“Heydər Əliyev İli”nə həsr olunmuş tədbir
Digər xəbərlər

“Heydər Əliyev İli”nə həsr olunmuş tədbir

Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən “Heydər Əliyev İli”nə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan sənayesinin inkişafı” mövzusunda tədbir keçirilib. Nazirliyin  5 may 2023-cü il tarixində verdiyi məlumatda bildirilir.

Tədbirdə Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin rəisi Vüsal Ağayev, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin rəis müavini Gündüz Həmzəyev və Nazirliyin əməkdaşları iştirak ediblər.

Əvvəlcə, tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Sonra tədbir iştirakçıları Ümummilli Liderin həyat və fəaliyyətinə həsr olunmuş fotostendlə tanış olublar.

Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə, əvvəlcə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub.

Sonra çıxış edən Agentliyin rəisi Vüsal Ağayev ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən, ölkə sənayesinin inkişafındakı rolundan bəhs edib. Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə bildirib ki, ümummilli lider Heydər Əliyevin fəaliyyəti, Azərbaycan xalqı və dövləti üçün qoyduğu irs çox zəngindir və ölkəmizin davamlı inkişafına öz töhfəsini verəcək. Onun fəaliyyətinin hər bir mərhələsi - istər Azərbaycanda hakimiyyətinin birinci dövrü, istər Naxçıvan mərhələsi, istərsə də müstəqilliyimizin bərpasından sonrakı dövr ayrı-ayrılıqda tədqiqat mövzusudur.

Tədbirdə digər çıxış edənlər də Ümummili Liderin Vətən və xalq qarşısındakı tarixi xidmətlərindən ətraflı danışıblar.

Əli SADIQOV,

“Respublika”.