HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN DİLİNİN İNKİŞAFI
Elm və təhsil

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN DİLİNİN İNKİŞAFI

Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun ana dilidir. Ana dili xalqın ən böyük milli sərvəti, genetik qan yaddaşı, nəsillər arasında əlaqə yaradan, xalqın keçmişi ilə gələcəyini əlaqələndirən, varlığını yaşadan, onun milli-mənəvi dəyərlərini qoruyan ən mühüm vasitədir. Azərbaycan dilini qorumaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaqda ulu öndər Heydər Əliyevin böyük xidmətləri olmuşdur. Ümummilli lider Heydər Əliyev milli-mənəvi dəyərlərin qorunması, tariximizin düzgün istiqamətdə öyrənilməsi, yazılması, xalqın azadlıq istəyinin təcəssümü kimi ortaya çıxan müstəqilliyin qorunması, ana dilimizin rolunun artırılması və dövlətçiliyin əsas atributlarından biri kimi inkişafı istiqamətində apardığı məqsədyönlü siyasət cəmiyyətdə milli ruhun oyanışına təkan verdi.

Dövlət idarəçiliyinin bütün sahələrində olduğu kimi, dil siyasətində də ulu öndərin strateji xətti Azərbaycan dilinin dövlətçiliyin əsas atributlarından biri kimi inkişafına təminat verdi. Dövlətimiz siyasi müstəqillik qazandıqdan sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan 12 noyabr 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyasına - Azərbaycan dövlətinin Əsas Qanununa dövlət dili haqqında ayrıca maddənin daxil edilməsi dövlət başçısının ana dilimizə rəsmi status verilməsi uğrunda apardığı çoxillik mübarizənin məntiqi nəticəsi idi. Onun fəaliyyəti dövründə dil siyasəti, dil quruculuğu, dil mədəniyyəti, yazı və əlifba məsələləri dərin məntiqi mühakimələrlə inkişaf etdirilmişdir. Ana dilinin statusunun təminatı və tətbiqinin təkmilləşdirilməsi ilə yeni sərəncamın verilməsi dövlətimizin ana dilimizə - dövlət dilinə çox böyük önəm verdiyini, ona həm dövlətçilik atributu kimi, həm də milli dövlət quruculuğunun mühüm amili kimi yanaşdığını sübut edir.

Azərbaycan Prezidentinin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 2001-ci il 18 iyun tarixli Fərmanı əlifbanın qəbul edilməsində böyük tarixi-siyasi əhəmiyyətə malikdir. Belə ki, 1990-cı ildə baş vermiş ictimai-siyasi hadisələr ölkənin iqtisadi sahələrində olduğu kimi, xalqın mədəni inkişafında mühüm rolu olan əlifba məsələsinin müzakirəsini gündəmə gətirdi. Müstəqillik və azadlıq ölkəmizdə latın əlifbasını yenidən bərpa etmək zərurətini ortaya çıxardı. Elmi-mədəni, iqtisadi və siyasi cəhətdən ayrı düşmüş çoxsaylı türk xalqlarının əlaqələrini yaratmaq üçün ortaq latın əlifbasının qəbulu əsas vasitələrdən hesab edildi. Azərbaycan KP MK-nın təşəbbüsü ilə çağırılan müşavirədə kiril əsaslı əlifbanın müasir Azərbaycan yazı mədəniyyətinin indiki mərhələsinə uyğun olub-olmaması geniş müzakirəyə səbəb oldu. Müşavirədə əlifba problemlərini hərtərəfli götür-qoy etmək, bu işdə bir daha səhvlərə yol verməmək üçün Əlifba Komissiyası yaradıldı. Komissiyanın sədri AMEA-nın müxbir üzvü Afad Qurbanov, müavinlər professor Kamal Abdullayev və Əlyazmalar İnstitutunun direktoru, professor Cahangir Qəhrəmanov təyin olundu. Azərbaycan əlifbasının qəbul edilməsi istiqamətində aparılan işlər zamanı bəziləri kiril, bəziləri ərəb, bəziləri isə latın əsaslı əlifbanı müsbət qiymətləndirərək müdafiə etmişdir. Azərbaycan Əlifba Komissiyasının sədri görkəmli dilçi A.Qurbanov əlifbanın müxtəlif variantlarını hazırlamış və bu variantları hazırlayarkən beynəlxalq təcrübəni əsas götürmüşdür. Bu dövrdə yeni əlifbanın tərtibi və qəbulu ilə bağlı bir sıra versiyalar irəli sürülsə də görkəmli dilçi alim A.Qurbanov latın qrafikalı Azərbaycan əlifbasının üstünlüklərini əsaslandırmışdır. Latın qrafikalı müasir Azərbaycan əlifbasına keçilməsi, onun Azərbaycan dilinin fonetik xüsusiyyətlərinə uyğun gəlməsi Afad Qurbanovun təşəbbüsü sayəsində əlverişli sayılmış və müsbət əhəmiyyəti ictimaiyyətə çatdırılmışdır. Komissiyanın sədri A.Qurbanov latın qrafikası əsasında yeni müstəqil əlifbanın layihəsini Azərbaycan dilinin səs sisteminə və digər xüsusiyyətlərinə uyğunluğunu nəzərə almaqla hazırlamış və Komissiyanın müzakirəsinə vermişdir. Yeni əlifbaya keçmək məsələsində ilk mərhələdə tərtib olunmuş layihə ümumxalq müzakirəsinə verilmiş və layihə yalnız hamı və ya əksəriyyət tərəfindən bəyənildikdən sonra qanuniləşdirilmişdir. 1991-ci ilin 25 dekabrında Azərbaycan Respublikasının Ali Soveti "Latın qrafikalı Azərbaycan əlifbasının bərpası haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə qərar verdi.

Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" 2001-ci il 18 iyun tarixli Fərmanı qəbul edilmiş əlifbanın tətbiqi problemlərinin həllində, beynəlxalq aləmə daha yaxın olan latın qrafikalı Azərbaycan əlifbasına keçid prosesinin sürətləndirilməsinə və ölkədə milli dilin funksionallaşmasına təminat yaratdı. Müstəqilliyin ilk ilində - 1991-ci ildə latın qrafikalı Azərbaycan əlifbası qəbul olunsa da, bu qərar kağız üzərində qalmışdı. Heydər Əliyev qeyd edirdi ki, biz indi latın əlifbasına keçirik. Görürsünüz ki, keçmək də çətindir. Bu barədə qərar qəbul edilərkən nə qədər müzakirələr gedirdi. Kimi deyirdi keçək, kimi deyirdi keçməyək. Hətta bəziləri deyirdi gəlin ərəb əlifbasına qayıdaq. Xatirimdədir, 1990-1991-ci illərdə belə söhbətlər gedirdi. Qərar qəbul olunub, ancaq biz latın əlifbasına keçə bilmirik. Mən göstəriş vermişəm və bütün dövlət sənədləri latın əlifbası ilə yazılır. Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi haqqının bərpa olunması istiqamətində atılmış vacib addımlardan biri bu fərmanın imzalanması ilə olmuşdur. Fərmanda Azərbaycan əlifbasının keçdiyi yol xarakterizə edilərək yazılır: "1922-ci ildə Azərbaycan hökumətinin qərarı əsasında yeni Əlifba Komitəsinin yaradılması, həmin komitəyə Azərbaycan dili üçün latın qrafikalı əlifba tərtibinin tapşırılması, yeni qrafikaya keçilməsi yolunda atılmış ilk ciddi addım oldu. 1923-cü ildən etibarən latın əsaslı əlifbaya keçmə prosesi sürətləndirildi. 1926-cı ildə keçirilmiş Birinci Ümumittifaq Türkoloji qurultayın tövsiyələrinə cavab olaraq 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edildi". Fərmanda Azərbaycan dilinin tarixi və qədimliyi barədə mükəmməl təsəvvür yaradılmışdır.

Ulu öndər "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" verdiyi fərmanda Azərbaycan Respublikasının onillik inkişaf təcrübəsi ilə bağlı qeyd edilmişdir ki, ana dilimizin öyrənilməsi və tətbiqi sahəsində də hələ görüləsi işlər çoxdur. Ölkəmizin orta və ali məktəblərində Azərbaycan dilinin müasir dünya standartlarına, milli-mədəni inkişaf tariximizin tələblərinə cavab verən tədris işinin təkmilləşdirilməsinə ehtiyac vardır. Bir çox kütləvi informasiya vasitələrində, rəsmi yazışmalarda, kargüzarlıq və sair sahələrdə Azərbaycan ədəbi dilinin normalarına lazımınca əməl edilmir. Azərbaycan dilinin reklam işində istifadə edilməsində ciddi qüsurlar müşahidə edilir. Əcnəbi dilli lövhələr gənc nəslin azərbaycançılıq ruhunda tərbiyəsinə mənfi psixoloji təsir göstərir. Ölkə ərazisində yayımlanan televiziya kanallarının əksəriyyəti xarici dillərdə fəaliyyət göstərir.

Bu fərman dilimizin inkişafı və tətbiqi sahəsində meydana çıxan problemlərin həllində mühüm rol oynadı. Ulu öndər Azərbaycan dilinin, onun tarixinin, ədəbiyyat və mədəniyyətinin yeni azərbaycançılıq məfkurəsi ilə dərkinin metodologiya və strategiyasını formalaşdırdı. Latın qrafikalı əlifbaya keçmək ideyası müstəqilliyin qorunmasında yeni bir mərhələ oldu. 18 iyun 2001-ci il tarixli Fərmanda yazılır: "Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Müstəqil dövlətimizin rəsmi dili statusunu almış Azərbaycan dilinin geniş tətbiq edilməsi və sərbəst inkişafı üçün münbit zəmin yaranmışdır. Azərbaycan Prezidenti Azərbaycan dilinin inkişafında, dil quruculuğu məsələlərində əlifbanın qəbul edilməsini yüksək tərəqqi kimi dəyərləndirmişdir. Xüsusən, faktlara əsaslanaraq Azərbaycan dilinin mənşəyi, tarixi yaşayış məskənləri ilə bağlı yanlış konsepsiyaya son qoyulmuşdur. Fərmanda Azərbaycan dilinin dövlət dili kimi yaşaması, inkişaf etdirilməsi üçün həm hüquqi-siyasi, həm də elmi-nəzəri istiqamətlər müəyyənləşdirilmişdir. Fərmanda Azərbaycan dilinin tarixi inkişaf yolları, habelə müstəqil dövlətçilik atributu kimi rolu və funksiyası göstərilmiş, on il ərzində tətbiqi vəziyyəti hərtərəfli nəzərdən keçirilmişdir. Eyni zamanda, problem və nöqsanlar müəyyənləşdirilərək onların aradan qaldırılması barədə müvafiq tapşırıqlar verilmişdir. Fərmanın 7-ci maddəsində qeyd edilir ki, respublikanın şəhər və rayon icra hakimiyyəti başçılarına tapşırılsın ki; yerlərdə istifadə olunan lövhə, reklam tabloları, şüarlar, plakatlar və digər əyani vasitələrin Azərbaycan ədəbi dilinin qaydalarına uyğunlaşdırılması baxımından tədbirlər görsünlər və bu tapşırığın yerinə yetirilməsi haqqında 2001-ci il avqustun 1-nə qədər Azərbaycan Respublikasının Prezidentinə arayış versinlər; yerlərdə Azərbaycan dilinin və latın qrafikasının tətbiqi işinə nəzarəti gücləndirsinlər və bu işin gedişi barədə 2001-ci il avqustun 1-nə qədər Azərbaycan Respublikasının Prezidentinə məlumat versinlər.

 Fərmanda Azərbaycan Respublikasının dövlət dilinin tətbiq və inkişaf etdirilməsinın perspektivləri müəyyənləşdirilmişdir. Fərmanın 9-cu maddəsinin birinci bəndində yazılır: - "Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, ölkədə Azərbaycan dilində çap olunan qəzet, jurnal, bülleten, kitab və digər çap məhsullarının istehsalının 2001-ci il avqustun birinə qədər bütünlükdə latın qrafikasına keçməsini təmin etsin".

2001-ci il avqustun 1-dən Azərbaycanda bütün media və kütləvi nəşrlərin latın qrafikalı əlifbaya keçməsi rəsmiləşdirildi, latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırıldı. Latın qrafikalı əlifbaya keçmək müddətinin konkret olaraq göstərilməsi yeganə düzgün yol idi. Bununla da latın qrafikalı əlifba rəsmi olaraq qəbul edilmiş və yeni latın qrafikalı əlifbaya keçid ilk dəfə ölkəmizdə reallaşmışdır. İlk dövrlərdə rəsmi sənədlərdə paralel olaraq həm latın, həm də kiril qrafikalı əlifbadan istifadə olunmuş və tədricən latın qrafikalı əlifbaya keçilmişdir.

Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi haqqının bərpa olunması istiqamətində atılmış vacib addımlardan biri kimi Azərbaycan dilinin tarixi inkişaf yolları, habelə müstəqil dövlətçilik atributu kimi rolu və funksiyası göstərilmiş, əvvəlki on il ərzində tətbiqi vəziyyəti hərtərəfli nəzərdən keçirilmişdir. Eyni zamanda problem və nöqsanlar müəyyənləşdirilərək onların aradan qaldırılması barədə müvafiq tapşırıqlar verilmişdir. Qeyd olunur ki, müstəqilliyimizin bərpasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açmış və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etmişdir. Bu amil isə dil haqqında müvafiq qanunun, eləcə də digər normativ aktların qəbul olunmasını sürətləndirmişdir.

Yeni əlifba layihəsinin hazırlanması və Azərbaycan dili haqqında qanun layihəsinin tərtib olunması işi ilə yanaşı, latın qrafikalı yeni əlifbaya keçidin, Azərbaycan dilinin daha fəal işlədilməsinin, habelə onun ictimai və başqa funksiyalarının genişləndirilməsinin təmin edilməsi istiqamətində mühüm işlər görülmüşdür. 18 iyun 2001-ci il tarixli "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Fərmanında digər məsələlərlə yanaşı, Azərbaycan dilçiliyinin inkişafında durğunluğun müşahidə olunması, mövcud qüsurların aradan qaldırmaq üçün mühüm tədbirlər həyata keçirilməsi nəzərdə tutulur. Eyni zamanda Fərmanda latın qrafikalı əlifbaya keçid prosesinin başa çatdırılması haqqında göstəriş verilmiş və Azərbaycan Prezidenti əlifbanın tətbiqi işində tarixilik prinsipini və reallığı əsas götürmüşdür. Beynəlxalq aləmə daha yaxın olan latın qrafikalı əlifbanın keçid prosesinin sürətləndirilməsində, qəbul edilmiş əlifbanın tətbiqi problemlərinin həllində verilən Fərmanın mühüm rolu olmuşdur. Verilən fərmanda on ilə yaxın bir müddətdə latın qrafikalı Azərbaycan əlifbasına keçid ölkəmizdə 2001-ci il avqust ayından bütövlükdə təmin edilmişdir. Yeni əlifbadan istifadənin müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında, yazı mədəniyyətinin tarixində mühüm hadisə olduğu nəzərdə tutularaq hər il avqust ayının 1-nin Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilməsi Prezident tərəfindən verilmiş fərmanda qərara alınmışdır. Bu fərmanın tarixiliyi ondadır ki, Azərbaycan Respublikasının bütün dövlət-icra orqanlarını hərəkətə gətirdi, on illik tərəddüdlərdən sonra qəti olaraq latın əlifbasına keçid milli dövlətin siyasi-ideoloji tələbləri baxımından yenidən inkişafına təkan verdi. 2001-ci il avqustun 9-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən "Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" Fərman imzalandı. Bu fərman ana dilinin tətbiqi işinin daha mükəmməl səviyyədə həyata keçirilməsinə stimul verdi. Həmin fərmanda yazılır: "On ilə yaxın bir müddətdə latın qrafikası Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci il avqust ayında bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycan Respublikasının ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq qərara alıram: Hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilsin". Məhz dilin yaşamasında əsas amil olan əlifbaya dövlət səviyyəsində belə yanaşmanın nəticəsidir ki, "Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında" 9 avqust 2001-ci il tarixli prezident fərmanı ilə xalqımızın əlamətdar bayramları sırasına biri də əlavə olunmuşdur. Həmin fərmana əsasən hər il avqust ayının 1-i respublikamızda Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi geniş qeyd olunur.

Fərman dilimizin tətbiqi işinə stimul vermiş, yaddaşımıza və milli-mənəvi dəyərlərimizə, ədəbi-mədəni irsimizə ehtiramı rəsmiləşdirmişdir. Beynəlxalq aləmə daha yaxın olan yeni latın qrafikasının qəbulu milli dəyərlərimizin daha geniş dairədə tanınmasına şərait yaratdı. Azərbaycan əlifbasına keçidi sürətləndirdi və bundan sonra respublikada bütün yazılı sənədləşmələr heç bir istisnaya yol verilmədən bu qrafika ilə aparıldı. Sonrakı proseslər Azərbaycan xalqının bu əlifba dəyişikliyinə psixoloji və intellektual cəhətdən hazır olduğunu təsdiqləməklə yanaşı, ümummilli lider Heydər Əliyevin milli mənafelərə tam cavab verən müdrik qərar qəbul etdiyini göstərdi. Zamanında qəbul edilmiş bu qərarda Heydər Əliyevin qətiyyəti, siyasi iradəsi və prinsipiallığı nəticəsində respublikamız həmin tarixdən etibarən tam şəkildə yeni əlifbaya - latın qrafikalı Azərbaycan əlifbasına keçidi təmin etdi. Dillə bağlı dövlət siyasətinin mühüm mərhələsi latın qrafikalı Azərbaycan əlifbasına keçidlə səciyyələndi. "Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün qeyd edilməsi haqqında" prezident Fərmanı dilimizin tətbiqi işinə stimul vermiş, yaddaşımıza və milli-mənəvi dəyərlərimizə, ədəbi-mədəni irsimizə ehtiramı rəsmiləşdirmişdir.

Fərmanda qoyulan poblemlərin həlli üçün 2002-ci il sentyabrın 30-da "Azərbaycan Respublikasında dövlət dili haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildi. Zamanında qəbul edilmiş bu qərarda Heydər Əliyevin qətiyyəti, siyasi iradəsi və prinsipiallığı nəticəsində respublikamız həmin tarixdən etibarən tam şəkildə yeni əlifbaya - latın qrafikalı Azərbaycan əlifbasına keçdi. Dillə bağlı dövlət siyasətinin mühüm mərhələsi latın qrafikalı Azərbaycan əlifbasına keçidlə səciyyələndi. Bu fərmanda irəli sürülmüş ideyalar içərisində Azərbaycan dilinin bir dövlət dili olaraq qorunması, inkişaf etdirilməsinin əsas konturları müəyyənləşdirildi. Müstəqillik illərində bütün sahələrdə olduğu kimi, dil sahəsində də məqsədyönlü siyasətin tarixi nəticəsi olaraq Azərbaycan dilinin dövlət dili səviyyəsində geniş istifadə edilməsi və latın qrafikası əsasında yaradılmış müasir əlifbamızın tam tətbiqinin təmin edilməsinə nail olunmuş, onun digər dillər arasında yaşaması və daha da təkmilləşməsi istiqamətində konseptual ideyalar irəli sürülmüşdür.

Sayalı SADIQOVA,

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Terminologiya

Komissiyasının sədr müavini, professor.