Himayədarının üzünə ağa olan Ermənistanın
Digər xəbərlər

Himayədarının üzünə ağa olan Ermənistanın

Ermənistanın paytaxtı İrəvanda "Hayastani" partiyasının təşkilatçılığı ilə etiraz aksiyası keçirilmişdir.

Aksiyada ən diqqətçəkən məqamlardan biri ermənilərin "Rus-Turk-Azeri-Hayastani tışnami", yəni ruslar, türklər azərbaycanlılar ermənilərin düşmənləridirlər kimi şüarların səsləndirilməsidir. Ermənilərin sevə-sevə belə çağırışlar etməsi Hayastanın ikiüzlü xislətindən xəbər verir. Əslində, Ermənistan tərəfindən Türkiyəyə Azərbaycana qarşı belə şüarların səsləndirilməsi o qədər təəccüblü məsələ deyil. Çünki qərb "qonşumuz" əzəldən bizim torpaqlarımıza göz dikmiş, açıq şəkildə işğalçılıq siyasəti yeritmişdir. Buradakı düşündürücü məqam rəsmi İrəvanın həddini aşaraq Moskvaya qarşı gəlməsi şüarlarda Rusiyanın adını da vurğulamasıdır. Maraqlıdır ki, bu, artıq Ermənistandakı anti-Rusiya siyasətini açıq-aşkar bəlli edir. Bəs belə hədsiz hərəkətlərə Rusiya tərəfi necə cavab verəcək? Ya da ümumiyyətlə, cavab verəcəkmi? Əgər Rusiya bu məsələyə göz yumsa, bütün deyilənləri gözardı edərək şüarlarla razılaşmış olacaq. Axı, hələ vaxtikən Ermənistanı tamamilə dağılmaqdan xilas edənin məhz Rusiya olduğu da məlumdur. Bunun müqabilində hayların nifrət dolu şüarlarla gündəmə gəlməsi düşmənin bir daha nankorluğunu təsdiqləmişdir.

Danılmaz faktdır ki, bu gün Rusiya olmasa, Ermənistan da mövcud olmayacaqdır. Bəs, əvvəllər Rusiyanın arxasında gizlənən yarımağıllı ermənilər niyə bu gün onlara qarşı belə qəti mövqedən çıxış edir. Görünür, onlar dost kimi dostdurlar, düşmən kimi düşmən. Məsələdə daha bir diqqətçəkən məqam türk azərbaycanlıların adının məhz ruslardan sonra verilməsi idi. Bununla rəsmi İrəvan nəyi bəyan etmək istəyir? Belə nəticəyə gəlmək olar ki, Ermənistan artıq Rusiyanı da özünə düşmən kimi qəbul edir. Şübhəsiz, onların hansı məqsədi güddüyü məlumdur.

Haylar belə qərəzli siyasət yeritməklə özlərini Qərb tərəfə yıxmağa çalışırlar. Əslində, ipə-sapa yatmayan Ermənistanın bu addımı bir növ onun siyasi cəhətdən zəifliyindən xəbər verir. Çünki Paşinyanın uğursuz siyasəti nəticəsində ölkə digər dövlətlərin əlində oyuncağa çevrilib. Bəs Qərb sonacan İrəvana arxa duracaqmı? Məsələdə bir sıra mürəkkəb nüanslar var. Axı, Ermənistan real olaraq suveren dövlət hesab olunmur. İrəvandakı aksiyanın kulminasiya nöqtəsi isə Ermənistan polisinin aksiya iştirakçılarına heç bir təzyiq göstərməməsi, ümumiyyətlə, əhəmiyyət verməməsidir. Əgər Paşinyanın rəhbərlik etdiyi hökumət bir vaxtlar "qardaş" dediyi Rusiyanı bu gün düşmən kimi qəbul etdiyi faktını danmırsa, ya etiraz aksiyanın qarşısı alınar, ya da Paşinyan bununla bağlı ictimaiyyətə açıqlama verərdi. Sadalanan nüansların heç biri müşahidə olunmadığına görə, demək olar ki, Paşinyan həm Rusiyanın arxasından çevirir, həm onunla əlaqələri davam etdirir. Şübhəsiz, bütün bunlar Ermənistan üçün çox pis nəticələnəcək. Üstəlik, Rusiyanın  Paşinyan hakimiyyətini bağışlaya biləcəyi elə real görünmür. Çox güman, gələcəkdə Rusiya Ermənistana yerini bildirəcək, onu ciddi şəkildə cəzalandıracaqdır.

Nəzrin ELDARQIZI,

"Respublika".