyə başlayır və belə olan halda, kökü açıq olan ağacların yaşıllaşdırmada istifadəsi çətinləşir. Bu sahədə yetişdirilən bitkilərin yaşıllaşdırma tədbirlərində istifadəsi ilin istənilən ayında mümkündür. Ona görə də ölkəmizdə yaşıllaşdırma işləri təkcə payız və yaz aylarında deyil, indi həmçinin iyul və avqustda da həyata keçirilir. Bu ərazidə tinglərin yetişdirilməsində cəmi 18 fəhlə çalışır”.

Tinglərin yetişdirilməsində suvarılma üçün Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması Kompleksində istehsal olunmuş sudan istifadə edilir. Öyrənirik ki, 2013-cü ildə istismara verilən zavodun gücü 2016-cı ildə ikiqat artırılıb. Burada sutka ərzində Xəzər dənizindən 4 min kubmetrdən çox su 12,5 kilometr məsafədən qəbul edilir və nəticədə, içməyə və suvarmaya tam yararlı olan 2 min kubmetr su istehsal olunur. Həmin sudan 700 hektarlıq yaşıllıqların, eyni zamanda, 700 min ədəd ting və toxmacarların suvarılmasında istifadə edilir. Tinglərin boyu və qablaşdırılması isə tələbata uyğun olaraq müəyyənləşdirilir.

 Ərazini su ilə təmin edən zavodun iş prosesi çox maraqlıdır. Tinglikdəki sakitliyi zavoddakı qurğuların uğultusu əvəzləyir. Məlum olur ki, dənizdən 12 kilometr uzaqlıqda yerləşən zavoda su boru vasitəsilə ötürülür. İlkin çökməyə məruz qalan su anbara, oradan isə qidalandırıcı nasoslar vasitəsilə götürülərək filtrlərə vurulur. Həmin filtrlərdə su qum və bazalt qatından keçərək fiziki təmizləməyə məruz qalır. Qum və bazalt qatından keçmiş su yenidən mikron filtrlərindən keçir. Burada ölçüsü 5 mikrondan böyük nə varsa, hamısı çökür.

Növbəti mərhələdə isə şəffaf duzlu su yüksək təzyiq nasosu vasitəsilə membranlara vurulur. Membranlarda duz sudan ayrılır. Membrana vurulan suyun 45 faizə qədəri şirin su şəklində, qalan 55 faizi isə iki dəfə duzlu şəkildə dənizə axıdılır. İstehsal olunan suyun 10 faizi mineralizasiyadan keçir və içmək, məişətdə istifadə üçün nəzərdə tutulur. Qalan 90 faizi isə birbaşa ağacların sulanmasında istifadə olunur.

2013-cü ildə Xəzər Dəniz Suyunun Duzsuzlaşdırılması Kompleksinin istismara verilməsi dövlət başçımızın tapşırığı ilə baş tutub. Məqsəd hələ o dövrdə də ehtimal edilən su qıtlığının effektiv həlli yollarının müəyyən edilməsi, yeni yanaşma və texnologiyaların ölkədə tətbiqidir. 

İsrail texnologiyası ilə işləyən zavod gün ərzində təxminən 2 min kubmetr içməli su istehsal edə bilir. Bu, ildə təxminən 500 min kubmetr suyun təmizlənərək istifadə olunması deməkdir. Dəniz suyunun duzsuzlaşdırılması iqtisadi cəhətdən xeyli əlverişlidir. Abşeron rayonunda da belə bir zavodun tikilməsi barədə araşdırmalar aparılır. Bu da təbiidir. Abşerona içməli su xeyli uzaqdan - Kür çayından və Oğuz-Qəbələ tərəfdən gəlir. Bu isə xeyli xərc aparmaqla yanaşı, itkilərə də səbəb olur. Duzsuzlaşdırma zavodları su çatışmazlığının yaşandığı dövrdə əsl nailiyyət hesab oluna bilər.

Tofiq HÜSEYN,

“Respublika”.