ARDICIL TƏXRIBATLARI ERMƏNILƏRIN
Digər xəbərlər

ARDICIL TƏXRIBATLARI ERMƏNILƏRIN "ÜÇÜNCÜ DƏVƏT"Ə LAYIQ OLMADIQLARINI BIR DAHA TƏSDIQLƏYIR

Qarabağda yaşayan erməni nümayəndəliyinin Azərbaycandan gələn humanitar yükü qəbul etməməsi anlaşılan deyil. Azərbaycan öz tarixi torpaqlarında hansısa xuntaya hələ də səbir edirsə, bu, ancaq humanizm və tolerantlığın təcəssümüdür. Lakin separatçı rejim hələ də ağıllanmaq niyyətində deyil. Həmçinin Azərbaycan sözügedən erməni nümayəndəliyinə iki dəfə görüş təklif etmiş, həmin marionet rejimin "rəhbər" şəxsləri isə nümayişkaranə şəkildə bu təklifi rədd etmişdilər. Azərbaycan Prezidenti İlham Əliyev iyunun 22-də Şuşa Qlobal Media Forumunda Qarabağın erməni əhalisinin reinteqrasiyası ilə bağlı danışarkən bildirdi ki, daha həmin erməni nümayəndəliyinə üçüncü dəvət olmayacaq.

Verilən şansları dəyərləndirə bilməyən xunta üstəlik özünü "ac-yalavac" kimi göstərir. Separatçı rejimin özünü beynəlxalq mediada guya "holokost qurbanı", "Naqasaki və Xiroşimaya atılan bombadan zərərçəkmiş kimi", Fransanın və İngiltərənin orta əsrlərdə aqressiv və ekspansionist siyasəti nəticəsində "kökünün kəsilmə təhlükəsi olan Şimali Amerika qitəsinin sakinləri kimi" və digər nə qədər genosidlə bağlı tarixi hadisələr varsa onlarla bir tutur. Təbii ki, bu acındırma siyasəti getdikcə öz səmərəsini itirir. Aclıqdan əziyyət çəkən ermənilər humanitar yardım arasında fərq qoyur. Əgər məsələ hər iki dövlət arasında ədavətdən gedirsə, burada yenə də haylar haqsızdır. Keçən əsrdə Azərbaycan və erməni xalqları bir yerdə yaşayıblar. Daha dəqiq desək, nəhəng güclər tərəfindən buraya köçürülən ermənilər həmişə yerli sakinlərə qarşı kin-küdurət bəsləmişlər. Bu zəmində ötən əsrdə Azərbaycan tərəfi dəfələrlə erməniləri dialoqa çağırmışdır. Bu gün də ölkəmiz öz ənənəsinə sadiq qalaraq Ermənistan hökumətinə və onun "kukla" rejiminin nümayəndəliyinə reinteqrasiya təklif etməsinə baxmayaraq, riyakar haylar bu fürsəti dəyərləndirə bilmirlər.

"Ona görə indi yenidən inteqrasiya məsələsi Qarabağın erməni sakinlərinin bax bu yanlışlardan, onları girov götürən, qul kimi istismar edən bu xuntadan nə vaxt qurtula biləcəyindən asılıdır". Prezident İlham Əliyev bu fikirləri ilə separatçı rejimin artıq heç bir yolunun qalmadığını açıq bildirdi. Xankəndidə yaşayan erməni sakinləri öz müqəddəratını özləri təyin edə, ya reinteqrasiya prosesinə qoşula, ya da Azərbaycanın tarixi torpaqlarını tərk edə bilərlər. Bu baxımdan, erməni sakinlər Azərbaycana müraciət etməkdə sərbəstdirlər. Lakin xunta rejimin hələ də təslim olmaması bütün pullarını qumarda uduzan insana oxşayır. Son tur həmişə məğlubiyyətlə nəticələnir. Əgər uğura müvəffəq belə olsalar, itirdikləri dəyəri bir daha qazana bilməyəcəklər. Azərbaycan uğurlu diplomatiya sayəsində dünya ölkələrinin əksəriyyətinin ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün tanınmasına nail ola bilib. Bunun müqabilində sentyabrın 9-da Xankəndidə keçirilən saxta "seçki"lərdən sonra heç Paşinyanın belə xuntanı təbrik etməyə cəsarəti çatmadı. Yalnız Osetiyanın cənubunda özü kimi separatçılıq edən "qurum"dan təbrik aldı. Bu fakt isə, bir daha rejimin marionet olduğunu və heç bir hüquqi əsası olmadığını təsdiqlədi.

"Laçın nəzarət-buraxılış məntəqəsinin qoyulması postmünaqişə dövründə mühüm mərhələ idi və şəraiti əhəmiyyətli dərəcədə dəyişdi". Ölkə başçısı bu fikirləri ilə vəziyyətin müharibədən əvvəlki dövrə sürükləndiyinə işarə edirdi ki, hazırda da eyni vəziyyət müşahidə olunur. Sülhə dəstək vermək əvəzinə təxribatçılıqla məşğul olan rejim qaçaqmalçılıq edir, atəşkəs şəraitini hər gün pozaraq sərhəddə gərginlik yaradır və reinteqrasiya prosesinə hər vəchlə mane olmağa çalışırdı. Aprelin 23-də Azərbaycanın legitim hüququ olan Laçın yolunda nəzarət-buraxılış məntəqəsinin qurulması ilə artıq Azərbaycan sərhəddə qeyri-qanuni halların qarşısını almağa qadirdir. Bu məntəqənin qurulması, həmçinin Azərbaycana qarşı cinayət əməlləri törətmiş şəxslərin axtarışında  da aktiv rol oynadı ki, bunu da biz Meşəli qətliamının iştirakçılarından biri olan Vaqif Xaçaturyan və Azərbaycan bayrağını təhqir edən üç futbolçunun saxlanılması nümunələrində açıq-aydın gördük.

Sərhəddə son vaxtlarda baş verən gərginlikdə isə yeganə məsuliyyəti erməni quldurları daşıyır. Ağdam-Xankəndi yolunun açılmasına etiraz edərək Əsgərana beton piltələr düzən separatçıların gərginliyin daima qorunub saxlanılmasına marağı fayda verməyəcək. Bu hadisədən sonra da atəşkəs rejimini pozaraq insan tələfatına yol açmaq istəyi, üstəlik də bunu Azərbaycanın üstünə yıxmaq siyasəti acizlik meyillərindən başqa heç nə deyil. Lakin qüdrətli Azərbaycan bu kimi təxribatların qarşısını daima qətiyyətlə alıb və bu gün də eyni ənənə davam edir. Qüdrətli Azərbaycan Ordusu sərhəddə baş verə biləcək bütün təxribatlara layiqli cavab verir. Ermənilər isə "üçüncü dəvət" şansını itirib...

Tacir  SADIQOV,

"Respublika".